Vüqar Mustafayev Pakistanda hərbi təlimi izləyib
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasında səfərdədir.
Bu barədə Crossmedia.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Pakistanın Hərbi-Sənaye Kompleksinə daxil olan "Frontier Works Organization", "HIT-Taxila", "Global Industrial & Defense Solutions" müəssisələrini ziyarət edib. Ona müəssisələrin fəaliyyət istiqamətləri, mövcud imkanları və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib.
Nazir V.Mustafayev səfər zamanı, həmçinin Pakistan Silahlı Qüvvələrinin keçirdiyi "Atəş və Manevr" adlı hərbi təlimi izləyib. Təlimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseyn, Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, feldmarşal Asim Munir və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.
Səfər Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
10:59 17.11.2025
Oxunuş sayı: 1440