Azərbaycan və Səudiyyə Ərəbistanı hava əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib.
Crossmedia.az bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə istinadən xəbər verir.
Müzakirələr AZAL-ın prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüşdə aparılıb.
Görüş zamanı sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib.
Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığını təsdiqləyir.
Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrə həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri, Ər-Riyad istiqamətində isə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər həyata keçirir.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan hava əlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyi xüsusi olaraq vurğulanıb.
12:06 29.04.2025
Oxunuş sayı: 1038