Zelenski yalnız Putinlə görüşə razıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadan yalnız Prezident Vladimir Putinlə danışıqlar aparmağa hazırdır. O, digər Rusiya rəsmiləri ilə görüşmək niyyətində deyil. Bu mövqe rəsmi Kiyevin müharibənin həlli ilə bağlı yürütdüyü siyasətin əsas tərkib hissəsi kimi qiymətləndirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib.
O bildirib ki, əgər Vladimir Putin İstanbulda danışıqlara qatılarsa, Zelenskinin daha əvvəl imzaladığı danışıqlara qadağa qoyan fərmana yenidən baxıla bilər. Podolyakın sözlərinə görə, Ukrayna tərəfi real nəticə verə biləcək birbaşa dialoqa üstünlük verir və bu yalnız Putinlə mümkün ola bilər.
2022-ci ilin payızında Prezident Zelenski Rusiya ilə rəsmi danışıqları qadağan edən fərman imzalayıb. Həmin sənəddə Ukrayna lideri konkret olaraq Vladimir Putinlə danışıqlara qapıların bağlandığını elan etmişdi. Bu qərar Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə və ilhaq cəhdlərinə cavab olaraq verilmişdi.
Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişənin diplomatik yolla həllini təşviq etməyə çalışır. İstanbulda mümkün görüşlə bağlı bəzi ehtimallar səsləndirilsə də, Kiyev tərəfi yalnız Putinlə birbaşa danışıqları nəzərdən keçirməyə hazır olduğunu açıq şəkildə bildirir.
Bu isə Ukrayna rəhbərliyinin danışıqlara ciddi şərtlərlə yanaşdığını göstərir.
Fatimə Nəbiyeva
20:33 13.05.2025
Oxunuş sayı: 752