Böyük Britaniyada kibertəhlükəsizlik və süni intellektə dair yeni mərkəz açılır

Böyük Britaniyada yerləşən Vulverhempton Universitetində "Kibertəhlükəsizlik və Süni İntellektə Davamlılıq Mərkəzi" (CYBRAI) adlanan yeni bir elmi-tədqiqat mərkəzinin açılışı elan edilib. Rəsmi açılış mayın 16-da baş tutacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Mərkəzin yaradılmasında məqsəd həm regional, həm də milli səviyyədə kibertəhlükəsizlik və süni intellekt sahəsində artan tələbatı qarşılamaq, bu sahədə akademikləri, biznes nümayəndələrini və dövlət qurumlarını bir araya gətirməkdir.
Vulverhempton Universitetinin pro-rektoru professor Prashant Pillai bildirib ki, bu mərkəz rəqəmsal inqilabın yaratdığı çağırışlara cavab olaraq tədqiqat, innovasiya və bacarıq inkişafı üçün mühüm platforma olacaq.
Məlumatlara görə, son bir ildə Böyük Britaniyada bizneslərin 43 faizi, xeyriyyə təşkilatlarının isə 30 faizi kibertəhlükəsizlik insidenti ilə üzləşib. Bu da təxminən 600 min biznes və 60 min xeyriyyə təşkilatına təsir göstərib.
Yeni mərkəzin fəaliyyətləri süni intellektin potensialından istifadə edərək təhlükəsizlik sahəsində müdafiə mexanizmləri inkişaf etdirmək və iqtisadi səmərəliliyi artırmaq üzərində cəmlənəcək.
Nigar Rəhimova
18:14 13.05.2025
Oxunuş sayı: 706