Yunanıstanda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib


Yunanıstanda taksi sürücülərinin tətili fonunda keçirilən etiraz aksiyası zamanı etirazçılarla polis arasında insident yaşanıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyası ölkənin paytaxtı Afinada yerləşən İnfrastruktur və Nəqliyyat Nazirliyinin qarşısında keçirilib.
Belə ki, taksi sürücüləri qeyri-qanuni taksi fəaliyyəti, bu sahədə nəzarətsiz tətbiq təcrübələri və vergi dərəcələrinin yüksək olması ilə bağlı narazılıqlarını bildirmək üçün nazirlik rəsmiləri ilə görüş tələb ediblər.
Aksiya iştirakçıları öz avtomobilləri ilə karvan şəklində nazirliyin qarşısına gələrək binaya daxil olmaq istədikdə, polis müdaxilə edib.
Etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma baş verib. Polis etirazçılara qarşı bibər qazından istifadə edib.
Qeyd edək ki, Afinada taksi sürücülərinin tətili mayın 28-i saat 06:00-da başlayıb və mayın 29-u saat 06:00-a qədər davam edəcək.
20:39 29.05.2025
Oxunuş sayı: 861