"Bu Suriya üçün yeni humanitar böhrandır" - Ekspert

Suriya keçid dövrü hökumət rəhbəri Əhməd-əş Şaara açıqlamasında Suriya xalqının İsrailə qarşı vuruşmağa hazır olduğunu bildirib. Ola bilər ki, Şaara bunu deyərkən 2011-ci ildən bəri Suriya xalqının verdiyi mübarizədən cəsarət alır. Lakin bu münaqişə nə İsrailə nə də Suriyaya lazımdır və ağır nəticələr sadəcə həmin dövlətlərə yox, region dövlətlərinə də təsir edəcək. Şaara nəzərə almalıdır ki, Suriyada yenidənqurma prosesinin getdiyi, hakimiyyətin yeni qurulduğu və hələ də oturuşmadığı bir dövlətin İsraillə nəinki müharibə münaqişəyə girməsi belə itirmək deməkdir. Ümumiyyətlə İsrailin bu hücumda məqsədi nədən ibarətdir? Şaaranın dediyi kimi Suriya İsrailə müqavimət göstərə bilərmi?
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib:
"Əhməd əş-Şəraan Suriya Prezidenti kimi verdiyi bəyanat – yəni “ölkənin müharibədən qorxmadığı və ləyaqət uğrunda döyüşməyə hazır olduğu” fikri – siyasi cəsarət və prinsipiallıq nümayişidir. Suriya hələ də 2011-dən bəri davam edən vətəndaş müharibəsinin nəticələrini yaşayır – böyük ərazilər dağıdılıb, ordu parçalanıb, iqtisadiyyat tənəzzül içindədir. Onun çıxışında “Keçid dövrü” ifadəsi özü göstərir ki, hakimiyyət hələ tam oturuşmayıb. Yeni siyasi rejim ölkədaxili stabillik, legitimlik və koordinasiya problemi yaşayır və bundan da regionda marağı olan qüvvələr öz hədəfləri doğrultusunda istifadə etməyə çalıșırlar. Dürzilər və YPG ilə bağlı son durum da bunu əyani șəkildə göstərir".
Ekspert bu savaşın Suriya üçün yeni humanitar böhran yaradacağını bildirib:
"Əgər Suriya və İsrail arasında genişmiqyaslı müharibə başlasa, bu, Suriyanın vəziyyətini daha da kritik hala gətirə bilər. İsrailin hava üstünlüyü ilə həyata keçirdiyi zərbələr nəticəsində Dəməşq və digər şəhərlərdə böyük dağıntılar və mülki itkilər ola bilər. Bu, yeni humanitar böhran yaradacaq. Onsuz da milyonlarla suriyalı ölkəni tərk edib. Müharibə bu sayları daha da artıracaq və qonşu ölkələrə (xüsusən Livan, İordaniya, Türkiyə) təzyiq göstərəcək. Müharibə eyni zamanda faktiki olaraq Suriyadan sıxıșdırılmıș İran dəstəkli proksi-qüvvələrin də yenidən aktivləşməsinə təkan verə bilər. Bu isə yalnız yeni hökümətə deyil, İsrailin özünə də əlverișli deyil. Umutmaq olmaz ki, İsrail üçün uzun illər əsas təhlükə məhz İranın Suriyadakı mövcudluğu olub. Bu mövcudluğa isə məhz yeni iqtidar dönəmində son qoyuldu. Suriyada yeni yaradılmış hökumətlə müharibə İsrailin öz maraqlarına da cavab vermir. Tel-əviv daha çox dürzilər faktorundan yararlanaraq çalıșır ki, yeni hökümətə təzyiqlərini artırsın. Vurğulamaq yerinə düșər ki, ABṢ-da eyni niyyətlə YPG faktorunu qabartmaqdadır".
Ayhan
19:45 17.07.2025
Oxunuş sayı: 1686