Cezayir Fransadan diplomatik əməkdaşlarını geri çağırmağı tələb etdi

Cezayir hakimiyyəti Fransanın bu Afrikadakı ölkədəki müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq, Fransa diplomatik missiyasının bir neçə əməkdaşının dərhal ölkədən çıxarılmasını tələb edib.
Crossmedia.az bildirir ki,bu addım protokol qaydalarının ciddi şəkildə pozulması ilə əsaslandırılıb.
Məlumata görə, Fransa tərəfinin “ciddi və təkrarlanan pozuntulara” yol verdiyi bildirilib. Bunlara diplomatik heyətin əvvəlcədən məlumat verilmədən və rəsmi akkreditasiyadan keçmədən təyin olunması daxildir ki, bu da beynəlxalq normalara və iki ölkə arasındakı razılaşmalara ziddir.
Cezayir hakimiyyəti son dövrlərdə ən azı 15 nəfər fransız əməkdaşının ölkədə müvafiq prosedurlar olmadan təyin olunduğunu aşkarlayıb. Onlardan bəzilərinin əvvəllər xidməti pasportla ölkəyə daxil olduqları, sonradan isə diplomatik pasportla təmin edilərək girişlərinin asanlaşdırıldığı qeyd olunur.
Bu şəxslər arasında Fransa Daxili İşlər Nazirliyinin iki əməkdaşı da olub. Onlar ötən ay Cezayir tərəfindən “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılan 12 səfirlik əməkdaşının yerinə göndərilmişdilər.Cezayir hökuməti bu təyinatları kəskin şəkildə qınayıb və bu halın ikitərəfli münasibətlərdə ciddi problemlərə yol açdığını bəyan edib. Eyni zamanda Fransa tərəfindən Cezayir diplomatlarına viza verilməsindəki ardıcıl imtinalar, Paris və Marseldəki baş konsulların akkreditasiyasında yaşanan gecikmələr, eləcə də konsulluğun daha yeddi əməkdaşı ilə bağlı analoji problemlər vurğulanıb.
Qeyd edək,cavab olaraq Cezayir tərəfi “qeyri-rəsmi şəkildə təyin olunmuş” bütün fransız əməkdaşların dərhal ölkədən çıxarılmasını və Fransaya geri dönməsini tələb edib.
Fidan Xəlilova
13:08 12.05.2025
Oxunuş sayı: 818