Tariximizə yazılan milli qürur günü
Tariximizə yazılan milli qürur günü
2020-ci ilin 27 sentyabrı
Anım günü, həm də 30 ildir gözlədiyimiz qələbəyə gedən yolun başlanğıc günü
oldu. 5 il öncə, hər birimizin qarışıq hisslər yaşadığı həmin gün hələ qarşıda
vətənimizi 44 şanlı savaş günü gözlədiyini bilmirdik...
2020-ci ilin 27 sentyabrından
8 noyabrına qədər olan hər bir gün müqəddəsdir – o günlərin hər biri özü ilə
yurdumuza qələbə, qürur, əzəmət gətirdi. Lakin Anım günü kimi məhz 27 sentyabr
gününün seçilməsi Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçiliyimizə və milli adət-ənənələrimizə
münasibətinin, hər bir şəhidimizə, qazimizə verilən dəyərin, ehtiramın təzahürüdür.
Çünki 27 sentyabr özü ilə vətənimizə qələbə gətirdiyi kimi, tariximizə minlərlə
şəhid, yaralı, qazi adı da yazdırdı. 44 gün ərzində Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət
göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız,
bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş
etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azəbaycan xalqının milli həmrəyliyi 44 günlük Vətən
müharibəsində şanlı qələbənin qazanılmasında xüsusi rol oynamışdır. Qarabağımız uğrunda ön cəbhədə döyüşən, canını qurban
verən igidlərimizlə yanaşı, arxa cəbədə də ürəyi Vətən, millət eşqi ilə döyünən
qəhrəmanlarımız var idi.
Onların içindəki Vətən
sevgisi, vətənə doğmalıq duyğusu bu insanlarv yalnız bir hissə kökləmişdi: əsgərə
yardım etmək lazımdır. Bu müddət ərzində Azərbaycan xalqı güclü iradəsini, əzmini,
birlik və bərabərliyini bütün dünyaya göstərmiş oldu.
Müzəffər
Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl
ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən
müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş,
yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi
qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan
torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin
qanı və canı bahasına azad olunmuşdur.
Vətən müharibəsi zamanı şəhid olmuş əsgər və zabitlərimiz
dövlətimiz tərəfindən müxtəlif medal və ordenlərlə təltif olunmuşdur. Onların
ailələrinə və yaxınlarına daima dövlətimiz diqqət və qayğı göstərilmişdir. Şəhidlərimizin
xatirəsi əbədiləşmişdir.
27 sentyabr hər birimiz üçün əzizdir. Qalib dövlətin və xalqın
övladı kimi hər birimiz fəxarət hissi keçirir, qürurlanır, eyni zamanda
sevinirik. Torpaqlarımız hər zaman düşməndən azad olsun Müzəffər Ordumuzla fəxr
edək. Torpaqlarımız uğrunda qan tökən, həlak olan oğullarımıza isə Allahdan rəhmət
diləyirik! Çünki şəhidlərimizin qanı
hesabına bu cür zəfər qazandıq, onların şücaəti ilə tariximizi yenilədik.
Canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Şəhidlərimizin xidmətini, dəyərini
və müqəddəsliyini unutmamışıq, unutmuruq və unutmayacağıq!
Fikrlərimi dəyərli qələm sahibi, şair Elşad Baratın “Salam könüllü əsgər”
şeri ilə tamamlamaq istəyirəm:
Salam, könüllü əsgər,
Könüllü şəhid, salam.
Bu şeiri sən danış,
Mən susuram, mən lalam.
Danış, bizə necədi,
Şəhidliyin zirvəsi,
Haqqın axan çayları,
Cənnətinin meyvəsi?
Necədi anan üçün,
Yuxu olmaq, səs olmaq?
Necədi vətən üçün,
Ölüb müqəddəs olmaq?
Özün de, doğmalara,
Uzaqdan baxmaq necə?
Səkkiz aylıq qızından,
Sarı darıxmaq necə?
Necə olur ananı,
Ağlayanda izləmək?
O yatanda başının,
Üzərində gözləmək?
Özün danış, özün de,
Vaxt ötür, gecə keçir.
Şəhidlər arasında,
Qələbə necə keçir?
Dayan, hara gedirsən?
....Yaxşı yol, gülə-gülə.
Hamıya salam denən,
Hamını təbrik elə.

Tünzalə Əlizadəqızı
filologiya üzrə fəlsəfə doktoru
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi"nin aparıcı elmi işçisi
09:01 27.09.2025
Oxunuş sayı: 7805