"Ermənilər Qafqazda azərbaycanlılara qarşı vəhşiliklər törədiblər" - Türkiyə Tarix Qurumunun sədri

Bunu Türkiyənin Tarix Qurumunun (TTQ) sədri, professor Yüksel Özgen Ankarada keçirilən "Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü" panelindən sonra KİV-ə açıqlamasında bildirib.
O deyib ki, ermənilər törədikləri qətliamları, vəhşilikləri türklərin adına çıxmaqla, tarixi həqiqətləri dəyişdirə bilməzlər, onların ittihamlarının heç bir tarixi əsası yoxdur.
Hər il aprelin 24-də ermənilərin qondarma soyqırımı ilə bağlı iddiaları onların tarixən törətdikləri cinayətləri ört-basdır etmək xarakteri daşıyır: “Türkiyə xalqı olaraq bizim tarixdəki reallıqları gizlədəcək durumumuz yoxdur. Yəni Türkiyə dövləti baş verən tarixi həqiqətlərin olduğu kimi açıqlanması üçün ortaq komissiyanın qurulmasına, arxivlərin açılmasına daim tərəfdar olub. Amma qarşı tərəf bu təklifin reallaşmasını istəmir”.
Yüksel Özgen Birinci Dünya Müharibəsi vaxtı ermənilərin türklərə qarşı vəhşiliklərin və bu kimi cinayətlərin bütün dünya arxivlərindən toplandığını qeyd edib: “Bu məlumatlar əlimizdə mövcuddur. Hadisələr Osmanlı arxivlərindəki sənədlərdə də öz əksini tapıb. Onlar ötən əsrin əvvəllərində sadəcə Osmanlı əsgərlərini deyil, qadın, yaşlı, uşaq demədən vətəndaşları da qətlə yetirib, Ərzurum, Kars, Van, İqdır və bu vilayətlərin ətrafındakı türk kəndlərini xarabalığa çeviriblər. Ermənilərin silahlı qruplaşmaları eyni vəhşilikləri Qafqazda azərbaycanlı qardaşlarımıza qarşı da törədərək, bölgəni erməniləşdrməyə çalışıblar. Bütün bunlar “Böyük Ermənistan xəyalı”nın nəticəsi olsa da, əldə etdiyimiz tarixi faktlar bu xam xəyalların gerçəkləşməsinə imkan verməyəcək”.(Report)
23:10 17.04.2025
Oxunuş sayı: 1123