Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Komissiyanın aidiyyəti işçi qruplarının, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. İclasda resurslardan daha səmərəli istifadənin, reallaşdırılmış islahatlar barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün qlobal təşkilatlarla koordinasiyanın gücləndirilməsinin önəmi vurğulanıb.
Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Qlobal İnnovasiya İndeksində Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması üçün işçi qrupları arasında qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin artırılmasının əhəmiyyətini qeyd edib.
İclasda işçi qruplarının nümayəndələri tərəfindən Qlobal İnnovasiya İndeksinə dair fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər və gözləntilər barədə məlumat verilib. Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin təhlili, İndeksdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına dair tövsiyələri əhatə edən təqdimatlar edilib.
18:15 11.07.2025
Oxunuş sayı: 889