Qəbul imtahanlarında Azərbaycan və rus bölmələrində ayrı-seçkilik var? AÇIQLAMA

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesi hər il minlərlə abituriyentin gələcək taleyini müəyyən edir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan qəbul imtahanlarında namizədlər Azərbaycan və rus bölmələri üzrə ayrılırlar. Lakin bu prosesdə müşahidə olunan maraqlı bir tendensiya cəmiyyətin diqqətini çəkməkdədir: eyni ixtisaslara qəbul zamanı rus bölməsi üzrə keçid balları əhəmiyyətli dərəcədə aşağı, Azərbaycan bölməsi üzrə isə daha yüksək olur. Məsələn BDU Riyaziyyat müəllimliyi: Azərbaycan bölməsi: 544, Rus bölməsi: 282, İqtisadiyyat: Azərbaycan bölməsi: 393 Rus bölməsi: 200, Hüquq: Azərbaycan bölməsi: 612 Rus bölməsi: 603, UNEC Maliyyə: Azərbaycan bölməsi: 527 Rus bölməsi: 364, ADİA Hüquq: Azərbaycan bölməsi: 659 Rus bölməsi: 601, ATU Tibb: Azərbaycan bölməsi: 605 Rus bölməsi: 534. Bu fərq isə haqlı olaraq bərabər imkan prinsipinin pozulub-pozulmadığı sualını gündəmə gətirir.
Mövzu ilə bağlı tarix müəllimi Şakir Hüseyn Crossmedia.az-a açıqlama verib: “Keçid balları hər il abituriyentlərin topladıqları bala görə müəyyən olunur. Hansı ixtisasa tələb nə qədər çoxdursa həmin ixtisasın dəyəri də ona görə müəyyən olunur. Görünür rus bölməsini bitirən şagirdlərin göstərdiyi nəticələr Azərbaycan bölməsi ilə müqayisədə kifayət qədər az olduğu üçün onların seçim etdiyi ixtisaslarda da keçid balı daha az müəyyən olunur. Azərbaycan bölməsində isə həm şagirdlərin göstərdiyi nəticələr yüksəkdi, həm də say baxımından rəqabət gərgin olduğu üçün ballar yuxarı olur. Məsələn Azərbaycan və rus bölməsini bitirən iki tələbə müxtəlif keçid ballarına baxmayaraq BDU-nun hüquq fakültəsinə qəbul olur. Onlar Universiteti bitirdikdən sonra aldıqları diplomun statusu eynidir, heç bir ayrıseçkilik yoxdur. Lakin universiteti bitirdikdən sonra rus sektorunun şagirdi əlavə bir dil bildiyi üçün işə alınma prosesində daha çox ehtimal var. Daha çox çalışan, əziyyət çəkən Azərbaycan bölməsi tələbəsi arxa planda qalır”.
Ayhan
13:57 07.07.2025
Oxunuş sayı: 1427