Azərbaycan Prezidenti Qələbə paradında iştirak etmək üçün niyə Rusiyaya getmədi? - Ekspert "mümkün səbəbləri" açıqladı

Azərbaycan Prezidenti İlham Əliyevin 9 may – Qələbə paradında iştirak etmək üçün Rusiyaya planlaşdırılan səfərinin baş tutmaması siyasi dairələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Rəsmi açıqlamalarda səfərin təxirə salınma səbəbi göstərilməsə də, ekspertlər bu qərarın arxasında duran ehtimalları analiz edirlər.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlamasında mümkün səbəblərə aydınlıq gətirib. Onun sözlərinə görə, səfərin təxirə salınmasında bir neçə amil rol oynamış ola bilər:
“2024-cü il dekabrın 25-də baş vermiş və 38 insanın həyatına son qoymuş təyyarə qəzası Azərbaycan–Rusiya münasibətlərində hələ də həll olunmamış məsələ olaraq qalır. Həmin gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus 8243 saylı Bakı–Qroznı reysi zamanı baş vermiş bu faciə ilə bağlı Azərbaycan tərəfi rəsmi olaraq Rusiyadan üzr və kompensasiya gözləyir. Cənab Prezidentin bu istiqamətdə tələbləri açıq və prinsipialdır. Lakin indiyə qədər Rusiya tərəfi nə etiraf edib, nə də üzr istəyib. Bu da səfərin təxirə salınmasının əsas səbəblərindən biri kimi görünür.” deyə politoloq bilidirib.
S. Hümbətov əlavə edib ki, münasibətlərin soyumasına təsir edən tək hadisə bu deyil: “Bir neçə gün öncə Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiya Federasiyasının Həştərxan vilayətində – Heydər Əliyevin 102 illiyi və Azərbaycanın suverenliyi ilə bağlı keçiriləcək tədbirdə iştirak məqsədilə yola çıxsa da, heç bir səbəb göstərilmədən Moskvada hava limanında saxlanılıb deport olunması olduqca təhqiramiz və qəbuledilməz addım idi.”
Sonda isə politoloq qeyd edib ki, bütün bu amillər Azərbaycanın dövlət başçısının bu mərhələdə Rusiyaya səfərini məqsədəuyğun hesab etməməsinə səbəb ola bilər. “Əlbəttə, rəsmi səbəblər başqa cür izah oluna bilər, lakin ehtimallar məhz bu hadisələr ətrafında cəmlənir.”
Səbinə Cəlilova
19:29 10.05.2025
Oxunuş sayı: 5180