Samir Şərifov: Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqləri gücləndirilir

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqləri gücləndirilir, qarşılıqlı əlaqələrdə iqtisadi artım müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ilə Azərbaycan əlaqələri özünəməxsus yerə sahibdir:
"Hər iki ölkəni xalqlarımızın çoxəsrlik tarixi bir-birinə bağlayır. Müstəqillikdən sonra dövlətlərimiz ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlıq münasibətləri qurulub”.
S.Şərifov həmçinin bildirib ki, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri Türk dünyası ilə əməkdaşlığın gücləndirilməsidir:
“Azərbaycan və Türkmənistan humanitar və mədəniyyət sahəsində də əməkdaşlıq edir. 2025-ci ildə hər iki ölkədə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi barədə qərar qəbul edilib. Eyni zamanda beynəlxalq təşkilatlar daxilində də əməkdaşlığa böyük diqqət göstərilir. Türk Dövlələri Təşkilatı daxilində dialoqun genişləndirilməsi ölkələrimizin inkişafına yol açır”.
Samir Şərifov Bakı, Ələt və Türkmənbaşı limanlarının daha geniş istifadəsinə təşviq etməkdən də söz açıb.
“Dost və qardaş Türkmənistanla münasibətlərimiz tarixi dəyərlərə əsaslanır. İyunun 9-da iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyini qeyd etdik. Dövlət başçılarının liderliyində əlaqələrimiz daha da gücləndirilir. Azərbaycan və Türkmənistan arasında münasibətlərin təməlini strateji tərəfdaşlıq sazişi təşkil edib. İki ölkə arasında hokumətlərarası komissiyanın iclaslarının keçirilməsi də əlaqələrin inkişafına xidmət edir”, - o deyib.
Nazir müavini vurğulayıb ki, iki ölkə arasında quru sərhəd olmasa da, Xəzər dənizi birləşdirici faktordur:
“Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib. İki ölkə arasında bu sahədə əməkdaşlıq genişləndirilir”. (report)
10:45 18.06.2025
Oxunuş sayı: 944