Cütlüklərin ayrılmasının əsas səbəblərindən biri də mahnı imiş... - Psixoloqlar danışdı

Müasir dövrdə romantik münasibətlər təkcə real həyatda deyil, həm də virtual məkanda formalaşır və yönlənir. Xüsusilə sosial media platformalarının həyatımıza dərin şəkildə nüfuz etməsi, şəxsi münasibətlərə də birbaşa təsir göstərməyə başlayıb. Artıq insanların hisslərini, düşüncələrini və emosiyalarını statuslarla, hekayələrlə və musiqi parçaları ilə ifadə etməsi adi hal alıb. Lakin bu cür paylaşımlar, xüsusilə münasibətdə olan insanlar üçün bəzən yanlış anlaşılmalara, şübhələrə və hətta ayrılıqlara səbəb olur. Məsələn, tərəflərdən birinin paylaşdığı qəmli mahnı və ya mənalı bir status digər tərəfdə narahatlıq yarada, "mənəmi aiddir?" sualını doğura bilər. Bəs, görəsən, bu cür sosial media davranışları nə dərəcədə səmimidir? Və ya bir münasibətin bu cür paylaşımlar üzərindən sona çatması nə qədər doğrudur?
Bu barədə Crossmedia.az-a danışan BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Müşviq Mustafayev bildirib ki, romantik münasibətlərdə tərəflərdən biri qəmli mahnı və ya status paylaşdıqda qarşı tərəfdə statusun məzmunundan asılı olaraq müxtəlif şübhələr yarana bilər: "Misal üçün, bu şübhələrdən biri ayrılıqla bağlı ola bilər. Qarşı tərəf hazırda münasibətdə xüsusilə də hər şey qaydasındadırsa, yəqin ki, başqa biri ilə romantik münasibəti var, onunla ayrılıq yaşayır, bu ayrılıqdan ciddi şəkildə emosional cəhətdən təsirlənib deyə şübhə fikirləri yarana bilər. Yəni, böyük ehtimalla, başqa birini sevirmiş deyə düşünə bilər. Sonra canlı görüşlər zamanı qarşı tərəfin paylaşımlarının qəmli olmasına baxmayaraq, xoşbəxt bir insan kimi davranması onda şübhələrin daha da artmasına səbəb ola bilər".
Psixoloq bildirib ki, bu zaman qarşı tərəfin şübhəli fikirlərinin daha da artmasına əsas səbəb, onun qeyri-səmimi davranması, özünü sanki qəmli status paylaşmayıbmış kimi aparmasıdır: "Qarşı tərəf düşünür ki, yəqin, qarşı tərəfin onunla romantik münasibətinin olmasına baxmayaraq, əslində başqa birini sevirmiş, əsl romantik münasibəti başqa biri ilə qurubmuş, sadəcə onu aldadırmış, yalnız onu özünü pis hiss etdikdə dərdlərini bölüşəcəyi, eyni zamanda əgər əsl münasibəti alınmazsa, “o hər zaman yanımdadır” rahatlığını təmin edən bir şəxs olaraq görürmüş. Nəticədə bu cür düşünən insan özünü çox pis hiss edə bilər, xüsusilə qarşı tərəfə niyə bu cür statusları paylaşdığı ilə bağlı sual vermirsə də, depressiv vəziyyətə düşə bilər. Bu cür halların yaşanmaması üçün, romantik münasibətlərdə tərəflərin bir-biri səmimi olması, empatiya qurması vacibdir. Bu da öz növbəsində yersiz şübhələrin aradan qaldırılmasında əsas rol oynayır".
Psixoloq Aynur İskəndərova isə söyləyib ki, bu mövzu son dövrlər çox aktualdır: "Sosial medianın insan münasibətlərində yaratdığı təsir danılmaz bir həqiqətə çevrilib. Zaman keçdikcə sosial media sadəcə bir ünsiyyət vasitəsi olmaqdan çıxaraq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İnsanlar burada uzun müddət vaxt keçirir, müxtəlif videolar və məlumatlar izləyir və bu da onların psixoloji vəziyyətinə təsir edir. Son illərdə aparılan araşdırmalar və tədqiqatlar da bu təsiri təsdiqləyir. Sosial medianın təsiri yalnız fərdi psixoloji durumla məhdudlaşmır, eyni zamanda ailə və romantik münasibətlərə də sirayət edir. İnsanların paylaşdıqları statuslar, musiqilər və ya videolar bəzən onların daxili aləmini, emosional vəziyyətini əks etdirə bilər. Lakin bu, həmişə belə olmur. Məsələn, bir insanın paylaşdığı qəmli bir musiqi və ya dərin mənalı bir status, hər zaman onun həmin anda kədərli olduğu anlamına gəlməyə bilər. Digər tərəfdən, əgər bu cür paylaşımlar eyni mövzuda və təkrar-təkrar edilirsə, bu artıq diqqət çəkə bilər və münasibətdə olan tərəfdə şübhələr yarada bilər. Belə hallarda isə münasibətləri qorumaq və anlaşılmazlıqların qarşısını almaq üçün məsələyə həssas yanaşmaq vacibdir. İlk növbədə, bu vəziyyəti tənqid və ittihamla deyil, anlayış və maraqla qarşılamaq lazımdır".
Müsahibimizin fikrincə, ən doğru yanaşma – dinləyici mövqeyində olmaqdır: "Məsələn, qarşı tərəfə belə suallar vermək daha məqsədəuyğundur: “Bu mahnını paylaşmaqda səni nə düşündürdü?”, “Bu videoda nə səni təsirləndirdi?”, “Bu paylaşımda özünü necə hiss edirdin?”. Bu suallar həm münasibətə hörmət ifadə edir, həm də qarşı tərəfi daha dərindən anlamağa şərait yaradır. Qısacası, bəzən bir paylaşım bir siqnal ola bilər, amma bu, hər zaman ciddi problem əlaməti kimi qəbul edilməməlidir. Əsas olan, qarşılıqlı anlayış, açıq ünsiyyət və münasibətə hörmətlə yanaşmaqdır".
Zümrüd Əsədova
15:55 23.04.2025
Oxunuş sayı: 2629