BMTM sədri: Düşənbə görüşünün yekunlarını müsbət qiymətləndirmək olar

“Ümumilikdə, oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüşün nəticələrini müsbət qiymətləndirmək olar. Artıq demək olar ki, Rusiya tərəfi AZAL təyyarəsinə hücumun məhz onların silahlı qüvvələri tərəfindən törədildiyini etiraf edib”.
Bu fikirləri Düşənbə görüşünün nəticələrinə dair Crossmedia.az-a verdiyi açıqlamada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə
Heyətinin sədri, səfir Fərid Şəfiyev səsləndirib.
Onun sözlərinə görə, Rusiya tərəfi müəyyən texniki
səbəbləri əsas göstərməyə çalışsa da, ümumilikdə qəzanın Rusiya Hava Hücumundan
Müdafiə Qüvvələrinin müdaxiləsi nəticəsində baş verdiyi etiraf olunub:
“Bu baxımdan, Azərbaycanın irəli sürdüyü tələblər
qismən qəbul olunub. Hadisənin hüquqi qiymətləndirilməsi və yekun həlli ehtimal
ki, dekabr ayında, yəni istintaq prosesi başa çatdıqdan sonra mümkün olacaq.
Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarına istinad etsək, kompensasiya
ödənilməsi və digər müvafiq addımların atılması gözlənilir. Yəni bunların
dekabrda baş verəcəyini ehtimal etmək mümkündür”.
Azərbaycan-Rusiya münasibətlərindəki cari vəziyyəti
şərh edən F. Şəfiyev qeyd edib ki, bir sıra həll olunmamış məsələlər
qalmaqdadır:
“Bəzi məsələlərin qismən həllini proqnozlaşdırmaq
olar. Lakin digər məsələlərin yaxın perspektivdə çözülüb-çözülməyəcəyi hələ də
qeyri-müəyyən olaraq qalır. Məsələn, Rusiyanın Azərbaycandakı informasiya
vasitələrindən biri olan “Sputnik” və digər oxşar qurumların fəaliyyətinin
bərpası real görünmür. Azərbaycan ümumilikdə xarici informasiya təsirlərinə və
daxili işlərə müdaxiləyə qarşı neytral və etinasız mövqe sərgiləmir. Bu yanaşma
yalnız Rusiya ilə məhdudlaşmasa da, son bir il ərzində iki ölkə arasındakı münasibətlərdə
müşahidə olunan gərginlik fonunda Rusiya amili xüsusi əhəmiyyət kəsb edir”.
BMTM sədri, həmçinin Rusiya hüquq-mühafizə
orqanları tərəfindən Azərbaycan diaspor nümayəndələrinə qarşı həyata keçirilən
əməliyyatlara da toxunub:
“Rusiya daxilində bəzi proseslər baş verir.
Məsələn, görürük ki, etnik diasporlara qarşı müəyyən addımlar atılır.
Azərbaycan diasporuna qarşı isə daha sərt tədbirlər müşahidə olunub.
Yekaterinburq hadisələri və digər bu kimi məsələlər buna nümunədir. Bu
məsələlərin yaxın zamanlarda həllini tapacağını gözləmək çətindir. Düşənbə
görüşündə də bu barədə hər hansı konkret açıqlama verilməyib. Ola bilsin ki,
məhz Yekaterinburq hadisələri ilə bağlı müəyyən hüquqi qiymətləndirmələr
veriləcək. Hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam etdirilir. Ümumilikdə
isə düşünmürəm ki, Rusiyanın etnik diasporlara dair siyasəti dəyişəcək. Təkcə
Azərbaycan deyil, Mərkəzi Asiya ölkələrinin diasporları da oxşar
ayrı-seçkiliklə üzləşirlər. Bu vəziyyətin formalaşmasında bir sıra amillər, o
cümlədən Rusiyada millətçilik meyillərinin güclənməsi və Rusiya-Ukrayna
münaqişəsinin təsirləri rol oynayır. Ona görə də bu proseslər Azərbaycan
diasporuna da dolayısı ilə təsir göstərəcək.”
Fərid Şəfiyev, həmçinin əlavə edib ki, Düşənbə
görüşünün digər müsbət tərəfi olaraq perspektivdə iqtisadi sahədə
münasibətlərin normallaşması gözlənilir:
“Böyük ehtimalla iqtisadi sahədə müsbət dinamikanın müşahidə olunacağı gözlənilir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək. Bu çərçivədə nəqliyyat layihələri, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır və burada müsbət istiqamətdə irəliləyişlər gözlənilir”.
Kənan Novruzov
12:48 10.10.2025
Oxunuş sayı: 6697