Azərbaycan cüdoçuları Açıq Asiya Turnirini 10 medalla başa vurublar

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya Turnirini 10 medalla başa vurublar.
Bu barədə Crossmedia.az-a federasiyadan məlumat verilib.
Son yarış günündə milli komandamızın daha 4 üzvü fəxri kürsüyə qalxıb.
Qadınlar arasında 70 kq çəki dərəcəsinin finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medalı boynundan asıb.
78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb. Kişilərin mübarizəsində Elmar Qasımov (-100 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, ötən gün Tofiq Məmmədov (60 kq), Gültac Məmmədəliyeva (52 kq) qızıl, Hüseyn Allahyarov (60 kq), Ülviyyə Bayramova (57 kq) gümüş, Elşən Əsədov (66 kq) və İbrahim Əliyev (73 kq) bürünc medalla yadda qalıblar.
Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.
20:52 12.10.2025
Oxunuş sayı: 1048