Dünyada elə hadisələr var ki, onların adı deyilməsə də, özü danışır. Zəngəzur dəhlizi artıq bu qəbildəndir. Onun adı kağız üzərində yoxdursa da, bütün geosiyasi vektorlar onun ətrafında fırlanır. Əgər Qafqaz siyasi coğrafiyasının sinirlərinə baxsaq görərik ki, bu dəhliz sadəcə yol deyil – üç imperiyanın toqquşduğu damardır: Rusiyanın strateji sərhədi, İranın tampon xətti, Türkiyənin Orta Asiyaya açılan nəfəsi və Azərbaycanın milli-birləşmə arzusudur.
Zəngəzur dəhlizi açılırsa, Azərbaycan uzun onilliklərdən sonra Naxçıvanla fiziki bağlantısını bərpa edəcək. Bu, təkcə logistik deyil, ideoloji və kimlik inteqrasiyasıdır. Türkiyə nəhayət ki, Türk Dünyası ilə kəsintisiz quru əlaqə əldə edəcək. Bu, Orta Asiyaya söz yox, dəmir yoluyla çıxmaq deməkdir. Türk Dövlətləri Təşkilatı, Budapeştdən Pekinə qədər uzanan Türk geopolitikasını fiziki cisimləşdirəcək. İran isə, özünün Ermənistan üzərindən formalaşdırdığı “şimal tamponu” modelini itirəcək. Və ən pisi – o tampon xətti NATO ilə Türk-Avrasiya xəttinin ortaq arteriyasına çevriləcək. Ermənistan isə təcriddən xilas olub, rəqibinə keçid verərək, özü regionun bir hissəsinə çevriləcək – bu, paradoksdur, amma real perspektivdir.
Ermənistan diplomatiyasının son dövrlərdə “regional kommunikasiyaların açılması”, “müvəqqəti yük daşıma dəhlizi” kimi terminlərə sığınması, əslində onların sülhə yox, sözlərə qarşı müqavimət göstərdiyini göstərir. Onlar yaxşı bilirlər ki, “Zəngəzur” sözü sadəcə yer adı deyil – bu, tarixdir, qorxudur, keçmişin səsi və gələcəyin xəritəsidir.
Amma reallıqlar dəyişib. Azərbaycan artıq dəhlizi təkcə diplomatik masa yox, texniki müstəvidə də yaradır – Horadizdən Ağbəndə qədər uzanan 110 kilometrlik dəmir yolunun 8 stansiyası artıq “kağızda deyil, relsdədir”. Türkiyə bu marşrutu “Orta Dəhlizin əsas xətti” kimi təqdim edir, Ərdoğan isə buna “geostrateji inqilab” deyir. ABŞ və Avropa isə, bu xətti Rusiya və İrandan yan keçən enerji və nəqliyyat alternativi kimi qiymətləndirir.
Bəli, Rusiya və İran bu dəhlizə qarşıdır, çünki o, onların bölgədəki təsir piramidasını yerindən silkələyir. Lakin fərq ondadır ki, Rusiya artıq bu prosesi fiziki olaraq əngəlləyə bilmir. Ukrayna müharibəsində güc resursunu itirmiş bir ölkə, Cənubi Qafqazda sadəcə media ritorikası ilə “təsirli görünməyə” çalışır. O, bu dəhlizin açılmasını dayandıra bilməz, yalnız ona nəzarət etmək istəyə bilər – və bu şans da getdikcə azalır.
İran isə, bu dəhlizi “İsrailin Zəngəzura girməsi” kimi təqdim etməyə çalışır. Halbuki İranın özünün Ermənistanla enerji və ticarət əlaqələri məhz bu coğrafiya üzərində qurulub. Maraqlıdır, İran özü keçirsə, bu “dəhliz” olmur, amma başqası keçsə, “təhlükə” olur?
Zəngəzur dəhlizi açılacaq. Amma onun rəsmi sənədlərdə adı dəyişdiriləcək – ola bilsin ki, “Şərqi-Qərb Kommunikasiya Koridoru”, “Ermənistan üzərindən beynəlxalq nəqliyyat arteriyası” və ya daha neytral bir formatla təqdim edilsin. Amma bu dəyişiklik sadəcə terminoloji kosmetikadır. Məzmun dəyişməyəcək. Yəni Zəngəzur dəhlizi “Zəngəzur dəhlizi” adlanmaya bilər. Amma işləyəcək.
Zəngəzur dəhlizi təkcə yol deyil – bu, soyuq müharibənin regional izlərinin dağılmasıdır. Necə ki, Berlin divarı yıxıldı və Almaniya vahid kimliyinə qovuşdu, eləcə də bu dəhliz Türk dünyasının və Cənubi Qafqazın parçalanmış coğrafiyasını birləşdirə bilər.
