31 Mart soyqırımı: Qan yaddaşımız!

“Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır” Ali Baş Komandan, Prezident İlham Əliyev.
Hazırda Ermənistan tərəfi iddia edir ki, onlar Azərbaycan Respublikası ilə sülhün bağlanmasına hazırdırlar. Əslində, onların bu “hazırolma” iddiaları hər kəs tərəfindən aydın şəkildə dərk edilir – bu Ermənistanın yeni “sülh oyunudur” və bu imitasiya əsl həqiqətdə, onların növbəti revanşı üçün vaxt qazanmaq ümidindən başqa bir şey deyildir. Eyni zamanda bununla onlar dünya miqyasında bir növ, özlərini “sülh göyərçini” obrazında təqdim etməyə çalışmaqla, Qarabağda törətdikləri total qətliamlar, dağıntılar və soyqırımılarını ört-basdır etməyə ümid etməklə yanaşı, həm də özlərinin tarixən sülhpərvər olduqlarını sübut etməyə çalışırlar. Absurd və son dərəcə primitiv bir oyun! Xalq dili ilə desək, olsun. Hər bir dövlətin yeritdiyi siyasət və ideologiya əslində onların milli kimliyidir. Ermənistanın bir əsrlik tarixi göstərir ki, onların dövlətçilik mahiyyəti ideoloji anlamda ciddi şəkildə mifikdir və bu ideologiya imkan vermir ki, onlar qonşuları ilə normal münasibətlər qursun. Ona görə də hazırda gedən prosesdə fikrimizcə, Azərbaycanın ehtiyatlı davranması tam məntiqidir, çünki Ermənistan bir tərəfdən sülhdən danışır, o biri tərəfdən hamiləri tərəfindən silahlandırılır. Bütün bunlara baxmayaraq ölkəmizin siyasi rəhbərliyi öz çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıbdır və hazırda da, dayanıqlı sülhün bölgəyə gəlməsini tam dəstəkləyir. Vaxtilə, Alman filosofu Kant hesab edirdi ki, “heç bir dövlət digər dövlətin konstitusiyasına və hökumətinə zorla müdaxilə etməməlidir” hətta prosesdə obyekt “öz daxili azarı ilə çarpışan xalq” olsa belə, çünki, müasir siyasi tarixdən bəllidir ki, dövlət “mənəvi bir şəxsdir”. Yuxarıda qeyd olunan fikirlərlə razılaşmamaq olmur, lakin tarixi təcrübə həm də sübut edir ki, elə dövlətlər var ki, onların “azarları” yalnız daxili proseslə bağlı deyildir və onlar daima öz istəklərini terror və aqressiya üzərində qurduqları üçün onlara qarşılıqlı etimad şəraitində yaşamaq çətin görünür. Ona görə də biz gələcəyin necə olacağını bilməsək də, keçmiş tarixin necə olduğunu dəqiq bilirik və bilirik ki, Ermənistana güvənmək olmaz, bunu tarixi təcrübə dəfələrlə sübut etmişdir. Məsələn, Azərbaycan xalqının başına açılmış son iki yüz illik faciələrin bilavasitə əsas tərəfinin həmişə ermənilərə bağlı olduğunu dəqiq bilirik.
