Elçinlə son görüş: Qusmanla Məmmədyarov nə danışdı, Anarın hansı sözü hamını sarsıtdı? -REPORTAJ

Azərbaycan ədəbiyyatına oxucu gözü ilə baxdıqda, müəyyən mərhələlər sezilir: Cümhuriyyət dövrü, sovet dövrü, müstəqillik dövrü... Bəlkə də, daha çox, bəlkə də, daha az. Amma sovet dövrünün içində bir nəsil var ki, bu nəslin yaradıcılığı ayrıca bir mərhələ kimi qiymətləndirilməlidir – altmışıncılar nəsli. Bu nəslin nümayəndələri öz yaradıcılıq üslubları, qələmə aldıqları yazı nümunələri ilə zaman tanımadan bu gün də böyük maraq və həvəslə oxunurlar. Anar, Elçin, İsi Məlikzadə, Əkrəm Əylisli, Əli Kərim, Fikrət Qoca kimi imzaların yaradıcılığı hələ də öz təravətini qorumaqdadır. Altmışıncılar nəslinin nümayəndələri bir-bir aramızdan ayrılsalar da, altmışıncılar nəsri daim bizimlədir.
Dünən həmin nəsildən birini – xalq yazıçımız Elçini son mənzilə yola saldıq. Onun yaradıcılıq fəaliyyətindən danışmaq üçün günlər, həftələr, bəlkə də aylar lazımdır. Mən Elçinlə şəxsən tanış deyildim. Amma hər bir oxucu oxuduğu əsərin müəllifi ilə daim qiyabi söhbətdədir. Yazıçını o qədər sevirsən ki, hər sətrin əvvəlini oxuduqda sonu sənə aydın olur. Bax, əsl tanışlıq budur. Bizim tanışlığımız da təəssüf ki, bununla yekunlaşdı.
Elçinin vəfat etdiyi gün, avqustun üçündə, onun ən yaxın dostlarından biri, əziz və hörmətli müəllimim Cahangir Məmmədli ilə danışdım. Cahangir müəllim çox sarsılmışdı – həm bir azərbaycanlı, həm Elçin oxucusu, həm də dostu kimi. Onun Elçinin vəfatına həsr etdiyi yazıdan bir cümlə təqdim edirəm:
“Özünün estetik ideallar silsiləsini yaratmış və bu yaradıcılığı məktəb səviyyəsinə yüksəltmiş Elçin Əfəndiyevin itkisi bütöv bir millətin kədər faktıdır.”
Həqiqətən də, bu vəfat bütün xalqımız üçün böyük bir kədər faktıdır. Gözlənilməz gələn bu bəd xəbər bir çox arzunu, planı yarıda qoydu.
Elçinin vida mərasimində həm jurnalist, həm də bir oxucu kimi iştirak etdim. Mənzərə kədərli idi. Elçin səhnədə tabutda idi. Sevənləri, oxucuları, dostları, ailəsi isə kədər hissi ilə səhnəyə baxırdılar. Mən bu gün öyrəndim ki, Elçin uzun illər yüksək vəzifəli dövlət işçisi olub. Çox təəccübləndim. Vəzifəsi onu dəyişməmiş, ədəbi yaradıcılıqdan uzaqlaşdırmamışdı. Əksinə, Elçin həm dövlət işçisi, həm də yazıçı kimi böyük hörmət qazanmışdı. Bu, çox çətin məsələdir – o vəzifədə sadəliyi, ləyaqəti qoruyub saxlamaq və üstünə bir də bu cür böyük hörmət qazanmaq.
Gənc Tamaşaçılar Teatrında keçirilən vida mərasimində çox adam, çox dost var idi: Çingiz Abdullayev, Anar, Nəriman Həsənzadə, keçmiş xarici işlər naziri Elmar Məmmədyarov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev BAMF-ın sədri Umud Mirzəyev, Fəxrəddin Manafov, DİM sədri Məleykə Abbaszadə və bir çox məşhur və dövlət xadimi. Jurnalistlər mərasim başlamamışdan əvvəl Elçinin yaxın dostlarının fikirlərini alırdılar. Mənim də Elçinin dostları ilə danışmaq imkanım oldu.
İlk olaraq çox sevdiyim Xalq şairi Nəriman Həsənzadəyə yaxınlaşdım. Nəriman müəllim kövrələrək, aramla danışmağa başladı:
“Elçin müəllim sağlığında çox böyük nüfuz qazandı – öz istedadı, bacarığı ilə. Mən bir şey demək istəyirəm: Elçin getdi, böyük bir insan getdi. Ancaq böyük bir insanın xatirəsi qaldı. O yaşayacaq, bu xalqın xatirəsində yaşayacaq. Elçin yaşayan yazıçılardandır.”
Nəriman müəllimin hər cümləsində öz dostuna olan sədaqət və hörmət açıq-aydın hiss olunurdu. Qəhər onu boğur, danışmağa qoymurdu. Onun sakit, həlim və üzü yumşaq olması mərasimin sonuna kimi açıqlama verə bilməsi ilə nəticələndi.
