İsrail ABŞ-nin atəşkəs təklifini qəbul edib

Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda tərəflər arasında müvəqqəti atəşkəs və əsir mübadiləsi ilə bağlı yeni təşəbbüs gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, İsrail tərəfi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi atəşkəs və girov mübadiləsi planına ilkin olaraq müsbət münasibət bildirib.
İsrail mətbuatının yaydığı məlumata görə, Baş nazir Benyamin Netanyahu israilli girovların ailələri ilə görüş zamanı ABŞ tərəfindən təqdim olunan son planın qəbul ediləcəyini bildirib.
“Biz Vitkoffun təklifini qəbul edəcəyik. Bu plan həm girov mübadiləsini, həm də Qəzzada müvəqqəti atəşkəsi əhatə edir”, - Netanyahu görüş zamanı qeyd edib.
Digər tərəfdən, HƏMAS da təklifi aldığını və təşkilat daxilində müvafiq strukturlar tərəfindən dəyərləndirildiyini təsdiqləyib.
Hərəkatın bəyanatında qeyd olunur: “Təklif araşdırılır və cavabımız Fələstin xalqının maraqlarını qoruyacaq, humanitar yardımın çatdırılmasına şərait yaradacaq və davamlı atəşkəsə aparan yolu açacaq”.
Qeyd edək ki, təqdim olunan plan regional sabitlik baxımından müəyyən ümidlər doğursa da, tərəflərin yekun qərarı və praktik addımları yaxın günlərdə aydınlaşacaq.
Aybəniz Səfərova
19:49 29.05.2025
Oxunuş sayı: 1695