Aydındır ki, Azərbaycan xalqı və dövləti multikultural ənənələri və tolerantlığı deməli, humanizmi özünün tarixən həyat yaşamına çevirmişdir. Lakin son otuz illik tariximiz sübut etdi ki, erməni ideologiyası və terroru ilə mübarizədə “Dəmir yumruq” dan effektli ikinci bir vasitə hələlik mövcud deyildir və bunun istər tarixi, istərsə də müasir səbəbi erməni ideologiyasından gəlir... Yəni, tarixdən bəllidir ki, 1918-ci ildə Mart-Aprel (əsl həqiqətdə, Mart-Sentyabr) soyqırımlarını ermənilər törətsə də onların Xalq Cümhuriyyətinin Parlamentinə buraxılmaları belə - təmsil olunmaları da gələcəkdə azərbaycanlılara qarşı torpaq iddialarını və nifrəti nəinki azaltdı, əksinə sovetlər dönəmində də ən müxtəlif formada öz mənfur iddialarını daima həyata keçirməyə çalışdılar. Bu onu göstərir ki, öz milli ideologiyasında soyqırımı aktını əsas məqsəd və vasitə kimi qəbul etmiş bir dövlətin ideologiyası tamamilə dəyişilməzsə bağlanmış sülh növbəti müharibə üçün aralıq mərhələ ola bilər. Ona görə də son yüz ilin tarixi faktlarına yalnız statik anlamda yanaşdıqda məlum olur ki, böyük güclərin əlində rəzil alətə çevrilmiş bu terrorçu dövlətin nəinki hazırkı fəaliyyəti, həmçinin bütövlükdə, tarixən ideologiyası əbədi olaraq soyqırımları və azərbaycanlılara aqressiya üzərində qurulduğundan onlarla dayanıqlı və uzunmüddətli sülh bir növ hələlik utopik görünür. Bu anlamda hər şeydən əvvəl Ermənistan sülh istəyirsə birinci öz Konstitutsiyasını dəyişdirməli və özünün “Böyük Ermənistan” utopiyasından əl çəkməlidir. Görünən budur ki, sözdə olsa da Baş nazir N. Paşinyan əvvəlki sələflərindən fərqli olaraq bu reallığı dərk edərək “Qarabağ hərəkatı” ideyasından imtina etmək barədə fikirlər səsləndirir. Lakin biz qəbul edirik ki, tarix unudulmur və o hər cür “yaxşı” və “pis” hadisələri ilə daima xatırlanır. Çünki 1905-1907-ci və1918-ci illər soyqırımlarının o cümlədən, Xocalı soyqırımının müəllifi bilavasitə Erməni terrorçuları olduğundan, əsl həqiqətdə, onun məsuliyyəti də məhz müasir Ermənistanın üzərinə düşür. Biz əvvəlki məqalədə ermənilərin ötən yüzildə törətdiyi cinayətlərə qismən toğunduğumuzdan burada yalnız onu qeyd etməyi vacib hesab edirik ki, əslində 1918-ci il soyqırımında 50 mindən artıq deyil, 100 mindən çox azərbaycanlının soyqırımına məruz qaldığı, qətl olunduğu faktları haqda indi məlumatlar ortaya çıxmaqdadır...
Soyqırımı hadisəsinin ümumi mahiyyəti barədə: Soyqırımı hadisəsindən bəhs etmək əlbəttə çox çətindir, çünki biz əgər bu sətirləri yazırıqsa, gündəlik fəaliyyət göstəririksə, deməli, şəxs olaraq orada olmamışıq ona görə də həmin qətliamların, həmin vəhşətli hadisələrin, soyqırımının ekzistensial anlamda insanın idrakına, varoluşuna baş verdiyi anda hansı faciəvi təsirləri göstərdiyini təsəvvür edə bilmərik. Təkcə həmin anda olan insan yalnız həmin anın izaholunmaz fiziki, mənəvi, ekzistensial və s. ağrılarını özlüyündə dərk edir, çəkir. Ona görə də istər bir əsr əvvəl 31 Mart soyqırımları kimi tarixə düşmüş qətliamlarda, istər yaşadığımız zamandan cəmi 30 ildən bir az əvvəl baş verən Xocalı soyqırımında, faşist erməni terroruna məruz qalmış insanlar yalnız özləri bilirdi ki, həmin köməksiz halda, ölüm ayağında onlar nə çəkmişlər...
