İlqar Musayev: Kibertəhlükəsizlik artıq iqtisadi sabitliyin və dayanıqlı inkişafın dayaqlarından birinə çevrilib

"Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC 2025) regional səviyyədə kibermüdafiə üzrə bilik, təcrübə və innovasiyanın paylaşım platformasına çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev "CIDC2025" tədbiri çərçivəsində təşkil olunmuş konfransın bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, müzakirələr, çıxışlar bir daha göstərib ki, kibertəhlükəsizlik artıq milli təhlükəsizliyin, iqtisadi sabitliyin və dayanıqlı inkişafın əsas dayaqlarından birinə çevrilib: "Biz bu gün "CIDC 2025" – Critical İnfrastructure Defense Challlenge kiberfestivalını uğurla yekunlaşdırdıq. İki gün ərzində keçirilən panel müzakirələr, təqdimatlar, təlimlər və "Ağıllı şəhərlərdə kibermüharibə" yarışı uğurla başa çatıb".
O qeyd edib ki, builki konfransın mövzusu "Ağıllı şəhərlərdə kibermüharibə" olub: "Bununla "Ağıllı şəhər"lərin inkişafı ilə yanaşı, onların kibermüdafiəsi məsələsinin nə qədər əhəmiyyətli olduğuna diqqət yönəltməyə çalışılıb: "Müzakirələr sübut etdi ki, Azərbaycan kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq və təcrübə paylaşımında fəal rol oynayır və bu istiqamətdə ardıcıl addımlar atır".
17:55 10.10.2025
Oxunuş sayı: 758