Ermənistan təxribatlarının sayı son vaxtlar daha da artıb - AÇIQLAMA

Ermənistanın atəşkəsi pozması, bölgədəki gərginliyi artıran ciddi bir təxribatdır. Bu cür addımlar, bölgədəki hərbi və diplomatik vəziyyəti daha da çətinləşdirir və sülhün bərqərar olmasına mane olur. Bu vəziyyətin davam etməsi, yalnız hərbi münaqişənin yenidən yaranmasına səbəb ola bilər. Bəs Ermənistanın bu təxribatları daha hansı nəticələr doğura bilər? Azərbaycan bu cür təxribatlara necə cavab verəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu təxribatların cavablandırılması zəruridir. O qeyd edib ki, Paşinyanı istəməyən xeyli sayda generalitet və yuxarı komandanlıqda təmsil olunan şəxslər var ki, onlar Paşinyana qarşı fəaliyyət göstərirlər. Həmin şəxslər onun hakimiyyətdən getməsi üçün əllərindən gələni edirlər.
Cəfərov deyib ki, atəşkəsin pozulması ilə bağlı Paşinyanın öz dilindən Müdafiə Nazirliyinə göstəriş verdiyi xəbərini eşidəndə təəccüblənib: “Necə olur ki, dövlət başçısı xidmətinin rəhbərliyi də şəxsi heyətə müvafiq tapşırıqlar verib və düşmənin atəşkəsi pozması hallarını adekvat şəkildə cavablandırmağı tapşırır?”
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərdə artıq iki gündür Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinin pozucu fəaliyyətinə adekvat tədbirlər gördüyü rəsmi olaraq bəyan edilib: “İndiyə qədər biz görürdük ki, Azərbaycan bir qədər səbr nümayiş etdirirdi. Amma son xəbərlərə adi bir xəbər kimi yanaşıram və dostlara da təklif edirəm ki, narahat olmağa dəyməz. Ermənistanın edəcəyi hərəkətlərə görə Azərbaycan ordusu tərəfindən ən sərt şəkildə cəzalandırılacaq”.
Ekspert xatırladıb ki, bu hal 2020-ci ildə, daha sonra 2021, 2022 və 2023-cü illərdə də baş verib. Xüsusilə 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinin düşməni necə sülhə məcbur etdiyi bir daha sübut olunub.
“Ermənistan bu gün nə iqtisadi, nə də hərbi potensiala malik deyil ki, Azərbaycana qarşı hansısa əməli addımlar atsın və nəticə əldə etsin”, – deyə Üzeyir Cəfərov vurğulayıb.
O əlavə edib ki, Ermənistanda orduya adam toplanması və hücuma hazırlıq kimi xəbərlər dövriyyəyə buraxılır: “Bunlar təbliğat xarakterli məlumatlardır. Ermənistanın da guya müəyyən işlər gördüyünü göstərmək üçün yayılan məlumatlardır. Məhz həmin qüvvələr buna daha çox cəhd edirlər. Onlar bilirlər ki, 2023-cü ildə də ermənilərin bu cür təxribatı olub.”
Ekspert bildirib ki, Ermənistan ərazisindəki şərti sərhəd xəttində Azərbaycan Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi təhlükələri zərərsizləşdirib: “Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq edib və bu təxribatlara layiqli cavab verib, verir və verəcək”.
Cəfərovun sözlərinə görə, Ermənistanın baş naziri dövlət başçısı funksiyalarını da icra edir: “Baxmayaraq ki, Ermənistanda prezident üsul-idarəsi mövcuddur, amma o, sosial şəbəkələr üzərindən bir növ çağırış etdi və məsuliyyətdən yayınmağa çalışdı”.
Ekspert Ermənistan ordusunun atəşkəsi fasilələrlə də olsa pozmasının Azərbaycan əsgər və zabitləri üçün ciddi təhlükə yaratdığını bildirib: “Çünki açılan atəşlər istənilən an hədəfə dəyə bilər. Hansısa əsgərimiz və ya zabitimiz zərər görə bilər”.
Üzeyir Cəfərov son olaraq əlavə edib: “Ermənistan təxribatlarının sayı son vaxtlar artıb. Əlbəttə, bu, hər birimizi narahat edir. Azərbaycan Ermənistana qəti xəbərdarlıq edir ki, bu təxribatlardan əl çəkməlidir. Ötən həftə Azərbaycan Müdafiə Nazirliyində keçirilən toplantıda müdafiə naziri və bildiyim qədər Dövlət Sərhəd Xidmətinin rəhbərliyi düşməni necə sülhə məcbur etdiklərini müzakirə ediblər. Azərbaycan Silahlı Qüvvələri indi daha müasir silah-sursatlarla təchiz olunub, təlimlər keçirilib. Ermənistan da real vəziyyəti bilir və dərk edir. Mən Ermənistanın atəşkəsi pozması hallarından narahatam, amma bunun ölkəmiz üçün ciddi fəsad yaradacağını düşünmürəm”.
Zəhra Ağayeva
10:14 11.04.2025
Oxunuş sayı: 1692