Başqalarının xoşbəxtliyi niyə bizi bədbəxt edir?
Sosial şəbəkələrdə hər kəsin həyatı sanki mükəmməldir: kimisi bahalı restoranlarda çəkdirdiyi fotoları paylaşır, kimisi xoşbəxt münasibətini nümayiş etdirir, kimisi isə uğurlarını bir-bir sıralayaraq ideal həyat tablosu yaradır. Ekranın o biri tərəfində isə bütün bunları izləyən insanlar bəzən öz həyatlarını başqalarının həyatı ilə müqayisə edir, sahib olduqlarını unudaraq sahib olmadıqlarına köklənirlər. Beləcə, başqalarının xoşbəxtliyini izləmək insanın öz daxilində narazılıq, yetərsizlik və geridə qalmaq hissi yarada bilir. Müasir dövrdə hər kəsin xoşbəxt görünməyə çalışdığı bir zamanda insanların özlərini niyə daha çox bədbəxt hiss etməsi cəmiyyətin diqqət tələb edən psixoloji və sosial məsələlərindən birinə çevrilir.
Niyə bəzi insanlar sahib olduqları gözəl şeylərə sevinməkdənsə, başqalarının sahib olduqlarına daha çox diqqət yetirirlər? Bu davranışın arxasında hansı psixoloji ehtiyaclar və daxili qorxular dayanır?
Mövzu ilə bağlı Croosmedia.az-a açıqlama verən psixoloq Mətanət Əliyeva bildirib ki, insanların başqalarının sahib olduqlarına həddindən artıq fokuslanması psixologiyada əsasən sosial müqayisə mexanizmi ilə izah olunur:

"Leon Festingerin klassik sosial müqayisə nəzəriyyəsinə görə, insanlar öz qabiliyyətlərini, uğurlarını və həyatdakı mövqelərini qiymətləndirmək üçün çox vaxt başqalarını referans nöqtəsi kimi istifadə edirlər. Yəni biz yalnız “mən necə yaşayıram?” sualını vermirik, eyni zamanda “başqaları ilə müqayisədə mən haradayam?” sualına da cavab axtarırıq.
Bu müqayisə müəyyən həddə qədər motivasiyaedici ola bilər. Məsələn, insan özündən daha uğurlu birini gördükdə “mən də buna çata bilərəm” düşüncəsi ilə ilhamlana bilər. Lakin müqayisə davamlı olaraq “məndə yoxdur, onda var”, “mən geridə qalmışam”, “deməli, mən kifayət qədər yaxşı deyiləm” formasını aldıqda artıq insanın özünə münasibətinə və emosional rifahına mənfi təsir göstərməyə başlayır.
Burada xüsusilə yuxarı istiqamətli sosial müqayisə maraqlıdır. İnsan özündən daha uğurlu, daha varlı, daha gözəl və ya daha xoşbəxt hesab etdiyi insanlarla özünü müqayisə etdikdə, əgər özünəinamı zəifdirsə, bu müqayisə onda ilhamdan daha çox yetərsizlik hissi yarada bilər. Müasir sosial media da məhz bu mexanizmi gücləndirir. Çünki sosial şəbəkələrdə biz insanların həyatının tam mənzərəsini deyil, seçilmiş və daha çox müsbət hissələrini görürük. Məsələn, Facebook istifadəsini araşdıran məşhur bir tədqiqatda gənc yetkinlərin platformadan daha çox istifadə etdikləri dövrlərdə subyektiv rifahlarının və həyat məmnunluqlarının azaldığı müşahidə olunub. Müəlliflər bunun səbəblərindən biri kimi sosial müqayisə mexanizmini göstərirdilər. Digər araşdırmalar da sosial şəbəkələrdən passiv istifadə etdikdə, yəni insan özü aktiv ünsiyyət qurmaqdan çox başqalarının həyatını izlədikdə, yuxarı istiqamətli sosial müqayisənin artdığını və bunun daha aşağı psixoloji rifahla əlaqəli olduğunu göstərib. Əslində “hamı xoşbəxt görünür, mən niyə deyiləm?” düşüncəsi çox vaxt reallığın deyil, beynimizin müqayisə üsulunun nəticəsidir. İnsan başqasının həyatının ən yaxşı kadrlarını öz həyatının bütün gündəlik çətinlikləri ilə müqayisə edir. Bu isə təbii olaraq ədalətli müqayisə deyil. Bu davranışın arxasında tez-tez daha dərin psixoloji ehtiyaclar dayanır. Onlardan biri qəbul olunmaq və dəyərli hiss etmək ehtiyacıdır. Əgər insan öz dəyərini daxildən formalaşdıra bilmirsə, onu xarici göstəricilərlə ölçməyə başlayır: “Mən nə qədər qazanıram?”, “necə görünürəm?”, “mənim münasibətim necədir?”, “başqaları məni nə qədər bəyənir?”. Belə olduqda başqasının uğuru insan üçün sadəcə onun uğuru kimi deyil, öz yetərsizliyinin sübutu kimi qəbul edilə bilər".
