Qarabağda qanunsuz məskunlaşma: Ermənistan öz yalanlarının qurbanına çevrildi

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, separatçı “Qarabağ respublikası”nın buraxılması ilə bağlı 2023-cü ilin sentyabrında imzalanan fərmandan sonra həmin qurumun sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi artıq Ermənistanla Azərbaycan arasında aparılan danışıqların əsas mövzularından biri deyil.
Rəsmi İrəvan qeyd edir ki, hazırda Ermənistanla Azərbaycan arasında əsas prioritet sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması məsələləridir. Ermənistan tərəfi Qarabağdakı ermənilərin gələcək hüquqlarının təmin olunmasını Azərbaycan və beynəlxalq strukturların üzərinə buraxdığını bildirir.
Ümumiyyətlə tarixi Azərbaycan torpaqlarında yerləşdirilən insanlar haradan gətirilib? Onların Qarabağ torpaqlarında məskunlaşması qanunidirmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib: "Qondarma "respublika"nın yaradılması kimi bu ərazilrdə yaşayan ermənilərin mövcudluğu da tam qanunsuzluq üzərində tərtib edilib. Xarici ölkələrdən müxtəlif vədlərlə Azərbaycanın əzəli torpaqlarında ermənilərin məskunlaşdırılması Ermənistan dövlətinin işğalçı siyasətinin fundamental prinsiplərinə əsaslanıb. 1988-ci ilədək ermənilər Qarabağa müxtəlif adlar altında gətirilib, 1994-2020-ci illər ərzində isə bu, bölgədə ermənilərin sayının artırılması və Azərbaycanı fakt qarşısında qoymaq məqsədi daşıyıb. Beynəlxalq təşkilatlar isə ermənilərin çox olmasından məharətlə istifadə edib Qarabağın və ətraf rayonların qondarma quruma verilməsini, dolayısı ilə ikinci erməni dövlətinin tanınmasını istəyiblər. Bu isə bütün beynəlxalq qanunlara, norma və prinsiplərə tamamilə zidd yanaşma idi. Azərbaycanın vahid mövqeyi isə ərazi bütövlüyü və suverenliyimzin bərpası məsələsi idi".
Həmçinin deputat bildirib: "Qarabağda məskunlaşdırılan ermənilərin əksəriyyəti ya Ermənistan, ya da xarici ölkələrin vətəndaşları idilər: "Onlar burada qanunsuz olaraq yaşayırdılar. Qarabağ və ətraf rayonlar beynəlxalq sənədlərdə Azərbaycanın əraziləridir. Burada yaşamaq hüququnu da yalnız Azərbaycan dövləti verə bilər. 2023-cü ildə keçirilən antiterror tədbirindən sonra Azərbaycan hökuməti Qarabağda 1988-ci ilədək yaşamış ermənilərin bəzi şərtlər daxilində vətəndaşlıq ala bilmək imkanlarını xatırlatsa da onlar bundan imtina etdilər. Bütün bu prosedurlar sənədləşdirilib. Nə Ermənistanın, nə də hər hansı beynəlxalq təşkilatın bunu bizə irad tutması mümkün deyil. Ermənilərin Qarabağdan öz arzuları ilə köç etmələrinin təşəbbüskarı rəsmi İrəvan olub. Azərbaycan tərəfinin nə Ermənistandan, nə də xaricdən gətirilərək işğal etdikləri ərazilərimizdə qanunsuz yolla məskunlaşdırdıqları ermənilər üçün heç bir məsuliyyət daşımır. Eyni zamanda bu, Azərbaycanla Ermənistan arasına danışıqlar predmeti ola bilməz. İrəvan öz yalanlarının qurbanı olub".
Ayhan Ağarzayev
18:21 07.04.2025
Oxunuş sayı: 940