İnsan oğlu qəbul etməlidir ki, soyqırımı qədər bəşəriyyətin həyatında ikinci bir total qəddarlıq, vəhşilik, antihumanizm kimi başqa bir ikinci antiinsani hadisəni təsəvvür etmək çətindir. Bu münaqişə deyildir, bu iki bərabər, yaxud qeyri-bərabər qüvvələrin mərdanə şəkildə müharibə ehtirası ilə döyüş meydanında “haqq-hesab” çəkməsi, vuruşu deyildir. Soyqırımı sözün bitdiyi yerdir, varoluşun tənəzzülü, insanlığın çöküş anıdır... Burada soyqırımı həyata keçirən dövlətin “mənəvi bir şəxs” olmasını yalnız o anlamda qəbul etmək olar ki, həmin dövlət rəsalətin son mərhələsinə enmişdir. Burada söz susur, idrak qarşı tərəfin qəddarlığının, vəhşilik və qan hərisliyinin qarşısında sadəcə donmuş vəziyyətə düşür: İnsan düşmən də olsa, bu qədər enə bilərmi? Ona görə də tənqidi fəlsəfədən çıxış edərək soyqırımı hadisəsi barədə nə demək olar? Onu demək olar ki, soyqırımı – bu insan oğlunun (belə vəhşilərə insan demək mümkünsə) tarix boyu icad etdiyi hər cür nailiyyətlərin, hər cür mədəniyyətin antimədəniyyətə, barbarlığın tüğyanına dönüş anıdır. Bir tərəfdə silahın, texniki imkanların, havadarlara arxalanan gücün ədalətsiz təntənəsi, qorxunc ideoloji hərisliyin tərənnümü, o biri tərəfdə əliyalın, silahsız insanlar, körpə uşaqlar, hamilə qadınlar, qocalar, ünü, harayı heç yerə çatmayan məsumlar...
Biz bu tarixi unuda bilmərik! Ona görə də biz sağ olduğumuz üçün, güclü olduğumuz üçün, bəşəri dəyərlər, güclü dövlətçiliyimiz, Suverenliyimiz və milli birliyimiz naminə, tolerantlıq və multikulturalizm, deməli, insanlığın birgəmövcudluq gələcəyi naminə mübarizə aparmalıyıq – terrorçu rejimlərin, soyqırımı xəstəliyinə tutulan ideologiyaların bir daha dirçəlməməsi üçün daima mübarizə aparmalıyıq, birliyimizi möhkəmləndirməliyik. Orada bizim ümumi gələcəyimiz, insanlığın gələcəyi mövcuddur. Ona görə də soyqırımıları daima xatırlanmalı ona bəşəriyyətin ümumi gələcəyi naminə hüquqi qiymət verilməli, etnik mənsubiyyətindən, dinindən, irqindən, sosial statusundan və s. asılı olmayaraq cinayətkarlar cəzalandırılmalıdırlar. Separatizmə qurulan Bakıdakı məhkəmə prosesi də məhz buna xidmət edir: ciyayətkarlar cəzalandırılmalıdır.
Ona görə burada hüquqi anlamda digər bir sual yaranır, soyqırımı nədir? Necə olur ki, humanitar elmlərdə, ədəbiyyatda, bəşəriyyətin yaratdığı qanunlar, qaydalar toplularında bu aktlar pislənsə də, onlar indi də müasirlik adlandırdığımız dünyada davam etməkdədir? Ədəbiyyatdan oxuyuruq: “Soyqırımı – etnik, irqi, dini və ya milli qrupun duşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın (SCQACK) 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkət-lərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri kimi nəzərdə tutulmuşdur”.
