Tramp Marşrutu Cənubi Qafqazı heç vaxt olmadığı qədər inteqrasiya olunmuş edəcək — CPC prezidenti

Tramp Marşrutu (TRIPP) Cənubi Qafqaz
regionunu heç vaxt olmadığı qədər inteqrasiya olunmuş edəcək.
Trendə istinadən bildirilir ki, bunu Caspian Policy Center-in (CPC) prezidenti Əfqan Nifti Nyu-Yorkda
CPC-nin Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik
Xəzər Biznes Forumunda bildirib.
Nifti öz
çıxışında ötən il regionda baş verən əhəmiyyətli hadisələrə toxunub. O,
Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin paraflanmasının, ABŞ
Prezidenti Donald Trampın şahidliyi ilə baş tutduğunu vurğulayaraq, bunun
Cənubi Qafqazın və ümumilikdə Xəzər regionunun böyük potensialının
reallaşdırılmasına imkan açdığını deyib.
“ABŞ-ın
vasitəçiliyi ilə əldə olunan Ermənistan–Azərbaycan razılaşması yalnız siyasi
sabitlikdə irəliləyiş deyil, həm də iqtisadi qarşılıqlı əlaqələrin yeni bir
dövrünün başlanğıcı deməkdir. "Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu"nun, yaxud Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz heç
vaxt olmadığı qədər inteqrasiya olunmuş olacaq. Bu marşrut yükdaşıma müddətini
40 faizədək azalda, həcmi 15 milyon tona çatdıra və transformativ artımı təmin
edə bilər — o cümlədən Ermənistanın ÜDM-nin iki il ərzində 30 faiz artacağı,
eləcə də Azərbaycanın qeyri-neft sektorunda davamlı inkişafın əldə olunacağı
proqnozlaşdırılır”, — deyə Nifti qeyd edib.
CPC
prezidenti həmçinin Xəzər regionunda nəqliyyat əlaqələrinin artan rolunu
vurğulayıb: “Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən həyati arteriyaya
çevrilməyə davam edir. Əvvəllər ikinci dərəcəli hesab olunan bu marşrut son
illərdə əvəzolunmaz olub, xüsusən də Rusiyadan keçən marşrutların sanksiyalar
səbəbilə məhdudlaşması və Yaxın Şərqdə münaqişələrə görə dəniz ticarətinin
çətinləşməsi fonunda”.
Nifti,
həmçinin, ABŞ-ın Xəzər regionunun işgüzar və dövlət səviyyəsində işlərinə artan
diqqətini də vurğulayıb: “Bu ilin əvvəlində ExxonMobil Azərbaycanın SOCAR
şirkəti ilə quruda karbohidrogenlərin hasilatı və kəşfiyyatının
genişləndirilməsi üzrə saziş imzaladı. Chevron Qazaxıstandakı Tengiz yatağının
işlənməsinin 48 milyard dollarlıq genişləndirilməsi layihəsini elan etdi — bu,
dünyanın ən böyük enerji layihələrindən biridir. Biz digər şirkətlər tərəfindən
də oxşar sərmayələri müşahidə edirik. Bununla yanaşı, bu ayın əvvəlində
Vaşinqton TRIPP layihəsinin inkişafı üçün 145 milyon dollar ayırdı — bu,
genişlənən əlaqəlilik və firavanlıq üzərində qurulmuş gələcək üçün mühüm bir
avansdır”.
Onun
sözlərinə görə, bütün bu dəyişikliklər regional əməkdaşlığın dərinləşməsinə və
biznes üçün əvvəllər təsəvvür olunmayan imkanların açılmasına xidmət edir.
22:03 26.09.2025
Oxunuş sayı: 766