Vüqar Zifəroğlu: “O zaman jurnalistikamız da Vətənimizin müdafiəsində müsəlləh əsgər oldu”

Azərbaycan milli mətbuatımız keşməkeşli tarixi bir yol keçərək, dövlətçilik tariximizdə, xalqımızın maariflənməsində, milli oyanışında və müasir texnologiyaya sahiblənməsində hər zaman mühüm rol oynayıb. 22 iyul 1875-ci ildə xalqımızın maarifpərvər, ziyalı oğlu Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə Azərbaycanın milli mətbuatının əsası qoyulub. Mətbuatımızın təməl daşı "Əkinçi" Şərqdə ilk günəş tək doğuldu. Qəzetin nəşri ölkəmizin ədəbiyyat və mədəniyyəti sahəsində tarixi hadisəyə çevrildi.
Artıq "Əkinçi"nin nəşrə başlamasından 150 il ötür. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 aprel 2025-ci il tarixdə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir: "Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan təkrar Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının iflası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır".
Mətbuatımızın yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu ilə görüşüb, müasir medianın müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeri və rolu barədə fikirlərini öyrəndik.
- Vüqar müəllim, bu il "Konstitusiya və Suverenlik İli"ndə Böyük Qələbəmizin 5 illiyi, milli mətbuatımızın yaranmasının 150 illik yubileyi tamam olur. Böyük qürur hissi ilə yaşadığımız bu tarixi günlərin əhəmiyyətini jurnalist pedaqoq olaraq necə qiymətləndirirsiniz?
- Öncə qeyd edim ki, dövlət başçımızın Sərəncamı ilə bu il - 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi doğrudan da, ölkəmizin ictimai-siyasi həyatında əlamətdar bir hadisədir. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ildə 23 saat 44 dəqiqə davam edən bir günlük antiterror əməliyyatı nəticəsində respublikamızın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi dövlətçilik tariximizin qürurverici səhifəsidir. Baş verən proseslərə nəzər yetirdiyimiz zaman görürük ki, indinin özündə belə bölgədə olan və ya bölgədə maraqlı olan elə güclər var ki, hələ də bu dəyişiklikləri qəbul edə bilmirlər. Yəni, Azərbaycanın suverenliyini tam şəkildə bərpa etməsi, sözün həqiqi mənasında, onların hər biri üçün böyük çağırış idi. Və bu yenilik, bu reallıq ilk növbədə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının, Azərbaycan Ordusunun əzminin və böyük fədakarlığının nəticəsində oldu. Əsrlərdən gələn səhifəni çevirdik və yeni bir səhifə açdıq. "Konstitusiya və Suverenlik İli"nə, Zəfərimizin 5 illiyinə və milli mətbuatımızın yaranmasının 150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, beynəlxalq elmi-praktik konfranslar və başqa tədbirlər keçirilir. Ədəbiyyatlar dərc edilir, elmi, publisistik yazılar çap olunur. Azərbaycan mətbuatının 150 illik tarixi, təkcə jurnalistikanın deyil, bütövlükdə xalqın milli düşüncə tərzinin, maarifçilik səviyyəsinin və ictimai şüurunun inkişaf tarixidir. Bu dövr, özündə həm tərəqqini, həm də çətinlikləri, həm azadlığı, həm də basqını daşıyan bir yol xəritəsidir. Hər bir mərhələ, bu tarixin özünəməxsus xüsusiyyətləri və ibrətamiz dərsləri ilə yadda qalıb. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti yalnız ilk Azərbaycan dilli qəzet deyil, həm də milli oyanışın rəmzi oldu. O dövrdə mətbuatın əsas vəzifəsi xalqı maarifləndirmək, savadsızlıqla mübarizə aparmaq və ictimai şüuru oyatmaq idi. Zərdabi və onun həmfikirləri mətbuatı "xalqın dili, xalqın aynası" hesab edirdilər. Azərbaycan jurnalistlərinin xüsusilə bu il "Konstitusiya və Suverenlik İli"ndə, milli mətbuatımızın 150 illiyində, təbii ki, öhdəsinə bir çox mühüm vəzifələr düşür. Çünki unutmaq olmaz ki, bir jurnalist olaraq hər zaman informasiya cəbhəsində biz də əsgərik. İnformasiya müharibəsində də maksimum dərəcədə ayıq-sayıq olmalı, informasiya məkanımıza edilən həmlələri görməliyik.
