Tramp Ərdoğandan Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməsini istəyib

ABŞ-ın prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçilik etməsini xahiş edib. Tramp bildirib ki, Ərdoğan həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə dialoq qurmaq imkanına malikdir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Prezident Ərdoğan da vasitəçilik təklifinə müsbət yanaşdığını ifadə edib. O, bu prosesdə iştirak etməyə hazır olduğunu və bölgədə sülhün bərqərar olması üçün təşəbbüsləri dəstəklədiyini qeyd edib.
Ərdoğanın beynəlxalq nüfuzu və tərəflərlə olan münasibətləri onu mümkün vasitəçi kimi ön plana çıxarır. Türkiyə daha əvvəl də oxşar münaqişələrdə vasitəçilik təşəbbüsləri ilə çıxış edib.
Görüş zamanı Ərdoğan Trampdan ABŞ-ın Qəzzada atəşkəsin təmin olunmasına dəstək göstərməsini istəyib. O vurğulayıb ki, İsrailin hücumları yalnız Fələstin deyil, həm də Suriyanın təhlükəsizlik və sabitliyini təhdid edir.
Türkiyə lideri bölgədə sülh və sabitliyin təmin olunması üçün beynəlxalq ictimaiyyəti daha fəal olmağa çağırıb.
Fatimə Nəbiyeva
12:40 09.05.2025
Oxunuş sayı: 830