Xocalıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd edilib


Xocalı şəhərində Qarabağ Regional Təhsil İdarəsinin və Qarabağ Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Ümummilli Lider: Konstitusiyamızın müəllifi, suverenliyimizin banisi” mövzusunda tədbir keçirilib.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi mühüm islahatlara diqqət çəkib. Bildirib ki, Ulu Öndərin təhsil siyasəti həm də intellektual potensialın formalaşması, milli-mənəvi dəyərlərə və qlobal düşüncəyə malik gənclərin yetişdirilməsi məqsədi daşıyıb. Ş.Bayramov bu cür əhəmiyyətli tədbirlərin məhz tarixi ədalətin bərpa olunduğu Qarabağda, Xocalıda keçirilməsini Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin təntənəsi kimi səciyyələndirib.
Qarabağ Regional Təhsil İdarəsinin təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev çıxışında Ulu Öndərin təhsil sahəsində müəyyənləşdirdiyi strateji hədəflərin bu gün də davam etdirildiyini vurğulayıb.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov çıxış edərək, yeniyetmə və gənclərin Heydər Əliyev irsini öyrənməsinin, həmçinin gələcəyə bu dəyərlərlə addımlamasının vacibliyini diqqətə çatdırıb.
Çıxışlardan sonra “Tarixə çevrilən ömür” adlı videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində tələbələr və şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və musiqi nömrələri təqdim ediblər.(azərtac)
17:04 09.05.2025
Oxunuş sayı: 765