Gələcəyə ümid həmişə var. O ümid dünən olduğu üçün biz bu gün öz Suverenliyimizi təntənə ilə qeyd edirik. Azərbaycan tarixinin son otuz ili tariximizin yaxın yüzillikləri ilə nəzəri olaraq müqayisə olunduqda məlum olur ki, istər iqtisadi, istər siyasi, sosial, hərbi, milli maraqların inkişafı və qorunması, dünyada Azərbaycanın dövlətçilik imicinin yüksəlməsi, birlik və həmrəylik, Suverenliyin bərpası və s. baxımdan özünün ən qürurverici və möhtəşəm mərhələsini yaşamaqdadır. Təbii ki, bu mərhələnin ciddi əsasları mövcuddur. Bu inkişafın əsasları onunla bağlıdır ki, uzun illər ölkəmizin ərazi bütövlüyünə və Suverenliyinə ciddi təhdidlər olsa da, ölkənin siyasi rəhbərliyinin düşünülmüş strategiyası nəticəsində cəmiyyətdə sabitlik və birlik, milli maraqların təmin olunması prinsipləri əsas prioritet kimi başlıca hədəf seçildiyindən uğurun gec-tez həyata keçməsi məntiqi idi. Ali Baş Komandan Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibədə qeyd kimi: “...biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq”.
Mübaliğəsiz qeyd etmək lazımdır ki, əslində bu mərhələ son əsrlərin həm İntibah mərhələsi, həm də tariximizin yeni mehvər dövrü kimi xarakterizə oluna bilər və bu barədə ümumiyyətlə, mübahisələrə yer də yoxdur. Söhbət həm də ondan gedir ki, hazırda Azərbaycan dövləti nəinki regionun, o cümlədən dünyanın o dövlətlərindən hesab olunur ki, bilavasitə onun siyasi rəhbərliyi öz müstəqilliyi və praqmatik real siyasi qərarları ilə dünyada xüsusi seçilən Lider kimi qəbul olunur. Həmçinin, əksər siyasət xadimlərinin və politoloqların qənaətinə görə Azərbaycanın siyasi rəhbərinin yüksək xarakterik xüsusiyyətlərindən biri ondadır ki, o, çoxşaxəli liderlik bacarığı ilə bərabər siyasi münasibətlərin imkan verdiyi etik çərçivələr daxilində, daima antimüharibə fəaliyyəti və çıxışları ilə dünya liderləri sırasında xüsusi xarizmatik xadim kimi tanınır. Lakin tarixdən məlumdur ki, Azərbaycan həmişə indiki kimi güclü olmayıb və ən müxtəlif səbəblərdən ölkəmizə qarşı düşmənləri tərəfindən həmişə təhdidlər, müharibələr, soyqırımları baş vermişdir. Ancaq biz soyqırımlarının mahiyyətindən bəhs etsək də qürurverici hal ondadır ki, indi nəinki XX əsrin vəhşətini yaşamış Xocalı şəhərində, o cümlədən, Qarabağımızın bütün guşələrində Azərbaycan bayrağı Ali Baş Komandan İlham Əliyevin və onun Müzəffər Əsgərlərinin misilsiz şücaətləri nəticəsində dalğalanmaqdadır. Bu misilsiz qələbə indi milli varoluşumuzun Suverenliyimiz və tarixi yaddaşımızın rəmzinə çevirilmişdir. Xocalı şəhəri də daxil olmaqla Qarabağda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Əsl həqiqətdə bu, Azərbaycan Dövlətçiliyinin son iki yüz illik pozulmuş Suverenliyinin təntənəsidir. Bu təntənənin əsasları ondadır ki, dövlət güclü və dayanıqlı olanda onun Suverenliyi əbədi və möhkəm olur, vətəndaşları “əbədi sülh” (İ.Kant) şəraitində yaşamasa da, dayanıqlı sülh şəraitində yaşayır və xoşbəxt olurlar. Lakin hər kəs bilir ki, bu qələbə asan olmayıb, Birinci Qarabağ savaşında 30 minə yaxın vətəndaşımız, İkincidə isə üç mindən çox Qəhrəman Azərbaycan Əsgərimiz Şəhid olub və bu elə bir qələbə, elə bir tarixi hadisədir ki, o nəinki regionda o cümlədən, dünyada tektonik layları tərpətmişdir. Azərbaycan dövlətçiliyinin yeni ədalətli güc imicini formalaşdırmışdır. Bu Qələbə, əslində, tarixən dəfələrlə soyqırımına uğramış xalqın yaralarına bir tarixi