Deputat səfirliyimizin vurulmasından danışdı: “Bəhanələr səsləndiriləcək...”
Rusiyanın Ukraynaya endirdiyi son raket zərbələri bölgədəki təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Hücumun ən ağır nəticələrindən biri isə Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinin zədələnməsi olub. Partlayış dalğası nəticəsində səfirliyin hasarının bir hissəsi tamamilə dağılıb, xidmət avtomobilləri, konstruksiyalar və inzibati binalar xəsarət alıb, o cümlədən diplomatik nümayəndəliyin konsulluq şöbəsinə ciddi ziyan dəyib.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a məsələ ilə bağlı fikirlərini bölüşüb: “Noyabrın 14-də Ukraynanın paytaxtı Kiyevdə yerləşən Azərbaycan səfirliyi növbəti dəfə Rusiya hücumunun hədəfinə çevrilib. İlkin məlumatlara görə, şəhərə raket hücumu zamanı “İsgəndər” tipli raketlərdən biri səfirliyimizin ərazisinə düşüb. Partlayış nəticəsində diplomatik nümayəndəliyin hasarı dağılıb, inzibati bina, konsulluq şöbəsi və xidməti avtomobillər ciddi zərər alıb. Hadisə zamanı insan tələfatının olmaması sevindirici haldır, lakin bir sıra suallar hələ də açıq qalır".
Deputat qeyd edib ki, hadisədən dərhal sonra Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi nota təqdim edilib: "Diplomatik nümayəndəliyin vurulması beynəlxalq hüquqa ziddir və bu məsələdə Rusiya tərəfinin məsuliyyət daşıdığı şübhəsizdir. Hadisə ilə bağlı rəsmi izahat veriləcəyi gözlənilir Təbii ki, dəymiş ziyana görə kompensasiya ayrılması məsələsi gündəmdədir. Lakin müharibə şəraitində bunun gerçəkləşəcəyini düşünmək bir qədər sadəlövhlük olar. Çox güman ki, hücumun başqa hədəfə yönəldiyi, səfirliyin qəlpələr nəticəsində zərər gördüyü kimi bəhanələr səsləndiriləcək. Amma müharibə şəraitində belə diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün əlavə ehtiyat tədbirlərinin görülməsi vacib idi. Bu hadisə bir daha göstərdi ki, diplomatik missiyaların mühafizəsi hər zaman prioritet olmalıdır".
Ayhan
20:58 15.11.2025
Oxunuş sayı: 3500