ABŞ təbliğatla vidalaşır: Dövlət mediası tarixə qarışır?

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Amerikanın Səsi” (Voice of America) radiostansiyası ilə bağlı mühüm qərar verib. 15 may 2025-ci il tarixində radioda çalışan 600 əməkdaşın işdən azad olunması ilə bağlı rəsmi açıqlama yayılıb. Bununla yanaşı, qurumun Vaşinqton şəhərində yerləşən əsas ofisi də satışa çıxarılıb. Bu addım Tramp administrasiyasının dövlət tərəfindən maliyyələşdirilən media orqanlarına baxışını və yeni informasiya siyasətini əks etdirən ciddi islahatların tərkib hissəsi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı media eksperti Azər Həsrət Crossmedia.az-a açıqlama verdi. O bildirdi ki, ABŞ-in indiki Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəlməzdən əvvəl dəfələrlə bəyan edirdi ki, ölkəsində senzura mövcuddur, mediaya isə əsassız şəkildə böyük maliyyə vəsaiti ayrılır: “Onun fikrincə, bu vəsaitlər təbliğat xarakterli medianın süni şəkildə ayaqda saxlanılması üçün istifadə olunur. Tramp bildirirdi ki, vəzifəsinin icrasına başladığı ilk gündən dövlət senzurasının ləğvi və bu tip təbliğat vasitələrinin maliyyələşdirilməsinin dayandırılması istiqamətində qərarlar qəbul edəcək.
Həqiqətən də, Donald Tramp 20 yanvar tarixində vəzifəsinin icrasına başladıqdan dərhal sonra bu istiqamətdə konkret addımlar atdı, sərəncamlar imzaladı və faktiki olaraq “soyuq müharibə” dövrünün qalığı olan "Amerikanın Səsi" radiosu da daxil olmaqla bir sıra media qurumlarının dövlət tərəfindən maliyyələşdirilməsini dayandırdı. Bu qurumların maliyyələşdirilməsinə nəzarət edən dövlət strukturlarına əlavə nəzarət mexanizmləri tətbiq olundu. Hətta USAGM (United States Agency for Global Media) kimi bir qurumun ləğvi ilə bağlı qərar verildi.
Bəs Tramp niyə bu addımları atdı və bu gün 600 nəfərin işdən çıxarılmasının arxasında hansı səbəblər dayanır?
Məsələ ondadır ki, "Amerikanın Səsi" radiosu, eləcə də "Azadlıq", "Azad Avropa" və "Azad Asiya" radioları İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının Avrasiya coğrafiyasında rejimləri zəiflətmək, ölkələrdəki siyasi düzəni pozmaq və ictimai rəyə təsir etmək məqsədilə yaratdığı təbliğat vasitələri idi. Bu qurumlar illərlə ABŞ-ın yumşaq güc siyasətinin tərkib hissəsi kimi fəaliyyət göstəriblər. Trampın bu sistemi dəyişdirmək istəyi isə bu gün həmin strukturda çalışan yüzlərlə əməkdaşın işsiz qalması ilə nəticələnib”.
Ekspertin sözlərinə görə, indi dünya dəyişib və Donald Trampın rəhbərliyi altında ABŞ anlayır ki, bu tip media qurumlarına milyardlarla dollar xərcləməyin artıq heç bir faydası yoxdur: “Çünki soyuq müharibə başa çatıb və həmin dövrün təbliğat üsulları müasir dünyada keçərsizdir. Məsələn, ABŞ-ın Azərbaycan kimi ölkələrə təsir göstərmək üçün ayrıca media qurumlarını maliyyələşdirməsinə ehtiyac yoxdur. Çünki ABŞ istədiyi zaman Azərbaycan dövləti ilə açıq və ikitərəfli danışıqlar aparmaq imkanına malikdir. Bu gün Azərbaycan dövləti ABŞ üçün açıq bir tərəfdaşdır və biz heç vaxt ABŞ-ı rədd etməmişik, gələcəkdə də bu münasibət dəyişməyəcək. Xüsusilə Donald Trampın prezidentliyi dövründə Azərbaycanın ABŞ-la əməkdaşlıq istəyi açıq şəkildə ortadadır.
Belə əlverişli bir diplomatik mühit mövcud olduğu halda, ABŞ-ın "Amerikanın Səsi", "Azadlıq" kimi media qurumlarını süni şəkildə ayaqda saxlaması, bu qurumlara milyardlarla vəsait ayırması və köhnə təbliğat üsullarına əsaslanması artıq mənasız görünür. Məhz buna görə də hazırda ABŞ-da bu tip radioların və təbliğat yönümlü media orqanlarının maliyyələşdirilməsinə dövlət tərəfindən ayrılan vəsaitlər dayandırılıb”.
Ekspert sonda vurğuladı ki, eyni zamanda, dövlətin qurmadığı və formal olaraq "müstəqil" sayılan media orqanlarına da maliyyə dəstəyi kəsilib: “Məsələn, "The New York Times", "Politico" kimi nüfuzlu nəşrlərə illər ərzində ABŞ Dövlət Departamenti və ya digər uyğun dövlət qurumları tərəfindən ayrılan maliyyə vəsaitləri artıq dayandırılıb. Çünki Tramp administrasiyası hesab edir ki, soyuq müharibə dövrünə xas olan təbliğat artıq aktuallığını itirib və yeni reallıqlara uyğun addımlar atılmalıdır”.
Həmayıl Şükürlü
15:07 16.05.2025
Oxunuş sayı: 1759