Psixoloq bildirib ki, bunun arxasında geri qalmaq qorxusu da dayanır: "Müasir insan çox vaxt müəyyən yaşda müəyyən şeylərə sahib olmalı olduğu mesajını alır: müəyyən karyera, ev, münasibət, səyahət, gəlir səviyyəsi və s. Başqasının həmin mərhələyə çatdığını gördükdə isə “mən gecikirəm” hissi yaranır. Bu, xüsusilə gənclərdə güclü ola bilər. Çünki həyatın fərqli tempi və fərdi inkişaf yolu nəzərə alınmadan insan özünü xarici standartlarla qiymətləndirir. Digər maraqlı psixoloji məqam isə hedonik adaptasiyadır. İnsan çox arzuladığı bir şeyə nail olduqda əvvəlcə güclü sevinc yaşayır, lakin bir müddət sonra həmin vəziyyət onun üçün adi hala çevrilir. Klassik araşdırmalardan birində böyük lotereya uduşu qazanan insanların xoşbəxtlik səviyyəsinin gözlənildiyi qədər davamlı yüksəlmədiyi göstərilmişdi. Bu, bizə göstərir ki, insanın “bunu əldə etsəm, tam xoşbəxt olacağam” düşüncəsi çox vaxt reallığa uyğun olmur. Çünki yeni vəziyyətə uyğunlaşdıqdan sonra beyin növbəti çatışmayan şeyə fokuslana bilər. Məhz buna görə bəzi insanlar sahib olduqları gözəl şeyləri çox tez “adi” hesab etməyə başlayırlar. Bir müddət əvvəl arzuladıqları şey əldə edildikdən sonra artıq emosional diqqət oradan çəkilir və “indi məndə olmayan nədir?” sualı ön plana keçir. Əgər insan daim bu mexanizmlə yaşayırsa, obyektiv olaraq çox şeyə sahib olsa belə, subyektiv olaraq özünü daim natamam hiss edə bilər. Burada qısqanclıq və paxıllığı da yalnız mənfi xarakter xüsusiyyəti kimi qiymətləndirmək doğru olmaz. Bəzən bu hisslər insanın hansı ehtiyacının ödənilmədiyini göstərən bir siqnal ola bilər. Məsələn, başqasının karyerasına paxıllıq edən insanın əsl ehtiyacı peşəkar inkişaf ola bilər. Başqasının münasibətinə həssas reaksiya verən birinin isə daha dərin emosional yaxınlığa ehtiyacı ola bilər. Yəni əsas məsələ hissi inkar etmək deyil, “bu müqayisə mənim hansı ehtiyacımı göstərir?” sualını verməkdir. Psixoloji sağlamlıq baxımından məqsəd özümüzü heç vaxt başqaları ilə müqayisə etməmək deyil. Bu, real deyil. Daha sağlam yanaşma müqayisənin istiqamətini dəyişməkdir. İnsan “niyə onda var, məndə yoxdur?” sualından “mənim üçün həqiqətən nə vacibdir?” və “mən öz həyatımda hansı istiqamətdə inkişaf etmək istəyirəm?” suallarına keçdikdə, xarici müqayisənin təsiri azalır. Məncə, burada əsas fikir budur: insanı bədbəxt edən hər zaman sahib olmadıqları deyil, sahib olduqlarını görməsinə mane olan davamlı müqayisədir. İnsan öz dəyərini başqasının uğuru ilə ölçməyə başladıqda, həmişə ondan daha çox qazanan, daha çox səyahət edən, daha gözəl görünən və ya daha uğurlu biri tapılacaq. Bu müqayisənin sonu yoxdur. Psixoloji rifah isə daha çox insanın öz dəyərlərini, ehtiyaclarını və həyat tempini tanıması, öz inkişafını keçmişdəki özü ilə müqayisə etməsi və sahib olduqları ilə real emosional əlaqə qura bilməsi ilə formalaşır."
Nuray Oqtayqızı
16:15 15.10.2026
Oxunuş sayı: 61