AMEA-da “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq simpozium keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbir dahi Azərbaycan bəstəkarı və mütəfəkkiri Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutub.
Simpoziumu giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, həm aşıq Ələsgər, həm də Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin bir-birini tamamlayan iki görkəmli şəxsiyyətidir. Akademik vurğulayıb ki, milli musiqimizin korifeyi Üzeyir Hacıbəylinin, milli yaddaşın və mənəvi kodların keşiyində duran aşıq Ələsgərin yaradıcılıqları Azərbaycan dəyərlərinin qızıl fondunu təşkil edir, mühüm mədəni mərhələləri təmsil edir.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında bugünkü tədbirin əsl mədəniyyət bayramı olduğunu qeyd edib. O, musiqi, folklor və ədəbiyyatda ortaq mədəni kodların araşdırılaraq gələcək nəsillərə çatdırılmasının zəngin qeyri-maddi irsimizin qorunub saxlanması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum türk xalqlarının mədəni irsinin öyrənilməsi, tədqiqi və təbliğinə üstünlük verir. O, bugünkü müzakirələrin gələcək tədqiqatlar üçün mühüm mənbə rolunu oynayacağını və ümumi elmi bazanın formalaşmasına töhfə verəcəyini bildirib.
Qeyd edək ki, simpoziumun keçirilməsində məqsəd böyük bəstəkarın və aşıq sənətinin irslərini ortaq türk mədəniyyət kodları prizmasından araşdırmaq və onların milli-mənəvi kimliyin formalaşmasında rolunu izləməkdir.
Simpoziumun plenar iclasında Türk dünyasının tanınmış alim və ekspertləri iştirak ediblər. Onların arasında akademik Abdıldajan Akmataliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Egey Universitetinin professoru Metin Ekici (Türkiyə), filologiya elmləri doktoru Hikmət Quliyev, professor Meruert Kurmanqaliyeva (Qazaxıstan), akademik Kenjekan Matiyanov, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erhan Özden, Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru, professor Cabbor Eşonkulov və digər tanınmış alimlər olublar.
Sessiyalarda türk xalqlarının ortaq musiqi yaddaşı, aşıq sənəti ənənəsi, klassik ədəbiyyatın təsiri, xüsusən də Üzeyir Hacıbəylinin milli mədəni kodların yaradılmasında rolu müzakirə olunub.
“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəniyyət kodları” adlı simpozium iki gün davam edəcək. Burada həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin məruzələri dinləniləcək.
14:31 25.09.2025
Oxunuş sayı: 1041