XI Beynəlxalq Kitab sərgisində keçən bir neçə saat - Reportaj






Oxuyan, düşünən və birləşən Azərbaycanın aynası
Bakı Ekspo Mərkəzinin içərisində tamam başqa bir hava vardı — kitab qoxusu, gülüş səsləri və minlərlə oxucunun enerjisi. Burada, hər payızda olduğu kimi, ən böyük kitab bayramı — 11-ci Beynəlxalq Kitab Sərgisi keçirilirdi.
Bu xəbəri eşidər - eşitməz ilk fürsətdə yollandım oraya. Qapıya yaxınlaşdıqca içəridən gələn səslər bir-birinə qarışırdı: danışıqlar, musiqi, gülüş və vərəqlərin xışıltısı. Elə bil, bir səhnəyə daxil olurdun — burada baş rolda söz idi.
İlk təəssürat – sözün səsi və qoxusu
Qapıdan içəri daxil olanda hiss etdiyim ilk şey kitab qoxusu ilə insan səsinin qəribə harmoniyası idi. Minlərlə insan — tələbələr, müəllimlər, uşaqlar, yazıçılar, jurnalistlər və sadəcə oxumağı sevənlər bir məqsədlə toplaşmışdı: sözlə görüşmək üçün.
Əl işləri və sənət nümunələrinin sərgiləndiyi stendlər zala rəng qatırdı. Ərəblərin hazırladığı mədəniyyət tamaşası isə izdihamı özünə cəlb etmişdi. Hər kəs maraqla baxır, telefonlarını qaldırıb bu anı lentə alırdı. Fərqli mədəniyyət insanlara maraqlı gəlirdi.
İçəri girdim. Məni ilk qarşılayan Kəramət Böyükçölün pavilyonu idi. Kəramət Böyükçölün pavilyonunun qarşısında böyük növbə vardı. O, oxucularla söhbət edir, şəkil çəkdirir, kitablarını imzalayırdı. Oun əsərləri ilə çox tanış olmadığım üçün bu stend o qədər də marağımı çəkmədi. Əsas marağımı çəkən kitablar dedektiv janrda yazılan və tarixi romanlardır. Ona görə də gözüm sərgidə bu kateqoriyadan kitabları axtarırdı.
Dünyan mədəniyyətləri bir mərkəzdə
Sərginin salonları bir-birinə bağlanan uzun koridorlar idi. Hər addımda başqa bir mədəniyyət, başqa bir dünya açılırdı. Türkiyənin klassik ədəbiyyat stendi, Özbəkistanın milli naxışlarla bəzədilmiş kitab qabları, Pakistanın poeziya küncü, Rusiyanın ədəbiyyat sərgiləri, Gürcüstanın rəssamlı kitabları. Həmçinin müxtəlif yerli universitetlərin, qurumların kitabları da pavilyonlar arasında yer alırdı.
Özbək pavilyonunda bir neçə gənc qız əl işləri və miniatürlərlə maraqlanırdı. Onlardan biri həyəcanla dostuna dedi:
— “Bax, bu kitabı keçən il tapa bilməmişdim, burada gördüm!”
Dostu gülümsəyib cavab verdi:
— “Deməli, bu il gəlməyimizin mənası varmış.”
Belə kiçik dialoqlar sərgiyə həyat qatırdı. Hər kəsin üzündə sevinc, maraq, bəzən də uşaqlıq həyəcanı vardı.
Sözün tarixlə görüşü — “Mətbuatnamə: 150 illik xronika”
Bu ilki sərgidə xüsusi diqqət çəkən hadisə Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə hazırlanmış “Mətbuatnamə — 150 illik xronika” kitabının təqdimatı idi. Zalın bu hissəsində atmosfer bir qədər dəyişmişdi — jurnalistlər, media təmsilçiləri, yaşlı qələm adamları, tələbələr eyni həyəcanla toplanmışdı.
Təqdimatın aparıcısı səhnədən səsləndirdi:
“Bu kitab Azərbaycan mətbuatının 150 illik tarixini bir araya gətirir — ‘Əkinçi’dən ‘Yeni Müsavat’a, ‘Kaspi’dən ‘525-ci qəzet’e qədər. Bu, həm tarix, həm yaddaş, həm də gələcək üçün dərsdir.”
Kitabın müəllifi, tanınmış tədqiqatçı və jurnalist Akif Aşırlı oxucularla söhbətində dedi:
“Bu kitab sadəcə faktların toplusu deyil, həm də bir dövrün ruhudur. Əgər gələcək jurnalistlər bu ruhu daşıya bilsələr, mətbuatımız yaşayacaq.”
O, səmimiyyətlə gülümsəyərək hər gələnə kitab imzalayırdı. Bizə də bir nüsxə hədiyyə etdi. Üz qabığında köhnə qəzet tərzində başlıqlar, arxiv fotoları və illərin nəfəsi vardı. Vərəqləri çevirərkən içimdən keçən tək fikir bu idi:
“Söz dəyişir, amma ruh qalır.”
Sərgidə bir sıra ictimai xadimlər, tanınmış jurnalistlər də iştirak edir, kitab alırdılar. Professor Qulu Məhərrəmli, Mətbuat Şurasının sədri Rəşad Məcid, xeyriyyəçi Hacı Nuran pavilyonların yanında kitab seçən oxuculardan idi.
Kitab stendləri arasında gəzdikcə fərqinə vardım ki, sərgi təkcə kitab deyil, mədəniyyətlərin görüş yeridir. Azərbaycan xalçaları, miniatür heykəllər, Misirin papirus üzərində yazılmış qədim mətnləri, Avropa ölkələrinin müasir dizaynlı kitab qabları... Bütün bunlar bir mərkəzdə, bir payız günündə, bir məqsədlə toplanmışdı — düşünmək və paylaşmaq.
Bir uşaq atasına baxıb sevinclə dedi:
— “Ata, bunlar pulsuzdur, bax, iki dənə də mən götürüm?”
Atası gülümsəyib cavab verdi:
— “Onlar sənin yaşına uyğun deyil, gəl, uşaq ədəbiyyatı bölməsinə keçək.”
Bu sadə dialoq kitab sevgisinin necə erkən yaşda formalaşa biləcəyini göstərirdi.
...Axşam düşürdü, amma izdiham azalmırdı. Hamı məmnun görünürdü. İnsanların əlində çantalar, gözlərində isə oxumaq eşqi vardı. Hər kəs bir az kitab, bir az bilik, bir az da ruh aparırdı özü ilə.
Mərkəzdən çıxarkən içimdə bir hiss vardı: kitab hələ də insanları birləşdirən ən güclü körpüdür.
Bu sərgi təkcə bir tədbir deyildi — oxuyan, düşünən, dəyişən Azərbaycanın portreti idi.
Ayhan
17:26 06.10.2025
Oxunuş sayı: 3545