məlhəmdir və ona görə də yüz illər keçməsinə baxmayaraq bu Zəfərin strateqi, Memarı həmişə tarix tərəfindən ehtiramla xatırlanacaqdır. Çünki, güclü Ordusu, misilsiz hərbi imkanları olmasına baxmayaraq bu qələbə zamanı düşmən tərəfindən bir nəfər də olsun mülki insan zərər görmədi. Əksinə, antiterror əməliyyatı zamanı könüllü olaraq Qarabağı tərk etmək istəyən ermənilərə (hətta içərisində cinayət törətmiş şəxslər olduğunu bilsək də) rahat getmələri üçün imkanlar yaradıldı; Bu hal məhz ideologiyaların mahiyyətindən gəlir: Bir tərəfdə soyqırımı törətmiş Androniklərin, Hamazapsların, Silva Kaputikyanların, Zori Balayanların, Koçaryanların və adını çəkmədiyimiz minlərlə erməni terrorçularının yaratdığı ideologiya, digər tərəfdə əsasları humanizm, birlik və bərabərlik, ədalət və sülh ideyalarından bəhrələnən dahi siyasi xadim Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyası, cəngavərlik və comərd gücü tərənnüm edən “Dəmir Yumruq”!!!
Ölkə başçısı prezident İlham Əliyev müvafiq sərəncamı ilə 28 dekabr 2024 cü ildə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur”. Təbii ki, bu sıçrayış birdən-birə meydana gəlməsə də, ancaq onun keçid mərhələsinin zirvəsini, məhz son kuliminasiya nöqtəsini 2020-ci il də baş vermiş Zəfər fenomeni və 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Suverenliyin bərpası təşkil edir. Yaxın tariximizdən bəllidir ki, böyük siyasət və strategiya paradiqması hesabına, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il bir günlük antiterror əməliyyatı ilə işğala son qoyuldu, Azərbaycan Dövlət Suverenliyi bərpa edildi. Təbii ki, bu nəinki Cənubi Qafqaz və regionu üçün, o cümlədən müasir dünya üçün misli görünməmiş yeni bir tarixi reallıq yaratdı. Terrorizmin kökü mütləq kəsilməlidir, terrorçu rejimləri idarə edənlər hüquq qarşısında cavab verməlidirlər. Təbii ki, bu ciddi tarixi hadisənin bir sıra fundamental əsasları vardır ki, onlar da bilavasitə düzgün strategiyanın, son 30 illik tariximizin məntiqi zərurətindən doğan əlamətdar bir hadisədir. Çünki, söhbət ondan gedir ki, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü pozulmuş, Qarabağ ərazisində yaşayan azərbaycanlılar soyqırımına və total deportasiyalara məruz qalmış, tarixi Qərbi Azərbaycan torpaqlarımız daxil olmaqla bir milyondan artıq insanımız məcburi köçkün və qaçqın vəziyyətinə düşmüşdü. Gənc nəsillər həmin dövrün canlı şahidləri olmasalar da, yaşlı nəslin nümayəndələri çox gözəl xatırlayırlar ki, “Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi”. Bu tarixi reallığın fəlsəfəsi onunla bağlıdır ki, son yüz ildə daima məğlub duruma salınmış və soyqırıma uğradılmış bir xalq öz dahi liderlərinin əvəzsiz siyasi gedişləri nəticəsində məğlub xalq statusundan qalib xalq statusuna yüksəldi və hazırda Bakıda Xocalı soyqırımını törətmiş terrorçulara qarşı son yüz ilin – Əsrin məhkəməsini həyata keçirir. Qısa ifadə etsək, əsl həqiqətdə, bu yeni tarixi reallıqdır və tarixdə itirilmiş ədalətin bərpası deməkdir. Lakin, təəssüflər olsun ki, bu tarixi ədaləti bərpa etmək heç də asan olmayıbdır və təəssüfləndirici məqam ondadır ki, Ermənistan tərəfi bu acı tarixi təcrübədən dərs çıxarmaq və sözdə deyil, əməldə sülhə can atmaq əvəzinə, hazırda müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq bəzi ideoloqları və neokolonialist Qərb təfəkkürlü dövlətlər tərəfindən yenidən revanşa təhrik edilir.
