Taksidən sonra avtobus: Sükanı qadınlar idarə edəcək

Təxminən on il əvvəl ölkədə qadın sürqcü görəndə təəccüblənirdik. Bu gün isə hətta qadın taksi sürücüləri də var. Etiraf etmək lazımdır ki, onların bir çoxu avtomobili heç də kişilərdən pis idarə etmirlər. Son günlər qadınların avtobus sürücüsü kimi çalışmaları məsələsi də güdəmə gəlib. Belə ki, sərnişin avtobusu şirkətlərindən biri qadın sürücüləri işə dəvət edib, bu barədə elan verib.
Bu təşəbbüs təkcə bir şirkətin addımı kimi deyil, ümumilikdə nəqliyyat sahəsində yeni yanaşmaların başlanğıcı kimi qiymətləndirilə bilər. Mövzunun aktuallığını və praktiki tərəflərini dəyərləndirmək üçün bu sahəni yaxından izləyən mütəxəssislərin fikirlərinə üz tutduq. Yəqin ki, yaxın zamanda avtobuslarda qadın sürücülər də görəcəyik.
Bu təşəbbüs barədə Crossmedia.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı təxminən iki il əvvəl şirkətlərdən birinin bu istiqamətdə oxşar bir müraciət etdiyini xatırladıb: "Bu günlərdə isə başqa bir şirkət bu tipli bir çağırış yayımlandı ki, qadın sürücülər işə dəvət olunur. Dövlətimiz artıq avtobus sürücüsü kimi onların xidmətindən istifadə etmək niyyətindədir. Bildiyimə görə, bu müraciətə indiyədək ona yaxın qadın reaksiya Düzdür, onların sürücülük kateqoriyası hələ uyğun deyil, lakin şirkət həmin namizədləri xüsusi təlimlərə cəlb etməyi, imtahanlardan uğurla keçərək “D” kateqoriyası almalarını və daha sonra avtobus sürücüsü kimi fəaliyyətə başlamalarını nəzərdə tutur. Belə bir təşəbbüsün olması çox sevindirici haldır".
Ekspert bu müraciətə qısa müddətdə on qadının müsbət cavab verməsinin təqdirəlayiq olduğunu qeyd edib: "Hesab edirəm ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da qadınların ictimai nəqliyyatda, xüsusən də avtobus sürücüsü kimi fəaliyyət göstərməsi mümkündür. Sadəcə olaraq, onların peşəkar səviyyələrinin artırılması üçün təlimlərdə iştirak etmələri və bu prosesə məsuliyyətlə yanaşmaları vacibdir. Eyni zamanda, onların iş saatlarına xüsusi həssaslıqla yanaşılmalıdır. Qadınlar zərif cinsin nümayəndələridir və iş prosesində onların müəyyən xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Bu halda, onlar daha təhlükəsiz və səmərəli şəkildə nəqliyyat vasitələrini idarə edə biləcəklər".
Fəlsəfə doktoru üzrə iddiaçı, BDU-nun müəllimi, sosioloq Rəvan Əliyev isə Azərbaycanda qadınların sürücülük, mühəndislik, informasiya texnologiyaları və ya hərbi xidmət kimi sahələrdə aktiv iştirakının bir neçə köklü stereotipi sorğulamağa və zamanla qırmağa kömək etdiyini bildirib: "İlk növbədə, “Qadınlar yalnız rahat və ya qayğıya əsaslanan peşələr üçün uyğundur” kimi yanlış qənaət aradan qalxır. Bu, qadının intellektual, texniki və fiziki potensialının cəmiyyət tərəfindən tanınması üçün vacib addımdır. İkincisi, cinsiyyətə əsaslanan əmək bölgüsü ilə bağlı ənənəvi təsəvvürlər zəifləyir. Peşənin "kişi" və ya "qadın" peşəsi olaraq təsnifləşdirilməsi artıq zamana uyğun deyil. Qadın artıq təkcə ailə daxilində deyil, həm də texnoloji və iqtisadi sferalarda qərar verici və iştirakçı kimi tanınır".
Cəmiyyətin qadın sürücülərə münasibəti və bu münasibətin formalaşmasında rol oynayan əsas faktorlar barədə sosioloq ənənəvi dəyərlərin güclü olduğu cəmiyyətlərdə qadınların sükan arxasında görünməsinin hələ də müəyyən dərəcədə təəccüb və ya tənqidlə qarşılandığını qeyd edib: "Lakin müasir və urbanizə olunmuş mühitlərdə bu hal artıq normaya çevrilməkdədir. Texnogen inkişaf şəraitində qadın artıq sadəcə bioloji və ya ailəvi rol daşıyıcısı deyil – o, texnoloji, iqtisadi və sosial fəallıq subyektidir. Qadının avtomobil idarə etməsi isə bu fəallığın simvolik göstəricilərindən biridir. Bu, qadının qərar vermə gücünə və ictimai iştirakçılığına xüsusilə təsir edir".
Pərvin Hacıyeva
13:27 22.05.2025
Oxunuş sayı: 4204