Azərbaycan və Xorvatiya parlamentlərinin sədrləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, S.Qafarova Xorvatiya parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin bir sıra məqamlarla əlamətdar olduğunu söyləyib. O qeyd edib ki, bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Digər tərəfdən bu, son 11 ildə iki ölkə arasında parlament sədrləri səviyyəsində həyata keçirilən ilk səfər və görüşdür. Milli Məclisin sədri bu baxımdan Qordan Yandrokoviçin səfərinin ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.
Görüşdə iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlər arasında əməkdaşlığın da əhəmiyyəti vurğulanaraq, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərdiyi, nümayəndə heyətlərinin qarşılıqlı olaraq parlamentlərimizin təşkil etdiyi tədbirlərdə, bir sıra beynəlxalq parlament təşkilatlarının işində birgə iştirak etdikləri qeyd olunub. Sahibə Qafarova parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar olduğunu bildirərək, Qordan Yandrokoviçin səfərinin də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq etdiyini söyləyib. O, görüş zamanı parlamentlər arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparıldığını bildirib.
Xorvatiya ilə Azərbaycanın intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib strateji tərəfdaş və dost ölkələr olduğunu bildirən Qordan Yandrokoviç deyib ki, ölkəsi Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır.
O qeyd edib ki, Xorvatiya Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi istiqamətində indiyədək əldə olunmuş irəliləyişi qətiyyətlə dəstəkləyir.
Xorvatiya parlamentinin sədri qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirmək istədiklərini qeyd edərək, bu səfəri Xorvatiya parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar atmağa hazır olmasının təsdiqi kimi dəyərləndirib. Parlament sədri bu istiqamətdə atıla biləcək addımlar barədə fikirlərini ifadə edib.
19:01 08.10.2025
Oxunuş sayı: 892