Hər bir xalqın həyatında tarixən ən müxtəlif keşməkeşli məqamlar, ziddiyyətli dövrlər baş verməsi barədə tarixdən çoxlu nümunələr çəkmək olar. Bəla ondadır ki, biz tarixin istənilən dövrünə nəzər saldıqda münaqişə və müharibələrin baş verməsi, müxtəlif zorakı rejimlərin və terrorçu qurupların həyata keçirdiyi çoxlu qanlı hadisələrin şahidi oluruq. Azərbaycan xalqınıın taleyində XX yüzildə baş vermiş soyqırımları təkcə nümunə kimi göstərəriksə məlum olur ki, bu qanlı hadisələrin ölkəmizə, insanımız və dinc əhaliyə qarşı törədilməsində bilavasitə müxtəlif hegemon dövlətlər tərəfindən dəstəklənən erməni terrorçuları daima aktivlik təşkil etmişdir. Bu baxımdan, hətta XX əsri məcazi mənada Azərbaycan xalqının həyatında ən ziddiyyətli dövrlərdən biri kimi xarakterizə etmək olar. Belə ki, onun taleyində faciəvi şəkildə baş vermiş soyqırımların statistikasına nəzər saldıqda aydın şəkildə məlum olur ki, bu qətliamlar erməni terrorçuları və ona dəstək verən qüvvələr tərəfindən həyata keçirilsə də, əksər məqamlarda, güclü dövlətçiliyin olmaması, tarixi yaddaşda zəifləməsi səbəbindən və həmin dövrlərdə ölkədə baş verən böhran və s. seriya səbəblər üzündən xalqımız bədnam qonşuları tərəfindən çox asanlıqla soyqırımına məruz qalmışdır. Bu onu göstərir ki, soyqırımlarını yaradan səbəblər sırasında birinci amil xarici düşmən təhlükəsi ilə bağlı olsa da, onun əsas komponentini həm də daxili separatizm və terrora rəvac verən qüvvələr təşkil edir. Bu fikri həm dövlətin, həm cəmiyyətin, həm də qlobal anlamda sivilizasiyaların tarixinə aid etmək olar. Aydındır ki, “erməni məsələsi” problemi bizim üçün yeni deyildir və problemin az qala iki yüz ilə yaxın aktiv tarixi vardır. Onların regiona köçürülməsi region dövlətlərinin daxili sabitliyi pozmaq, dövlətçiliyimizə və tarixi yaddaşımıza ciddi ziyan vurmaq üçün ortaya atılmış ideoloji bir aktdır. Bu baxımdan soyqırımlarının mahiyyətindən bəhs ediriksə xüsusi qeyd lazımdır ki, bu ideologiya – terrorçu erməni ideologiyası kökündən və beşiyində məhv edilməzsə region xalqlarının heç biri gələcəkdə soyqırımlarından sığortalanmayıbdır. Çünki qarşımızda XX əsrdə azərbaycanlılara qarşı həyata keçirilmiş silsilə soyqırımılarının konkret tarixi və statistikası vardır. Bakı, Quba, Şamaxı, Salyan, Naxçıvan, Kürdəmir, Cəlilabad, Lənkəran, Astara və Xocalı, Başlıbel, Kəlbəcər... və s. bütün bunlar bizim Qan yaddaşımızdır.
Şölət Zeynalov
YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
14:40 01.04.2025
Oxunuş sayı: 17313