- Birinci Qarabağ müharibəsi hansı xatirələrlə yaddaşınızda qalıb?
- Birinci Qarabağ müharibəsi bizim nəslin xatirələrində dərin iz qoyub. Biz ötən əsrin 90-cı illərinin əvvəllərində gedən o ağır döyüşlər barədə xronikaları dinləyə-dinləyə o kəndlərin, qəsəbələrin adlarını az qala əzbərləmişdik. Döyüşlərdə Vətənimizin neçə-neçə igid oğlu şəhid oldu. Oradakı hər kəndin şəhər boyda əhəmiyyəti var. Ağdərənin, Xocavəndin, Şuşanın, bütünlükdə Qarabağın kəndlərinin hər birində Azərbaycanımızın dərdi, ağrı-acısı var idi. O zaman jurnalistikamız da Vətənimizin müdafiəsində müsəlləh əsgər oldu. Müharibədə müstəqil, milli hərbi mətbuatımız yarandı. Ölkəmizin kütləvi informasiya vasitələrində döyüş bölgələrindən hazırlanmış reportajlar, videosüjetlər nümayiş olunur, yazılar çap edilirdi. Ən qaynar nöqtələrdə vəzifə borcunu yerinə yetirərkən şəhid olan Azərbaycanın Milli Qəhrəmaları Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev və Fəxrəddin Şahbazov jurnalistikamızın döyüş salnaməsini yaratdılar. 44 günlük Vətən müharibəsindən sonra jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abuşov vəzifə borcunu yerinə yetirərkən düşmənin mina terrorunun qurbanı oldular. Şükürlər olsun, bu gün biz artıq suverenliyimizi tam bərpa etmişik. Ordumuzun bölmələri işğaldan azad olunmuş bütün ərazilərimizə nəzarət edir. Uzun, ağır bir yol keçdik. Hazırlaşdıq bu günə dövlət olaraq, xalq olaraq. Və nəhayət ki, hədəfimizə çatdıq. Bizim bir xalq olaraq hədəfimiz Qarabağ idi və onu azad etdik. İnşallah, bundan sonrakı mərhələlərdə ülkümüz, hədəfimiz Qərbi Azərbaycana, Zəngəzura qayıdışdır. Əminəm ki, növbəti mərhələlərdə bütün bu ülkülərimizə də addım-addım çatacağıq.
- Qeyd etdiyimiz kimi, bu il həm də Zəfərimizin 5 ili tamam olur. 5 il öncə 30 ildən sonra torpaqlarımız erməni işğalçılarından azad olundu. Vətəndaş və pedaqoq kimi qələbəmizi şərtləndirən amilləri necə şərh edərdiniz?
- Zaman keçdikcə, qələbəmizin əhəmiyyətinin yeni-yeni məqamlarını, üstünlüklərini görməyə başlayırıq. Bu qələbə yalnız Azərbaycanda deyil, bölgədə yeni bir səhifə açdı. Bütövlükdə geosiyasi nöqteyi-nəzərdən də yeni bir mərhələnin başlanğıcını qoydu. Cənubi Qafqaz hər zaman böyük dövlətlərin, güclərin marağında olub. Cənubi Qafqaz yaxın Şərqin qapısıdır. Bu mənada Azərbaycanın, eləcə də Cənubi Qafqazın böyük strateji, geosiyasi əhəmiyyəti var. Son iki yüz ildə xüsusilə imperialist qüvvələr bu bölgəyə nəzarət uğrunda savaşırlar. Məsələn, İkinci Dünya müharibəsində Hitlerin "Blau" strategiyasında əsas məqsəd məhz Şimali Qafqazdan Cənubi Qafqaza keçmək və Bakıya, Azərbaycana, Xəzər dənizinin neftinə nəzarəti ələ keçirmək, həm də Yaxın Şərqə yol açmaq idi. Mozdoka qədər gəlsələr də, buna nail ola bilmədilər. Bu mənada Cənubi Qafqazın böyük əhəmiyyəti var. Məhz torpaqlarımızı işğaldan azad etməklə Cənubi Qafqazda, bölgədə yeni geosiyasi reallıq yaratdıq. 30 il bu istiqamətdə addım-addım getdik, əzmlə irəlilədik. Bu, böyük bir milli iradə, milli qətiyyət deməkdir. 30 ildə bir an belə olsun, torpaqlarımızın işğalı ilə barışmadıq. Həmişə inandıq ki, qayıdacağıq. Hər bayramlarda, tədbirlərdə torpaqlarımıza geri dönməyi arzu etdik. Xalqımız bir yumruq olaraq, birləşdi. "Dəmir Yumruq" xalqımızın milli iradəsinin, milli qətiyyətinin rəmzinə çevrildi.
