Nazir müavini: Bakı və Pekin sülh və sabitliyi birgə təşviq etmək niyyətindədirlər

Azərbaycan beynəlxalq arenada Çinlə qarşılıqlı əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə müdafiə etmək və regional və qlobal sülh, sabitlik və inkişafa birgə töhfə vermək əzmindədir.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çinin beynəlxalq xəbər televiziya kanalı CGTN-nin saytında dərc olunan məqaləsində deyilir.
"Biz beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrimizi gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə müdafiə etmək və regional və qlobal sülh, sabitlik və inkişafa birgə töhfə vermək əzmindəyik. Nəticədə, biz Strateji Tərəfdaşlıq Bəyannaməsinə beynəlxalq hüququn əsas prinsiplərini - ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, təcavüz etməmək, daxili işlərə qarışmamaq prinsiplərini daxil etdik ki, bunlar həmişə iki ölkəmiz üçün vacib olub", - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan həmişə vahid Çin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək.
"Biz qəbul edirik ki, yalnız bir Çin var və ÇXR hökuməti onu təmsil edən yeganə qanuni hökumətdir. Biz Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edirik və Tayvanın müstəqilliyinin hər hansı formasına qəti şəkildə qarşıyıq. Bu, Azərbaycanın müstəqilliyinin bərpasından sonra son onilliklər ərzində bizim ardıcıl mövqeyimiz olub", - deyə Məmmədov bildirib.
13:00 08.04.2025
Oxunuş sayı: 1467