Rusiya XİN: "İsrailin İrana hücumları dünyanı nüvə fəlakətinə sürükləyə bilər"

Rusiya Xarici İşlər Nazirliyi İsrailin İrandakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlara dair kəskin etiraz bəyanatı yayıb.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, İsrailin bu hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması olmaqla yanaşı, qlobal nüvə təhlükəsizliyi üçün ciddi təhdid yaradır:
“İsrailin İranda yerləşən dinc nüvə obyektlərinə qarşı davam edən intensiv hücumları beynəlxalq hüquqa ziddir. Bu cür addımlar beynəlxalq təhlükəsizlik sisteminə ciddi zərbə vurur və dünyanı nüvə fəlakəti ilə üz-üzə qoyur”, - deyə bildirilib.
Moskva Qərb dövlətlərini də sərt şəkildə tənqid edərək, onların İsrailə verdiyi dəstəyin BMT Nizamnaməsinə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prinsiplərinə zidd olduğunu bəyan edib:
“Qərbin nüvə silahlarının yayılmaması rejimini siyasi maraqlarına uyğun şəkildə şərh etməsi və onu selektiv tətbiq etməsi beynəlxalq hüququn nüfuzuna ciddi zərər vurur. Bu yanaşma qəbuledilməzdir”.
Rusiya tərəfi İsrail hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə və MAQATE tərəfindən qorunan obyektlərə hücumları dərhal dayandırmağa çağırıb:
“İsrail gərginliyi daha da artırmaq əvəzinə beynəlxalq hüququ rəhbər tutmalı və nüvə təhlükəsizliyinə hörmətlə yanaşmalıdır”.
Nazirlik həmçinin MAQATE-yə müraciət edərək, İrandakı nüvə obyektlərinə dəymiş zərərlərlə bağlı müstəqil və qərəzsiz qiymətləndirmə aparılmasını tələb edib.
Bəyanatda vurğulanır ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalır və hücumların dayandırılması halında ABŞ ilə nüvə proqramı üzrə danışıqlara hazırdır.
Rusiya sonda regionda davam edən böhranın yalnız diplomatik və siyasi yollarla həll edilə biləcəyini bir daha bəyan edib.
Aybəniz Səfərova
05:39 18.06.2025
Oxunuş sayı: 891