- Vüqar müəllim, ordumuzda və mediamızda aparılan islahatlara münasibətinizi öyrənmək istərdik.
- İlk növbədə, onu vurğulamağı özümə borc bilirəm ki, bu dəyişikliklər müsbət mənada özünü göstərir. Ümumiyyətlə, qeyd edim ki, son illərdə ordumuzda aparılan islahatlar olduqca təqdirəlayiqdir. Və bu yalnız ordunun özünün hazırlıq səviyyəsini deyil, eyni zamanda, məhz informasiya sahəsində işin ciddi qurulmasında da özünü göstərməlidir. İslahatlar əslində, bu gün olduqca əhəmiyyətli və vacib olan informasiya cəbhəsində mövqelərimizin daha aydın və daha dayanıqlı olmasını əsaslandıran bir dəyişiklik kimi qiymətləndirilə bilər. Məsələn, qardaş Türkiyənin ordu təbliğatı olduqca diqqətəlayiqdir. Tarixi yaddaş üzərində fokslanmaq çox önəmlidir. Bizim ordumuzun da şanlı tarixi yaddaşı var. Bunu unutmamaq lazımdır. Böyük sərkərdələrimiz var ki, dünya hərb tarixinə öz imzalarını qürurla, şərəflə atıblar. Generallar Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Naxçıvanskilər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və başqaları sərkərdəlik tariximizin görkəmli nümayəndələridir. Azərbaycanda nəsillər olub ki, hərbçilər yetışdirib. Arzu olunandır ki, Türkiyədə olduğu kimi bizdə də adları hərb tariximizə qızıl hərflərlə yazılmış tarixi şəxsiyyətlərimiz barədə tanıtımlar, videoçarxlar hazırlansın. Bu gün biz informasiya əsrində yaşayırıq. Bu kimi videoçarxların hazırlanması, şanlı hərb tariximizin tanıdılması baxımından olduqca önəmlidir. Mediaturların təşkil edilməsi jurnalistləri də, müəyyən mənada, diqqətdə saxlamalarına gətirib çıxara bilər ki, bu da çox önəmli bir məsələdir. Ümumiyyətlə, ordu diqqət istəyən sahədir. Çünki ordu fəxrdir, fəxarətdir. Ordumuzla fəxr edirik. Mediaturların təşkil edilməsi, media, müxtəlif mətbuat orqanları, televiziya kanalları ilə müxtəlif layihələrin işlənilməsi, eyni zamanda, prosesə müsbət töhfələrini verir.
- Vüqar müəllim, müharibə dövründə informasiya təhlükəsizliyi ən önəmli şərtlərdən biridir. 44 günlük Vətən müharibəsində ölkəmizin informasiya təhlükəsizliyi necə təşkil olunmuşdu? Bu mənada informasiya təhlükəsizliyimiz necə qorundu?
