Trampa qarşı narazılıqlar impiçment ehtimalını gücləndirir - AÇIQLAMA

ABŞ-də minlərlə insan prezident Donald Tramp və onun administrasiyasının siyasətinə etiraz etmək üçün küçələrə çıxıb. D.Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutniklə danışdıqdan sonra iqtisadi tariflərin tətbiqini dayandırıb. Bildirilir ki, etiraza məhz Trampın tariflər və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) yaradılması vasitəsilə dövlət işçilərinin sayını və büdcə xərclərini azaltmaq təşəbbüsü səbəb olub.
Trampın siyasətinə qarşı keçirilən aksiyalarla bağlı Crosmedia.az saytına açıqlama verən AMEA-nın elmi işçisi, siyasi şərhçi Vüsalə Gülmalıyeva bildirib ki, ABŞ-da Donald Trampa qarşı etirazlar, onun komandasında yaranmış narazılıqlar və xüsusilə də tariflərlə bağlı siyasətinə yönələn tənqidlər fonunda impiçment məsələsinin gündəmə gəlməsi ehtimalı bir neçə paralel aspektdən qiymətləndirilməlidir. Bu məsələyə yalnız hüquqi yox, eyni zamanda siyasi, ictimai və fəlsəfi bucaqdan yanaşmaq daha dolğun bir mənzərə yaradar. Trampın rəhbərliyi dövründə ABŞ siyasəti bir çox cəhətdən ənənəvi çərçivələrin hüdudlarından kənara çıxıb. Onun “Amerika birincidir” şüarı ilə yürüdülən siyasəti, xüsusilə xarici ticarət və iqtisadi münasibətlər sahəsində atdığı addımlar, dünyada mövcud olan iqtisadi qloballaşma mexanizmlərini sarsıdıb.
"Trampın tarif siyasəti – yəni digər ölkələrə qarşı idxal rüsumlarının artırılması bəzi dairələr tərəfindən ABŞ-ın maraqlarının qorunması kimi qiymətləndirilsə də, başqaları üçün bu, həm daxildə, həm də xaricdə iqtisadi sabitliyi pozan, müttəfiqlərlə münasibətləri sarsıdan addımlar kimi dəyərləndirilib.
Bu siyasətə qarşı Trampın öz komandasında da ciddi etirazlar səslənib. Komanda üzvlərinin bir qisminin istefası, mətbuatda açıqlanan daxili narazılıqlar, eləcə də ictimaiyyətin müəyyən hissəsində yaranmış etimadsızlıq dalğası, bu məsələnin daha ciddi siyasi diskursa çevrilməsinə zəmin yaradıb. Burada artıq məsələ sadəcə iqtisadi qərarlar və ya tariflərlə məhdudlaşmır – məsələ, liderin milli və beynəlxalq siyasəti necə yönləndirdiyi, ABŞ-ın ali maraqlarını necə interpretasiya etdiyi və bu interpretasiyanın hüquqi və əxlaqi çərçivəyə nə qədər uyğun olub-olmaması ilə bağlıdır",- deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, impiçment – yəni prezidentin səlahiyyətlərindən məhrum edilməsi – ABŞ Konstitusiyasına əsasən hüquqi prosedurdur. Lakin tarix boyu baş verən impiçment təşəbbüslərinə nəzər salsaq görərik ki, bu addımlar yalnız hüquqi pozuntularla yox, eyni zamanda ictimai rəydə formalaşmış dərin narazılıq və siyasi təzyiqlərlə müşayiət olunub. Belə vəziyyətlərdə impiçment məsələsi– hüquqi prosedurun arxasında cəmiyyətin, siyasi institutların və medianın birgə qərarı və mövqeyi dayanır. Trampa qarşı etirazlar, daxili komandadakı narazılıqlar və tarif siyasətinə olan reaksiyalar, impiçment ehtimalını gündəmə gətirən ciddi faktorlar kimi çıxış edir. Əgər bu elementlər bir araya gələrsə, impiçment məsələsi real bir siyasi prosesə çevrilə bilər.
Həmçinin müsahibimiz qeyd edib ki, Trampın atdığı bir çox addımlar yalnız ABŞ daxilində deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində də ciddi dalğalanmalara səbəb olub. Bu isə ABŞ-ın tarixi boyu formalaşdırdığı çoxtərəfli diplomatik ənənələrdən və müttəfiqlərlə konsensus əsaslı əməkdaşlıqdan bir növ uzaqlaşma kimi qiymətləndirilə bilər. Tarif siyasəti, yəni idxal mallarına yüksək vergi tətbiq etmək, ilk baxışdan iqtisadi qərar kimi görünsə də, bu qərarların siyasi və strateji çalarları da az deyil. Trampın Çin, Avropa İttifaqı, Kanada və Meksika ilə apardığı ticarət müharibələri, qlobal iqtisadi tarazlığı pozmaqla yanaşı, ABŞ-ın bu dövlətlərlə strateji tərəfdaşlığını da sual altına salıb. Bu, beynəlxalq hüquqda və diplomatiyada vacib yer tutan qarşılıqlı etimada xələl gətirib. Məsələn, Trampın NATO müttəfiqlərinə qarşı sərt tələbləri və onların “yetərincə maliyyə töhfəsi vermədiyi” barədə tənqidləri, Alyans daxilində gərginliyə səbəb olub. ABŞ-ın Avropa ilə münasibətlərində müəyyən soyuqluq yaranıb, bu da qlobal təhlükəsizlik arxitekturasının sabitliyinə zərbə vurur. Fəlsəfi mənada isə belə davranışlar beynəlxalq münasibətlərin yalnız gücə və maraqlara əsaslanan realizm nəzəriyyəsi ilə yönləndirilməsi tendensiyasının gücləndiyini göstərir. Trampın yanaşması, Kantın təsvir etdiyi “əxlaqi dünya nizamı” prinsiplərinə zidd olaraq, Hobbesin “hər kəs hər kəsə qarşıdır” anlayışını xatırladır. Belə bir yanaşma isə müasir dünyada sabitlik, çoxtərəfli əməkdaşlıq və qarşılıqlı fayda üzərində qurulmuş sistemə təhlükə yaradır.
Sonda V. Gülmalıyeva bildirib ki, bütün bu kontekstdə Trampın impiçment ehtimalı yalnız daxili siyasi və hüquqi məsələ deyil. Onun siyasəti beynəlxalq nizamın, hüququn və diplomatik sabitliyin gələcəyi üçün də ciddi məsələdir. Beləliklə, impiçment təkcə daxili məsuliyyət deyil, beynəlxalq güvənin və nizamın bərpası üçün də bir rəmz ola bilər.
Pərvin Hacıyeva
12:10 22.04.2025
Oxunuş sayı: 3067