Günəş partlayışlarının tarixi - ARAŞDIRMA

Günəş partlayışları Günəş atmosferində baş verən enerjili püskürmələrdir və bunlar böyük maqnit sahələri arasında sərbəst enerjinin qəfil boşalması nəticəsində meydana gəlir. Günəş partlayışları adətən Günəş ləkələrinin olduğu aktiv bölgələrdə müşahidə olunur və Günəşin maqnit sahəsindəki dəyişikliklər bu hadisələrin yaranmasına səbəb olur.
Alimlər Günəş partlayışlarını onların rentgen dalğa uzunluqlarında maksimum parlaqlığına görə təsnif edirlər. Beş əsas kateqoriya mövcuddur və onlar ən güclüdən ən zəifə doğru sıralanır:
1. X sinif partlayışlar — Partlayışların ən böyüyüdür. Bunlar dünya miqyasında radio rabitə kəsintilərinə və yuxarı atmosferdə uzunmüddətli radiasiya fırtınalarına səbəb ola bilər.
2. M sinif partlayışlar — Orta gücə malikdir. Adətən Yer kürəsinin qütb bölgələrində qısamüddətli radio kəsintilərinə səbəb olurlar. Bəzən M sinif partlayışından sonra zəif radiasiya fırtınaları meydana gəlir.
3. K sinif partlayışlar — Zəif gücə malikdir. Adətən, bu partlayışlar Yer üzündə minimal təsir yaradır.
4. C sinif partlayışları — kiçik partlayış sayılır və Yer kürəsində əhəmiyyətli təsirləri olmur.
5. B sinif partlayışları — C sinif partlayışlarından on dəfə daha zəifdir.
6. A sinif partlayışları — B sinif partlayışlarından ən azı on dəfə daha zəifdir və Yer kürəsində heç bir nəzərəçarpan təsiri yoxdur.
Günəş partlayışlarının Yerə təsiri ionosferdə ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər nəticəsində yerüstü radio rabitəsi pozula, GPS sistemləri funksionallığını itirə və süni peyklərin elektronikasında zədələnmələr baş verə bilər. Günəşdən gələn enerjili hissəciklər atmosferə daxil olduqda, aviasiya uçuşlarına və insanların sağlamlığına təsir göstərə bilər. Kosmik radiasiya astronavtlar üçün risk faktorlarından biridir və onların qorunması üçün xüsusi texnologiyalar hazırlanır.
Tarixdə bir neçə güclü Günəş partlayışı Yer kürəsinə ciddi təsir göstərib. Misal üçün, Carrington hadisəsi Günəş partlayışlarının Yer kürəsinə olan güclü təsirinin ən bariz nümunələrindən biridir. Bu hadisə 1-2 sentyabr 1859-cu ildə baş verib və tarixdə qeydə alınmış ən güclü geomaqnit fırtınalardan biri hesab olunur. Richard Carrington və Richard Hodgson bu partlayışı müşahidə edərək onun Yer atmosferinə təsirini sənədləşdiriblər.
Hadisə zamanı Günəşdə güclü X sinif partlayış baş verib və bu partlayışla müşayiət olunan tac kütlə atılması (CME) yüksək sürətlə (17.6 saat) Yerə yönəlib. Nəticədə, Günəşdən yayılan yüklü hissəciklər Yerə çataraq atmosferlə qarşılıqlı əlaqəyə girib və güclü geomaqnit fırtınası yaradıb. Qeyd edək ki, NASA Spaceflight-a görə, adətən CME-lərin Yerə çatması bir neçə gün çəkir.
Bu fırtına teleqraf şəbəkələrinə ciddi təsir göstərib — dünyanın müxtəlif yerlərində teleqraf sistemləri işləmədiyi üçün rabitə kəsilib, bəzi teleqraf aparatları alovlanıb. Bəzi teleqraf operatorları isə şəbəkəni elektrik enerjisi olmadan da işlədə bildiklərini bildiriblər, çünki geomaqnit fırtına o qədər güclü idi ki, naqillərə təbii elektrik cərəyanı ötürürdü.
Carrington hadisəsi qütb parıltılarının (aurora) da qeyri-adi şəkildə müşahidə olunmasına səbəb olub. Carrington hadisəsi zamanı auroralar dünyanın müxtəlif yerlərində, həm şimal, həm də cənub yarımkürəsində müşahidə edilib.
“Baltimore American and Commercial Advertiser” qəzetinin 3 sentyabr 1859-cu il tarixli buraxılışında bu hadisə belə təsvir olunurdu: “Cümə axşamı gecəsi çöldə olanlar göy üzündə möhtəşəm aurora işıqlarını izləyə bildilər. Bu, bazar günü gecə müşahidə edilən auroraya bənzəsə də, bu dəfə işıqlar daha parlaq idi, rənglər isə daha müxtəlif və göz oxşayan görünürdü. Parıltı sanki bütün səmaya yayılan bir işıqlı buludu xatırladırdı, böyük ulduzlar isə onun içindən solğun şəkildə görünürdü. İşığın gücü dolunaydan daha üstün olsa da, o, incə və yumşaq bir parlaqlıqla hər şeyi əhatə edirdi.
Gecə yarısı işıq şousu tam zirvəyə çatdı. Şəhərin sakit küçələri bu qeyri-adi işığın altında sirli və valehedici bir mənzərə yaradırdı”.
Müasir ölçmə metodları ilə qeydə alınan ən güclü Günəş partlayışı isə 2003-cü ildə baş verib. Bu partlayış o qədər güclü olub ki, onu ölçən sensorlar X28 səviyyəsinə çataraq işini dayandırıb.
Müasir elmi araşdırmalar günəş partlayışlarını proqnozlaşdırmaq və onların təsirlərini azaltmaq üçün yeni texnologiyalar inkişaf etdirir. NASA və NOAA kimi təşkilatlar günəşin aktivliyini izləyərək qabaqcadan xəbərdarlıq sistemləri hazırlayırlar. Günəşin maqnit sahəsindəki dəyişikliklər kompüter modelləri vasitəsilə analiz edilir və bu analizlər gələcəkdə baş verəcək partlayışların vaxtını və gücünü müəyyən etməyə kömək edir.
Günəş partlayışlarını öyrənmək və onların yerə təsirini azaltmaq üçün yeni peyk missiyaları həyata keçirilir. Məsələn, “Parker Solar Probe” Günəşə ən yaxın uçan kosmik aparatdır və o, günəş tacının dinamikasını araşdıraraq bu hadisələrin necə baş verdiyini daha yaxşı anlamağımıza kömək edir. “Solar and Heliospheric Observatory” (SOHO) və “Solar Dynamics Observatory” (SDO) kimi peyklər Günəşin aktivlik dövrünü izləyir və onun yer atmosferinə təsirini qiymətləndirirlər.
Günəş partlayışları həm texnologiya, həm də insan fəaliyyətinə təsir etdiyindən, onların proqnozlaşdırılması və nəzarət edilməsi vacibdir.
Nəzrin Salmanova
12:10 05.06.2025
Oxunuş sayı: 1644