AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 259 172 bilet satılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Bayram ərəfəsində və istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
17:47 05.06.2025
Oxunuş sayı: 1065