Zahid Cəfərov: Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır
Departasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar.
Crossmedia.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-dakı çıxışı onlar üçün bir fəaliyyət istiqaməti olub:
"Həmin çıxış göstərdi ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin və bizim qarşımızda prioritet istiqamətlərdən biridir. Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır. Ermənilərin Azərbaycanlılara qarşı soyqırımı tarixdə geniş vüsət alıb. Departasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar. Ona görə də bu departasiya soyqırımı adlandırılmalıdır, çünki həmin hadisədə bütün məsələ etnik təmizləməyə yönəlmişdi".
Müsahibin sözlərinə görə, burada diqqət yetirilməli məqamlardan biri də milli təmizləmə məsələsidir:
"Biz Qərbi Azərbaycanda yaşayan kiçik etnik qruplar deyildik, milli kimliyi bəlli olan həmin ərazinin sakinləri idik. Ermənilərin soyqırımı fiziki məhvetmə ilə yanaşı, mənəvi məhvetməni də özündə ehtiva edirdi. Milli kimliyi məhv etmək fiziki məhvdən daha təhlükəlidir. Azərbaycan mədəni irsinə aid abidələrin məhv edilməsi mədəni soyqırımından başqa bir şey deyildi. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyada əks olunan büten cinayətləri ermənilər azərbaycanlılara qarşı törədib".
11:23 15.11.2025
Oxunuş sayı: 1672