Kibertəhlükəsizlik artıq virtual məsələ olmaqdan çıxıb, fiziki təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib - Deputat
XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı dövlətlərin təhlükəsizlik strategiyalarında yeni çağırışlar yaradıb. Onlardan ən önəmlisi kibertəhlükəsizlikdir. Kiberhücumlar yalnız virtual məkanla məhdudlaşmır, dövlətlərin fiziki və iqtisadi təhlükəsizliyinə də ciddi təsir göstərir. Bu il Azərbaycan belə hücumlarla üzləşib və vaxtında tədbirlər görüb. Prezident İlham Əliyev bildirib ki, kibertəhlükəsizlik yalnız texnoloji müdafiə deyil, həm də ölkənin suverenliyi və təhlükəsizliyinin qorunmasının vacib komponentidir. Eyni zamanda, Azərbaycana qarşı kiberhücumlar təşkil edən tərəflər cəzasız qalmamalıdır.
Mövzuyla bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Prezidentin son çıxışlarında vurğuladığı kibertəhlükəsizlik məsələsi müasir dünyada milli təhlükəsizliyin ən aktual aspektlərindən birinə çevrilib: “Kibertəhlükəsizlik artıq virtual məsələ olmaqdan çıxıb, fiziki təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu, rəqəmsal transformasiyanın sürətlə dərinləşdiyi Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir”.
O qeyd edib ki, kritik infrastruktur obyektləri, enerji şəbəkələri, maliyyə sistemləri, nəqliyyat və dövlət idarəetmə mexanizmləri getdikcə daha çox kiberməkana bağlıdır. Bu isə yeni tip təhdidlər yaradır – kiberhücumlar yalnız məlumat oğurluğu ilə məhdudlaşmır, həm də fiziki infrastrukturun iflic olmasına, iqtisadi itkilərə və hətta insan tələfatına səbəb ola bilir.
Deputat bildirib ki, Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib. ASAN xidmət mərkəzlərinin yaradılması, elektron hökumət sistemlərinin genişləndirilməsi və dövlət qurumlarının rəqəmsallaşdırılması bu istiqamətdə atılan konkret addımlardır. Regional kontekstdə Azərbaycan kibertəhlükəsizlik sahəsində nisbətən irəli mövqedədir və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Naqif Həmzəyev vurğulayıb ki, hələ də bir sıra problemlər qalır: “Vahid milli kibertəhlükəsizlik strategiyasının tam formalaşmaması və dövlət qurumları arasında koordinasiyanın zəifliyi ciddi məsələdir. Hər qurum öz təhlükəsizlik sistemini ayrıca qurur, lakin mərkəzləşdirilmiş monitorinq və cavab mexanizmləri kifayət qədər inkişaf etməyib”.
Onun sözlərinə görə, sahədə ən böyük çətinlik kadr problemidir. Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış mütəxəssislərin sayı artan tələbatı ödəyə bilmir, universitetlərdə keyfiyyətli hazırlıq proqramları məhduddur. Beynəlxalq sertifikata malik mütəxəssislərin sayı isə çox azdır.
Eyni zamanda, özəl sektor və kritik infrastruktur obyektlərinin kibertəhlükəsizlik səviyyəsi də narahatlıq doğurur. “Bir çox şirkət bu məsələyə lazımi ciddilikdə yanaşmır, proaktiv mühafizə sistemləri əvəzinə reaktiv yanaşma üstünlük təşkil edir”, – Həmzəyev əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində kompleks qanunvericilik bazasının yaradılması prioritet olmalıdır. Vahid Kibertəhlükəsizlik Mərkəzinin (CERT) səlahiyyətlərinin genişləndirilməsi, kritik infrastruktur obyektləri üçün məcburi standartların müəyyənləşdirilməsi və tətbiqi vacibdir. Operativ cavab mexanizmlərinin sistemləşdirilməsi, təcili hallar üçün protokolların hazırlanması və müntəzəm təlimlərin keçirilməsi də əhəmiyyətlidir.
Kadr hazırlığının gücləndirilməsi, universitetlərdə ixtisaslaşmaların artırılması, müasir tədris proqramlarının hazırlanması və beynəlxalq sertifikatlaşdırmanın genişləndirilməsi sahənin inkişafına töhfə verəcək. Orta məktəblərdə kibertəhlükəsizlik maarifləndirməsinin aparılması isə uzunmüddətli perspektiv üçün vacibdir.
Naqif Həmzəyev vurğulayıb ki, müasir kibertəhlükələrə qarşı mübarizə yüksək texnologiyalar tələb edir. Proaktiv monitorinq sistemlərinin qurulması, süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanan təhlükə aşkarlama platformalarının tətbiqi kibertəhlükəsizlik sistemlərinin effektivliyini artıracaq.
Deputatın fikrincə, kibertəhlükələr transsərhəd xarakter daşıdığından beynəlxalq əməkdaşlıq zəruridir. Azərbaycan regional kibertəhlükəsizlik alyanslarına qoşulmalı, beynəlxalq təcrübəni öyrənməli və tətbiq etməli, qarşılıqlı məlumat mübadiləsi və birgə təlimləri inkişaf etdirməlidir.
“Kibertəhlükəsizlik yalnız dövlət məsələsi deyil. Özəl sektorun, ictimaiyyətin və vətəndaşların fəal iştirakı olmadan uzunmüddətli uğur mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kibertəhlükəsizlik artıq virtual məsələ olmaqdan çıxıb, fiziki təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib”, – deputat yekunlaşdırıb.
Mehriban Yariyeva
20:37 04.11.2025
Oxunuş sayı: 1447