Budəfəki sanksiyalar daha təsirli olacaq

ABŞ
hökuməti İrana qarşı son yeddi ilin ən genişmiqyaslı sanksiya paketini elan
edib. Qeyd edək ki, yeni sanksiyalar paketinə İranın 50-dən çox fiziki və
hüquqi şəxsi, habelə İran və Rusiya neftini daşıyan 50-dən çox gəmi daxil
edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar paketində əsasən
İranın ali liderinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli
beynəlxalq gəmiçilik şəbəkəsi və onun ətrafında fəaliyyət göstərən onlarla şirkət
hədəfə alınıb. Vaşinqton bu şəbəkənin İran rejiminə on milyardlarla dollar gəlir
qazandırdığını və Tehranın terrorizmi maliyyələşdirməkdə bu strukturlardan
istifadə etdiyini bildirir. ABŞ Maliyyə Nazirliyi əlavə edib ki, Şamxani ailəsi
İran neftinin satışından əldə olunan vəsaitlə xaricdə lüks daşınmaz əmlak alır,
müxtəlif ölkələrdə “qara pul”la pasport və vətəndaşlıq əldə edir. Qurumun bəyanatında
qeyd olunur ki, sanksiya tətbiq edilən şəxslər,
şirkətlər və gəmilər İran neftinin ticarəti ilə məşğul olan qlobal şəbəkənin
bir hissəsidir və onların Belçika, Böyük Britaniya, Honq-Konq, Hindistan,
İtaliya, Kipr, Marşal adaları, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Rumıniya,
Sinqapur, Türkiyə, Fransa və İsveçrə də daxil olmaqla 20 ölkə və qurumla əlaqələri
var. Qərb analitikləri hesab edirlər ki, bu sanksiyalar Vaşinqtonun həm Tehrana
qarşı maksimum təzyiq strategiyasını gücləndirdiyini, həm də İran-Rusiya enerji
ittifaqının qarşısını almaq niyyətini açıq şəkildə ortaya qoyur.
İrana
qarşı yeni sanksiyalar Avropa İttifaqının Şamxani və onun bir neçə şirkətinə
qarşı sanksiyalar tətbiq etməsindən, həmçinin ABŞ rezidenti Donald Trampın
Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı “qeyri-müəyyən
siqnallar” göndərməsindən 1 həftə sonra qəbul edilib.
Yeni
sanksiyalar daha sərtdir
Crossmedia.az "Yeni Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, məsələ
ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu qeyd edib ki, ABŞ-ın bu dəfə İrana qarşı tətbiq etdiyi sanksiyalar bir neçə cəhətdən
əvvəlkilərdən fərqlənir. Onun sözlərinə görə, yeni sanksiyalar potensial təsir
baxımından daha sərt və geniş miqyaslıdır.
“Bu
sanksiyalar son 7 ilin ən geniş əhatəli paketi kimi təqdim olunur. Hədəfdə olan
şəxslər və qurumlar: Ali rəhbər Xameneinin müşaviri Əli Şamxaninin oğlu Hüseyn
Şamxani və onunla əlaqəli onlarla şirkət və şəxslərdir. Gəmiçilik sektorunun hədəflənməsi
isə xüsusilə Tehranın nəzarətində olan beynəlxalq gəmiçilik şəbəkəsi - bu, həm
neft ixracatına, həm də digər ticarət əməliyyatlarına ciddi zərbədir. Əvvəlki
sanksiyalar bəzən sektorial idi (nüvə proqramı, neft, bankçılıq və s.), bu dəfə
isə şəbəkə əsaslı və əlaqəli aktorlar geniş şəkildə hədəflənib,” -deyə V.Zifəroğlu
vurğulayıb ki, budəfəki sanksiyalar İranın bir sıra sektorlarına çox ciddi təsir
göstərə bilər. “Bu sanksiyalar öz təsirini göstərəcəyi halda İran üçün neft və
neft məhsullarının daşınması çətinləşəcək, İran neftinin ixracını təmin edən
qeyri-rəsmi yollar bağlanacaq. Eyni zamanda şəffaf olmayan maliyyə və ticarət əməliyyatları
ifşa olunacaq. Hökumətyönlü oliqarx strukturların sərvətinə zərbənin dəyəcəyi də
istisna deyil. Şamxani ailəsi və ona bağlı biznes imperiyası iqtisadi və siyasi
güc mərkəzlərindən biridir. Onların hədəf alınması daxili iqtisadi və siyasi gərginliyi
artıra bilər. Nəticə etibarilə, əvvəlki illərdəki sektorial sanksiyalarla
müqayisədə bu tədbirlər İranda sistemli və strateji güc mərkəzlərini iflic etməyə
hesablanıb”.
İrana
qarşı “maksimum təzyiq” siyasəti
V.Zifəroğlu
hesab edir ki, yeni sanksiyalar yalnız iqtisadi deyil, siyasi və psixoloji təzyiq
vasitəsi kimi də dəyərləndirilə bilər. “Donald Trampın qayıdışı ilə paralel
olaraq bu sərtləşmə, onun İrana qarşı “maksimum təzyiq” siyasətinin yenidən
gündəmə gəldiyinə işarədir. Avropa İttifaqı ilə koordinasiyalı addımlar (Aİ-nin
də eyni anda Şamxaniyə sanksiya tətbiq etməsi) bu dəfəki tədbirlərin
transatlantik strategiyanın tərkib hissəsi ola biləcəyini göstərir. Yeni
sanksiyaların İranın iqtisadiyyatına əvvəlkilərə nisbətən daha güclü və
sistemli zərbə vurması ehtimalı yüksəkdir. Xüsusilə, qeyri-rəsmi ticarət
yollarının bağlanması və siyasi elitanın sərvət şəbəkəsinin hədəf alınması
daxili sabitliyi də risk altına ata bilər”.
13:10 01.08.2025
Oxunuş sayı: 1183