Yel çərşənbəsi - “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”si gəldi

Baharın nəfəsi hiss olunur… Küləklər səssiz-səssiz pıçıldayır, torpağın dərinliyində yuxuya gedən toxumları oyadır. Yel çərşənbəsi gəlib.
Qoca yel baba qanadlarını açıb meşələri, çölləri dolaşır, sanki hər bir budağa baharın xəbərini çatdırır. Quru ağaclar yavaş-yavaş canlanır, çiçəklər yuxudan oyanmağa tələsir...
Əcdadlarımız küləyi təbiətin ruhu, hərəkətverici qüvvəsi kimi qəbul ediblər. Onlar inanırdılar ki, yel Çərşənbəsində əsən küləklər yeri hərəkətə gətirir, torpağın nəfəs almasına və suyun hərəkətlənməsinə səbəb olur. Bu, baharın rəsmi gəlişinə hazırlıq deməkdir. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
Bəs yel çərşənbəsi haqqında nələri bilmirik?
Crossmedia.az mövzu ilə bağlı AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyevə müraciət edib.
B.Əliyev ilk olaraq bildirib ki, hər çərşənbədə havada dəyişiklik özünü göstərir: “Yeddi gün keçdi, Günəş Şimal yarımkürəsinə, Qoç bürcünə doğru eyni məsafə qət etdi. Novruza yaxınlaşdıqca hər çərşənbədə havada dəyişiklik özünü göstərir.
Yel çərşənbəsi gəlib çatıb. Xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli-küləkli çərşənbə” kimi tanınan bu çərşənbə ilaxır çərşənbələrin üçüncüsü, Novruzun 7 çərşənbəsindən altıncısıdır, doğru çərşənbədir.
Əvvəllər bəzi bölgələrdə bu çərşənbə birinci çərşənbə kimi də qeyd olunub. Lakin son 30 ildə, xüsusi ilə KİV-də çərşənbələr sıralandırılıb”.
Onun sözlərinə görə, son illərdə ictimai rəydə kök salmış sıralanmanı dəyişməyə çalışmaq lazım deyil: “Əsas çərşənbələrin qeyd olunmasıdır. Su, od, yel və yaxud, bölgələrimizdə yayılmış tarixi-ənənəvi adlar (Əzəl çərşənbə, Müjdəçi çərşənbə, Muştuluqçu çərşənbə, Toz çərşənbə, Yel çərşənbə, Kül çərşənbə, Külə çərşənbə, Su çərşənbəsi, Sular Novruzu və s.) çərşənbələrə rəngarənglik, gözəllik gətirir.
Yalnız İlaxır çərşənbənin adı olduğu kimidir.
Yelli çərşənbədə ev-eşik his-tozdan təmizlənir, pal-paltarın, xalça-palazın tozu çırpılır, küləyə verilir. Buna görə bu çərşənbə “Toz çərşənbə” də adlanır. Yel çərşənbədə yel sanki havanı, suyu hərəkətə gətirir, oyadır, canlandırır. Qısa müddət ərzində bir neçə dəfə istiqamətini dəyişən külək sanki özünü təzələyir. Çayların, göllərin buzu əriməyə, torpağın donu açılmağa başlayır”.
İnama görə bu çərşənbədə oyanan yel tezliklə havanın dəyişəcəyini, istiləşəcəyini xəbər verir. Bəzi bölgələrimizdə bu küləyə “puçur yeli” də deyirlər, çünki bu küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başlayır:
“Üçüncü çərşənbə bəzi bölgələrimizdə “Qara çərşənbə”, “Gül çərşənbə” də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad olunar, müqəddəs Qurani-Kərimdən surələr oxunar, dualar edilər. Sonra ehsan qohum-əqrabalara, qonşulara paylanar. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı verər. Həmin gün “yasdan çıxarma” sayılır.
Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür.
Yel, küləklə bağlı inanclar bu çərşənbədə daha geniş icra olunar. İnsanlar dərdlərini, azarlarını küləyə danışarlar ki, onu götürüb aparsın. Sanki insanlarla bölüşə bilmədikləri dərdlərini küləklə bölüşüb yüngülləşərlər.