Bu dəhliz:
- Rusiyanın regionda “parçala və hökm sür” siyasətinə son qoyacaq,
- İranın Qərbə qarşı tampon zona olaraq yaratdığı balansı pozacaq,
- ABŞ və Avropanın enerji təhlükəsizliyi və Çinlə alternativ əlaqə xəttini təmin edəcək,
- Türkiyə və Azərbaycanın geoiqtisadi gücünü konsolidasiya edəcək,
- Ermənistanı isə, müharibə mirasından qurtulub regional iqtisadi şəbəkəyə bağlayacaq.
Zəngəzur artıq xəritədə yox, strategiya masasında yaşayan dəhlizdir. Onun adı keçməsə də, hər kəs onu tanıyır. Hər diplomatik görüş, hər texniki yol tikintisi, hər siyasi bəyanat onun bir hissəsini tikir. Və bu dəhliz şərait yetişəndə açılmayacaq. O, artıq açılır – səssiz-səssiz, adını çəkmədən, lakin durdurulmaz şəkildə...

2020-ci illər Cənubi Qafqaz üçün yalnız müharibə və sülh dövrü deyil, həm də yol – daha doğrusu, yolçuluq epoxasıdır. Qarabağ münaqişəsinin bitməsi ilə regionda sabitlik deyil, dinamiklik baş qaldırdı. Dəmir yolları, dəhlizlər, donanmalar, yük marşrutları... Bunlar sadəcə infrastruktura aid anlayışlar deyil – bunlar indi suverenliklərin və bloklararası münasibətlərin ölçü vahidinə çevrilir.
Bu mənada, Özbəkistanın Xəzər donanması qurmaq qərarı, Orta Dəhlizin “qalıcı yol”a çevrilməsi və Zəngəzurun qapısının açılmağa başlaması, artıq yeni Avrasiya arxitekturasının konturlarını cızır.
Dənizə çıxışı olmayan bir ölkənin su üzərində donanma qurması – bu, praktik yox, strateji addımdır. Özbəkistanın Xəzərdə bərə donanması yaratmaq qərarı:
- Su ilə əhatələnmiş coğrafi məhdudiyyəti siyasi inkişafa çevirmək cəhdidir;
- Türk Dünyasının Avrasiya dəhlizinə qoşulması üçün şərti baryerləri dağıtmaq istəyidir;
- Çin-Rusiya-İran üçbucağından sıyrılıb, alternativ strateji orbitlərə – Türkiyə və Avropa ilə birbaşa bağlanmaq cəhdidir.
Bu, təkcə nəqliyyat zəncirində bir halqa olmaq deyil – bu, o zəncirin istiqamətini dəyişmək təşəbbüsüdür.
Azərbaycan bu strukturun mərkəzi sinir düyünüdür. Bakı Beynəlxalq Dəniz Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Azərbaycan Avrasiya tranzit arxitekturasının əsas sistem mühəndisinə çevrilib.

Ermənistan hələ də terminoloji “müharibə” aparır – “Zəngəzur” yox, “regional kommunikasiyalar”. Amma bu əvəzləmə artıq dəyişməyən bir istiqamətə qarşı dəyişən bir taktikanın ifadəsidir.
Paşinyan hökuməti anlayır ki, bu dəhliz Ermənistanın Rusiya orbitindən çıxmaq üçün vasitədir. Avropa ilə fiziki və iqtisadi inteqrasiya üçün vasitədir. Və bəli, sülh müqaviləsinin şifahi yox, texniki hissəsidir. Ona görə də, bu dəhliz açılacaq – adını deməsə də, yolunu çəkəcək.
Özbəkistanın donanması, Azərbaycanın dəmir yolları, Gürcüstanın limanları və Türkiyənin logistik gücü – Orta Dəhliz artıq “dəhliz” yox, siyasi–iqtisadi “sistem”dir. Zəngəzur bu sistemin geopolitik açar kilididir.
Zəngəzur dəhlizi artıq təkcə fiziki keçid deyil. Bu, regional nizamın, dövlətlərin öz kimliklərini yenidən tərif etmə prosesinin məntiqi mərhələsidir. Azərbaycan və Ermənistan 35 il bir-biri ilə müharibədə oldular. Amma indi onlar eyni geosiyasi burulğanda eyni istiqamətə çəkilirlər – biri liderliklə, digəri məcburiyyətlə. Bu dəyişiklik post-sovet dövrünün son fəsli, yeni Avrasiya erası üçün isə ilk səhifədir.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru