“Azərbaycan beynəlxalq siyasi gündəmin müzakirə edildiyi platformalarda əsas iştirakçıya çevrilib”

“Yeni dünyada yeni Avropa” mövzusuna həsr olunmuş zirvə toplantısına Azərbaycan Prezidentinin də qatılması təsadüfi deyil. Bu, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində həm Şərq, həm Qərb istiqamətində əldə edilmiş uğurların nəticəsidir".
Bu sözləri Crossmedia.az-a açıqlamasında Avropa Siyasi Birliyinin 6-cı sammiti barədə danışan Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
"Məlum olduğu kimi, bu günlərdə dünyanın iqtisadi nəhəngi olan Çinlə strateji əməkdaşlıq sahəsində birgə bəyanat imzalandı. Eyni zamanda İran prezidentinin Azərbaycana uğurlu səfəri baş tutdu. İki ölkə arasındakı münasibətlərdə artıq yeni səhifənin açıldığını söyləyə bilərik. Azərbaycanın həm də Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan önəmi artır. Təsadüfi deyil ki, Azərbaycan 10 Avropa ölkəsinə qaz satır, eyni zamanda ölkəmizin üzərindən keçən Qərblə Şərqi birləşdirən Orta Dəhliz üzrə daşımalar da ilbəil artmaqdadır. Regionda Azərbaycanın müsbət mövqeyi olmadan ciddi transregional layihə effektiv icra olunmur, bunu həm region, həm dünya ölkələri, o cümlədən Avropa dövlətləri də anlayır. Eyni zamanda neokolonializmlə mübarizə, Qlobal Cənub ölkələrinə dəstək kimi qlobal təşəbbüslərin müəllifi kimi Azərbaycan öz maraqlarını qlobal səviyyədə təmin etməyə müvəffəq olur", - o bildirib.
Müsahibimi əlavə edib ki, bütün tərəfdaşlar Azərbaycanın mövcud imkanlarını, təhlükəsiz və dayanıqlı əməkdaşlıq təkliflərini dəyərləndirməyə çalışır: "Bununla yanaşı rəsmi Bakı qlobal məsələlərin həllində həm də vasitəçilik kimi uğurlu təcrübəyə malikdir. Bütün bu keyfiyyətlər Azərbaycanı beynəlxalq siyasi gündəmin müzakirə edildiyi platformalarda əsas iştirakçıya çevirir. Öz siyasi, iqtisadi və hərbi gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın yeni dünya nizamının formalaşması ilə bağlı öz baxışı var. Xatırlatmaq yerinə düşər ki, Avropa Siyasi Birliyinin 2022-ci ilin oktyabrında Praqada keçirilən toplantısında da ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğu xüsusi vurğulanmışdı.
Tiranadakı zirvə görüşündə əsas diqqət yetirilən məsələlərdən biri çoxtərəflilik oldu ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olub. Dövlət başçımızın da söylədiyi kimi, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə rəsmi Bakı tərəfindən əyani şəkildə nümayiş etdirilib".
"Yeri gəlmişkən, Tirana görüşündə beynəlxalq ticarət və iqtisadi əməkdaşlığın qarşılıqlı asılılıq yaratmasına, bunun güc və təzyiq alətinə çevrilməsinə diqqət çəkildi. Amma Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün layihələrdə tərəflərə qazan-qazan prinsipi təklif edilir. Görünən budur ki, Avropa hazırki mürəkkəb geosiyasi şəraitdə özünün dünyadakı nüfuzunun zəifləməsindən narahatdır. Ona görə də etibarlı, proqnozlaşdırla bilən tərəfdaşlara ehtiyac getdikcə artır. Bu xüsusda Azərbaycan ən uğurlu seçimdir", - parlemantari fikirlərini yekunlaşdırıb.
Kənan Novruzov
17:51 18.05.2025
Oxunuş sayı: 976