- 44 günlük Vətən müharibəsi zamanı ermənilər informasiya müharibəsində bizim informasiya məkanımıza dezinformasiya və feyk xəbərlərlə müdaxilə edə bilmədilər. Məsələn, 2014-cü ilin avqust döyüşləri və ya 2016-cı ilin aprel döyüşləri zamanı bu daha açıq və nəticəli müdaxilələr hesab oluna bilərdi. Bu zaman informasiya müharibəsinin müxtəlif modellərini tətbiq etməklə, əslində müəyyən məqsədlərinə çatmış olurdular. Lakin İkinci Qarabağ müharibəsində məhz sistemli, eyni zamanda, təşkilatlanmış işin qurulması, ermənilərin informasiya məkanımıza etdiyi həmlələri özlərinə qarşı çevirdi və hətta ciddi şəkildə onların informasiya məkanına öz təsirini göstərmiş oldu. Xatırlayarsınız, müharibənin haradasa 12-13-cü günündə artıq ermənilər özləri obyektiv və doğru xəbərlərin ünvanı olaraq məhz Azərbaycan media seqmentini göstərirdi və erməni mediasının öz ictimaiyyətinə belə yalan xəbərlər yaydığını bildirən paylaşımlar edirdilər.
Burada ən vacib amil cənab Prezidentin beynəlxalq media quruluşlarının nümayəndələrinə verdiyi müsahibələrdir. Bu müsahibələr birmənalı şəkildə ermənilərin beynəlxalq ictimaiyyətə yönəlik təbliğat maşınını darmadağın etdi. Prezidentin Tvitter üzərindən qələbə müjdəli paylaşımları isə cəbhədə, ön xətdə baş verən proseslərlə bağlı erməni tərəfinin ortaya atdığı dezinformasiya və feyklərin yayılmasının qarşısının alınmasında önəmli rol oynadı.
Mən bu məqamda bizim həmkarlarımızın da cəbhə bölgəsindən təqdim etdikləri reportajları, süjetləri, canlı bağlantıları vurğulamaq istəyərdim. Və təbii ki, Müdafiə Nazirliyinin əməliyyatlarla bağlı yaydığı məşhur videogörüntüləri vurğulamalıyıq. Yəni gördüyünüz kimi informasiya müharibəsində də cənab Prezidentin rəhbərliyi ilə "Dəmir Yumruq" öz sözünü demiş oldu.
- Bu gün müasir jurnalistika sahəsində tez-tez işlənən media termini var: kommunikasiya strategiyası. Kommunikasiya strategiyasının prinsipləri nədir? Hansı şərtləri özündə ehtiva edir?
- Kommunikasiya strategiyası - müasir jurnalistika və PR sahəsində geniş istifadə edilən, qurumun və ya medianın auditoriyası ilə effektiv, məqsədyönlü və planlı şəkildə ünsiyyət qurmasını təmin edən konseptual yanaşmadır. Bu strategiya yalnız informasiya ötürmək deyil, həm də ictimai rəyi formalaşdırmaq, reputasiya yaratmaq və idarə etmək məqsədilə hazırlanır. Strategiya konkret məqsədlərə - məsələn, imic formalaşdırmaq, ictimai dəstəyi artırmaq, məlumatlandırmaq və ya böhranı idarə etmək - xidmət etməlidir. Unutmaq olmaz ki, müasir kommunikasiya təktərəfli deyil. Geri dönüş imkanlarının yaradılması və bu rəylərin analizi strategiyanın vacib hissəsidir. Strategiya ictimai maraqlara uyğun olmalı, dezinformasiya və manipulyasiyadan uzaq dayanmalıdır. Strategiya uzunmüddətli olmalı, lakin dəyişən şərtlərə (məsələn, böhranlar, ictimai reaksiyalar) uyğun olaraq çevik şəkildə yenilənməlidir. Yəni kommunikasiya strategiyası - sadəcə, mesaj göndərmək deyil, düşünülmüş, analitik və planlı şəkildə cəmiyyətlə əlaqə yaratmaqdır. Bu, jurnalistikanın sadəcə, informativ deyil, eyni zamanda, sosial, mədəni və strateji alətə çevrilməsinin əsas mexanizmlərindən biridir. Müasir informasiya cəmiyyətində uğurlu olmaq istəyən istənilən media qurumu və ya təşkilat üçün kommunikasiya strategiyası zəruri şərtdir.
Söhbətimizin sonunda həmkarlarımı milli mətbuatımızın 150 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir və hər birinə cansağlığı yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
- Maraqlı müsahibəyə görə çox sağ olun
(Ordu.az)
15:50 22.07.2025
Oxunuş sayı: 1184