İranda Azərbaycanla bağlı ikitirəlik: Hakimiyyətlə rejim üz- üzə

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin iranlı həmkarının Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində bildirilib ki, İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur.
Qeyd edilib ki, “Konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, ölkədə saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib:
"Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.
Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.
Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb".
Vurğulanıb ki, yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub.
"Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv olunub.
Bu tədbirlərə baxmayaraq, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.
Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir.
Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. Digər məsələlərlə yanaşı bu istiqamətdə danışıqlar 15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb", - XİN-in mətbuat katibi diqqətə çatdırıb.
Rəsmi Bakının bəyanatında diqqətçəkən iki məqam var: Bunlardan birincisi İran tərəfinin qeyri- adekvat mövqeyi, ikincisi isə oradakı azərbaycanlılara münasibətlə bağlıdır.
Məsələ burasındadır ki, İranın siyasi elitasında Azərbaycanla bağlı ciddi fikir ayrılıqları formalaşıb. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla əlaqələrin qurula bilməməsinə görə, ölkəsini günahkar hesab etməsinə dair açıqlamasından sonra bu formada “suların bulanması” gözlənilən idi.
Ümumiyyətlə, Pezeşkian hakimiyyətə gələndən sonra bir çox məsələdə, o cümlədən Azərbaycanla bağlı siyasətdə İran siyasi elitası, daha konkret desək, dini rejim üçün alternativ yanaşma yaranıb. Məlum olduğu kimi, İrandakı molla rejimi Azərbaycana qarşı kifayət qədər riyakar və radikal mövqe ortaya qoyur. Bu, özünü Azərbaycanın Cənubi Qafqaz siyasətindən tutmuş, oradakı azərbaycanlılara münasibətə qədər bir çox məsələdə göstərir. Molla rejimi Azərbaycanın güclənməsini istəmir. Çünki İrandakı cənubi azərbaycanlıların ayağa qalxmasından qorxur.
Keçmiş prezident İbrahim Rəisidən sonra hakimiyyətə Pezeşkian kimi azərbaycanəsilli siyasətçinin gəlməsi, təbii ki, molla rejimini narahat edir. Dini lider Ayətulla Əli Xamneyi və onun komandası yaxşı başa düşür ki, Pezeşkian gələcəkdə İranın mühafizəkar siyasətinə mane olan addımlar ata bilər. Molla rejimi üçün ən təhlükəlisi isə gələcəkdə İrandakı azərbaycanlıların ayağa qalxması, azadlıqları üçün mübarizə aparması və Cənubi Azərbaycanın Şimali Azərbaycana birləşməsidir. İran Prezidentinin zaman- zaman səsləndirdiyi fikirlər daxildəki azərbaycanlılar üçün bu baxımdan müəyyən ideoloji impulsdur.
Odur ki, molla rejimi indidən ikitərəfli əlaqələrdəki müsbət dinamikaya mane olmaq istəyir. Ehtimal etmək olar ki, gələcəkdə mollan rejiminin Azərbaycana qarşı təzyiqləri, təxribatları artacaq. Bu, həm də daxili ictimai rəydə Azərbaycanla bağlı müsbət fikirlərin artmasının qarşısını almağa hesablanıb.
Əlbəttə, XİN rəsmi qurumdur və birbaşa olaraq hakimiyyətə tabedir. Buna baxmayaraq, oturuşmuş molla rejiminin proseslərə müdaxiləsi və bu yolla ikitərəfli münasibətləri zərbə vurma cəhdi istisna deyil.
Sözsüz ki, Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsinə dair iddialar tamamilə əsassızdır. Bu tip iddialar nifrət hissinin güclənməsinə yönəlib.
Yaxşı olar ki, rəsmi Tehran belə iddialar yaymaq əvəzinə İrandakı azərbaycanlı məhbuslarla bağlı obyektiv mövqe ortaya qoysun, keçirilən məhkəmələr barədə Bakıya müntəzəm məlumat versin. Əks halda bu, qarşı tərəfin Azərbaycanla münasibətləri pozmaqda maraqlı olduğunun növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Fikrimcə, Pezeşkian hakimiyyəti Azərbaycanla münasibətlərin inkişafında maraqlıdırsa, belə destruktiv cəhdlərə qarşı müqavimət göstərməli və preventiv addımlar atmalıdır.
Kənan Novruzov
10:41 05.08.2025
Oxunuş sayı: 1324