Axıska türklərinin deportasiyasından 81 il ötür
14 noyabr 1944-cü il Axıska türklərinin tarixində ən faciəli günlərdən biri kimi xatırlanır. Həmin gün 92 307 nəfər, o cümlədən 28 732 uşaq Gürcüstandan Orta Asiyaya zorla deportasiya edilib. Müxtəlif mənbələrdə ümumi deportasiya olunanların sayı 86 min ilə 115,5 min arasında göstərilir.
Bu barədə Crossmedia.az xəbər verir.
Bir aydan çox davam edən deportasiya ağır şəraitdə həyata keçirilib. İnsanlar soyuq yük vaqonlarında doğma yurdlarını, evlərini və əmlaklarını qoyub aparılıblar. Yolboyu aclıq, soyuq və xəstəliklərdən təxminən 17 min Axıska türkü həlak olub.
Bu gün deportasiya olunmuşların nəvə-nəticələrinin sayı 700 minə yaxınlaşır və onlar dünyanın müxtəlif ölkələrində yaşayırlar. Ən böyük icmalar Qazaxıstan, Türkiyə, Azərbaycan və Rusiyada formalaşıb.
O dövrün ağır şəraitinə baxmayaraq, Qazaxıstan, Özbəkistan və Qırğızıstan xalqları Ahıska türklərinə ilk yardım edənlər olub. Onlar özləri də müharibədən sonrakı çətinliklər içində yaşamalarına baxmayaraq, gələnlərə çörək, sığınacaq, su və bir parça istilik veriblər.
Bu insanlıq və qardaşlıq dəstəyi Axıska türklərinin yaddaşında silinməz iz qoyub və nəsildən-nəslə həqiqi insanlığın nümunəsi kimi ötürülür.
Günel Verdiyeva
11:24 15.11.2025
Oxunuş sayı: 1299