“Prezident İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli xarici siyasət strategiyası gerçəkləşdirilir"- Deputat

Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayan Azərbaycan, bu gün həm Şərqlə, həm də Qərblə diplomatik uğurlar əldə edir. Tirana sammiti bu uğurların daha bir simvolik nöqtəsinə çevrildi.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilən görüşlər Azərbaycan və Avropa arasındakı əlaqələrin inkişafını, eləcə də Azərbaycanın beynəlxalq arenada oynadığı rolu bir daha göstərib:
"Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin rəhbəri Roberta Metsolanın Prezident İlham Əliyevlə görüşmək xahişi, Azərbaycanın Avropa ilə münasibətlərinin daha da dərinləşməsini simvolizə edir. Bu görüş Azərbaycanın Avropada enerji təhlükəsizliyi və regional siyasət sahəsindəki rolunu möhkəmləndirmək məqsədi daşıyır.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın bundan öncə Azərbaycana etdiyi uğurlu səfəri də ölkəmizin regional əhəmiyyətini bir daha vurğuladı. Bu səfər Azərbaycanın Avropa üçün enerji ehtiyatlarını təmin etməkdəki strateji rolunu ön plana çıxarır.
Avropa İttifaqının enerji komissarının Azərbaycana səfəri, qurumun enerji təhlükəsizliyinin təminatında Azərbaycanın önəmli rolunu tanıdığını göstərir. Bu, Azərbaycanın enerji resurslarına olan marağı artırmaqla yanaşı, Avropa ilə nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə səbəb olur".
Deputat vurğuladı ki, bütün bu hadisələr Avropa ilə Azərbaycan arasındakı münasibətlərin normal məcrada inkişaf etdiyini göstərir və yeni bir dövrün başlanğıcını simvolizə edir: "Azərbaycanın enerji və regional siyasətdəki rolu ölkənin beynəlxalq arenada daha aktiv və strateji bir iştirakçı olmasına zəmin yaradır.
Azərbaycan Prezidentinin Çinə səfəri də iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirdi. Azərbaycan Şərq və Asiya istiqamətində siyasətini genişləndirərək beynəlxalq ticarət və iqtisadi əməkdaşlıq imkanlarını artırır.
Yaxın zamanda ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə, 2026-cı ildə isə Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Həmçinin Bakıda İslam Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsi də planlaşdırılır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın regional və beynəlxalq müstəvidəki nüfuzunu artırır və ölkənin xarici siyasətini daha da möhkəmləndirir.
Bütün bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli xarici siyasət strategiyası çərçivəsində baş verir. Dövlət başçısının liderliyi Azərbaycanın uğurlarını, strateji müttəfiqlərlə münasibətlərini və beynəlxalq arenada daha fəal iştirakını təmin edir".
Həmayıl Şükürlü
21:41 18.05.2025
Oxunuş sayı: 1483