BDU-da mətbuatın 150 illiyinə həsr olunmuş açıq dərs: “Mətbuat tarixi tələbələrin gözü ilə”




Bakı Dövlət Universitetində mətbuatın 150 illiyi münasibətilə keçirilən “Rəqəmsal media və kommunikasiya” beynəlxalq elmi konfransın son günü xüsusi açıq dərslə yadda qaldı. “Azərbaycan jurnalistikası tarixi” fənnindən“Mətbuat tarixi tələbələrin gözü ilə” mövzusunda olan tədbirdə Jurnalistika fakültəsinin tələbələri, professor-müəllim heyəti, eləcə də Türkiyənin Üsküdar və Ankara Universitetlərinin nümayəndələri iştirak etdilər.
Fakültə dekanı Vüqar Əliyev qonaqları salamlayaraq dərsi açıq elan etdi. O, bu tədbirin gənc nəsil jurnalistlərin maarifləndirilməsi baxımından önəmini vurğuladı və çıxış üçün sözü fənn müəllimi,dosent Aygün Əzimovaya verdi. Aygün xanım çıxışında Azərbaycan mətbuat tarixinin zəngin irsindən və tələbələrin bu irsi öyrənməsinin vacibliyindən danışdı. Qeyd etdi ki, 1875-1920-ci illər ərzində fəaliyyət göstərən 50-ə yaxın ana dilli mətbu orqan milli mətbuatın inkişaf yolunun göstəricisidir.
Daha sonra 2-ci kurs tələbələri tarixi qəzetlər və tanınmış publisistlərin fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış etdilər. Elmira Ağayeva ,Türkanə Meşədiyeva ,Günel Verdiyeva, Aytən Atakişiyeva,Nəzrin Alıyeva , Nərgiz Orucova,Nəzakət Sadıqova ,Türkan Kərimli, Rahidə Nağıyeva , Ayhan Ağarzayev , Mahmud Əskərli mətbuat tarixinin keçmişinə nəzər saldılar. “Əkinçi”,Həyat”,”Molla Nəsrəddin”,”Füyuzat”,”Açıq söz”,”Azərbaycan” və bu kimi mətbu nəşrlər haqqında ətraflı məlumat verildi.Tələbə Məhəmməd Məcidov isə milli mətbuatlmızın banisi “Həsən bəy Zərdabi”obrazını canlandıraraq tədbirə simvolik ruh qatdı.
Açıq dərsdə “Milli mətbuat tarixi” kafedrasının müdiri, professor, əməkdar jurnalist Cahangir Məmmədov da tələbələrin araşdırmalarını yüksək qiymətləndirərək mətbuat tarixinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd etdi.
Tədbirin davamında Bakı Dövlət Universitetinin mətbuatın 150 illiyinə həsr olunmuş xüsusi buraxılışında yer alan tələbə yazılarının təqdimatı oldu. Eyni zamanda professor Cahangir Məmmədovun “Altmışıncılar nəsrinin poetikası” adlı kitabının təqdimatı da keçirildi. Kitabda 1960-1990-cı illər Azərbaycan nəsrində,xüsusilə onun povest janrındakı yeni meyillərin elmi-nəzəri təhlilinə yer verilib.
Sonda fənn müəllimi Aygün Əzimova bütün iştirakçılara təşəkkürünü bildirdi və çıxışını Şirməmməd Hüseynovun milli mətbuat haqqında dəyərli fikirləri ilə tamamladı.
Qonaqlara “Günəbaxan” uşaq jurnalı hədiyyə olundu və tədbir xatirə fotosu ilə yekunlaşdı.
14:45 16.05.2025
Oxunuş sayı: 813