Suvarma suyunu əkinçiliyin əsası hesab edən kəndlilər boz ayın ortalarında taxıl əkinlərini suvararlar. Bu suvarma xalq arasında gülənbər adlanır. Daha sonrakı suvarmalara döndərmə, çiçək suyu deyərlər.
Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyib niyyət edərdilər: “Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər”-deyərlər.
Əkinçilər bu günlərdə taxıl əkinlərini suvarardılar. Bu suvarma “gülənbər” adlanırdı.
Küləyin əsməsi, istiliyi hər yerə yayması iqlim prosesi olsa da xalqımızın mifik dünya görüşündə obrazlaşmış, “Yel baba” kimi şəxsləşmişdir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Şənliklərdə icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
“A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba”.
Yel baba meşələrdə azanların qarşısına çıxır, onlara bir yumaq verir, yumaq açılır və yolunu itirənləri mənzil başına çatdırır....
Yellə bağı atalar sözləri bunlardır:
Yellə gələn sel ilə gedər.
Yel olmasa, sel olmaz.
Yeli əsdirəni söyməzlər.
Yel apardığını qaytarmaz.
Yel eləyəni fələk eləyə bilməz.
Novruz bayramı ərəfəsində həyata keçirilən çərşənbələr insanları gələcəyə, yaşayıb-yaratmağa ümidləndirir, həvəsləndirir, səfərbəredir.
Allahdan arzu edək ki, işğaldan azad olunmuş torpaqlarımızda 10 ilin işini bir ilə başa çatdıraq, dirçələn yurdlarımız millətimizin nəfəsi ilə isinsin. Çərşənbəniz mübarək!”, - deyən ekspert fikrini yekunlaşdırıb.
Mövzu ilə bağlı açıqlama verən AMEA Folklor İnstitunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev bildirib ki, yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq qeyd olunur:
“Bu çərşənbə məlum dörd yaradıcı stixiyadan biri olub, yeni həyatın gəlişinə zəmin hazırlayan yaradıcı amillərdən biridir. Yel çərşənbəsi ilə bağlı belə bir tapmaca da var: "Əl ilə tutmaq olmaz, göz ilə görmək olmaz." Cavabı isə küləkdir. Külək əllə tutulmur, gözə görünmür, ancaq özü böyük, yaradıcı və eyni zamanda dağıdıcı qüvvəyə malikdir. Tufan və qasırğalar kimi küləyin qopartdığı tüğyanlar çox fəsadlar göstərə bilər. Biz dəfələrlə televiziyada bu yelin gücünü göstərən fəsadları izləyərək onun həm yaradıcı, həm də dağıdıcı qüvvəyə malik olduğunu görmüşük”.
Ekspertin sözlərinə görə, qışın soyuğundan və çiləsindən qurtulmaq üçün yelin, küləyin şərəfinə keçirilən çərşənbələrdən biri Yel Çərşənbəsi adlanır:
“Yel Çərşənbəsində “Yel babanın” ruhu oxşanır və ona inanc göstərilir ki, yaradıcı ünsür kimi o, xalqa xoş günlər və güzəran gətirəcəkdir. İlaxır çərşənbədə dörd yaradıcı ünsürdən biri olan yel hava sferasında yaradıcı olaraq iştirak edir və yeni həyat olan Novruzun gəlişinə zəmin hazırlayır.
Yelin məhsuldar gücü biologiya elmlərində də məlumdur. Yarpaqlar və çiçəklər külək vasitəsilə tozlandırılır və bitkilərin toxumları müxtəlif yerlərə səpələnir. Bu da bitkilərin təbii artımına səbəb olur. Bu mənada Yel Çərşənbəsi, su, od və torpaq çərşənbələri ilə yanaşı, dörd yaradıcı ünsür olaraq yeni həyatın gəlişinə zəmin hazırlayan çərşənbələrdən biridir.
Yel Çərşənbəsi zamanı müxtəlif maraqlı ayinlər və adətlər həyata keçirilir. Belə ki, ocaq qalanır və onun ətrafında toplaşılır. Bu adət-ənənələr Novruz bayramının gəlişini qeyd etmək üçün ənənəvi olaraq qeyd olunur”.
Nəzrin Salmanova
17:54 10.03.2025
Oxunuş sayı: 3931