Mərasim salonunun digər tərəfinə keçdim. Gözümə saçı qulaqlarını örtən, eynəkli bir kişi sataşdı. Bu şəxsi Rusiyanın TASS xəbər agentliyinin vəzifəsindən qəfil, qeyri-müəyyən səbəblə vəzifəsindən azad edilən keçmiş direktoru Mixail Qusmana bənzətdim. Amma Qusmanın Elçinin dəfn mərasimində nə işi var idi? Təəccübləndim. Bir az keçəndən sonra onun Elmar Məmmədyarovla yanaşı olduğunu gördüm. Artıq onun Qusman olduğu dəqiqləşmişdi. Bir qədər kənardan onu izlədim. Deyərdim ki, mərasim iştirakçıları qədər o da kədərli görünürdü. Sona kimi səhnəyə baxaraq qaldı. Arada Məmmədyarovdan nəsə soruşur, yenidən səhnəyə yönəlirdi.
Məleykə Abbaszadə çox pis görünürdü. Vida mərasimi başlayandan bitənə qədər qadının göz yaşları qurumadı. İki cümlə belə qurub jurnalistlərə açıqlama verə bilmirdi.
Yavaş-yavaş bütün qonaqlar yerlərini tutdu. Sakitlik çökdü, tədbir başlamaq üzrə idi. Birdən hamının fikri qapıya yönəldi. Gələn şəxs Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov idi.Baş nazir səmimi şəkildə Elçinin qızı Günay xanıma başsağlığı verdi və mərasimin sonuna qədər onun yanında oldu.
Tədbir yekunlaşırdı. Çölə çıxdım. Uzaqdan Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlını gördüm. Maşınını gözləyirdi və fürsətdən istifadə edib bu 3-4 dəqiqəlik vaxtda fikirlərini almaq qərarına gəldim. Sağ olsun, xətrimə dəymədi. Həm də məni tanıdığı üçün tərəddüd etmədi. Sabir Rüstəmxanlı dedi:
“Biz 15-20 gün əvvəl telefonla danışmışdıq. Onun tamaşasının ictimai baxışı olacaqdı. Dedim: orada görüşərik. Dedi: mən əsas premyeranı sentyabra saxlamışam. Orada görüşərik. Biz sentyabrda təbii ki, görüşəcəyik, tamaşaya baxacağıq. Onun ruhu da orada olacaq. Amma özünü itirdik. Elçin yüksək mədəniyyətli, ləyaqətli insan idi. Ancaq nə deyə bilərik? Hamımız onunla təsəlli tapırıq ki, sənət, ədəbiyyat, söz ölməz. Kim ömrünü bu işə veribsə, o əbədi ömür qazanıb. Elçin də belə idi. Allah ona rəhmət eləsin.”
Həqiqətən də elədir. Söz adamı heç vaxt ölmür. Xatirələrdə, yaddaşlarda daim yaşayır. Necə ki, 1987-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, Salam Qədirzadənin “46 bənövşə” kitabı hələ də yüz minlər tərəfindən oxunur, heç şübhəsiz ki, Elçin də on illər, yüz illər sonra oxunacaq, seviləcək.
Qonaqlar bir-bir zalı tərk edirdilər. Buradan Birinci Fəxri Xiyabana- Elçinin son mənzilinə getdik. Xiyabana vaxtında çatdım. Amma buradakı izdiham da elə mərasim evindəki kimi idi. Umud Mirzəyev mərasimdən çıxıb hamıdan əvvəl buraya gəlmişdi və hər kiçik detala canıyananlıq göstərir, hər işə qaçırdı.
Tez gəldiyim üçün bir qırağa çəkilib su içmək istədim. Elə bu anda Professor Nizami Cəfərovu gördüm. Su içmək yadımdan çıxdı və Nizami müəllimin yanına yollandım. Fikirlərini aldım:
“Elçin müəllim Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin tarixində özünə möhkəm yer tutmuş şəxsiyyətdir. Onun əsərləri bizim milli sərvətimizdir. Bunu vaxtilə Ümummilli liderimiz Heydər Əliyev də söyləmişdi. Elçin müəllimin əsərləri yarım əsrdən çox bir dövrü əhatə edir. Bu cür şəxsiyyətlərin bu dünyaya yalnız gəlmək tarixi var. Onların bu dünyadan getmək tarixi yoxdur. Allah rəhmət eləsin.”
Elçin dəfn edildi. Dualar bitdi, hər kəs yavaş-yavaş getməyə başladı. Hamı öz vəzifəsini yerinə yetirdiyini düşünüb gündəlik həyatına, işinə qayıtdı. Bir nəfər isə bu mənzərədə Elçinin məzarına doğru addımlayırdı. Bu Anar idi. Öz dostu ilə son dəfə baş-başa qalmaq üçün onun yanına addımladı. Uzun-uzun məzara baxdı. Anarın vida mərasinində səsləndirdiyi “Bu gün ən yaxın sonuncu dostumu itirdim” sözləri yadıma düşdü.
Bəli... Bu gün Elçin – İlyas Əfəndiyevin oğlu, Günay Əfəndiyevanın atası, Anarın sonuncu dostu və xalqımızın ədəbi xəzinəsi son mənzilə yola salındı.
Ayhan
15:56 05.08.2025
Oxunuş sayı: 1188