Ukrayna böhranı: “Avropanın təhlükəsizliyi risk altındadır”

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında 28 fevralda Oval kabinetdə baş verən mübahisə Avropa ölkələri üçün ciddi siqnal olub. Vaşinqtonun Ukraynaya hərbi yardımını azalda biləcəyi ehtimalları fonunda Avropa ölkələri təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur olub.
ABŞ-ın dəstəyinin azalması Avropanı yeni müdafiə yolları axtarmağa sövq edib. Fransa Prezidenti Emmanuel Makronun və Böyük Britaniyanın Baş naziri Keyr Starmerin təşəbbüsü ilə keçirilən görüşlərdə Avropanın müdafiə qabiliyyətini gücləndirməsi müzakirə olunub. Aİ liderləri 6 martda Brüsseldə Ukrayna və Avropanın müdafiəsi ilə bağlı xüsusi sammit keçirəcək. Avropa Komissiyasının Prezidenti Ursula
Lyayen Avropanın silahlanmasının vacibliyini vurğulayaraq, “Böyük bir sürətlə vites artırmalıyıq. Avropanın təhlükəsizliyi risk altındadır” deyib.
ABŞ-ın Ukraynaya yardımı azalarsa, Aİ-nin bu dəstəyi tam əvəzləyə bilməyəcəyi bildirilir. Xüsusilə hava hücumundan müdafiə sistemləri kimi vacib texnologiyaların təmin olunmasının çətin olacağı vurğulanır. Analitiklər Ukraynanın ABŞ-sız yalnız bir neçə ay döyüş qabiliyyətini qoruyub saxlaya biləcəyini proqnozlaşdırırlar. Londonda keçirilən görüşlərdə Britaniya və Fransa, digər Avropa ölkələrinin də dəstəyi ilə, Ukraynaya daha çox məsuliyyət götürən, lakin ABŞ-ın da iştirak edəcəyi bir təhlükəsizlik planı hazırlamağı müzakirə ediblər.
Avropa mümkün bir atəşkəs halında Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazır olduğunu bildirir. Lakin belə bir missiyanın həyata keçirilməsi üçün bir sıra suallar hələ açıq qalır: Sülhməramlılar hansı bölgədə yerləşdiriləcək? Onların missiyası nədən ibarət olacaq? Rusiyanı bu plana razı salmaq mümkün olacaqmı? Avropalı liderlər bu plan üçün ABŞ-ın dəstəyinin zəruri olduğunu hesab edirlər. Mümkün missiya üçün hava müdafiəsi, kəşfiyyat məlumatlarının paylaşılması və lojistik dəstək ABŞ-dan tələb edilə bilər.
Trampın birinci prezidentliyi dövründə NATO ilə bağlı verdiyi bəyanatlar Avropada narahatlıq yaratmışdı. O, Avropa və Kanadanın NATO-nun yükünü kifayət qədər bölüşmədiyini iddia edirdi. ABŞ-ın NATO-dan tam çıxması yaxın perspektivdə mümkün görünməsə də, Trampın bu ittifaqa olan öhdəliklərinə nə dərəcədə sadiq qalacağı sual altındadır. Elon Maskın “X” platformasında NATO və BMT-dən ayrılma çağırışına “Razıyam” cavabını verməsi də Vaşinqtondakı yeni mövqelərin siqnalı kimi dəyərləndirilir.
Hazırkı vəziyyətdə Avropa həm Ukraynanı dəstəkləmək, həm də öz təhlükəsizliyini təmin etmək üçün çətin seçimlər qarşısındadır. ABŞ-sız tam müstəqil müdafiə sistemi yaratmaq qısa müddətdə mümkün deyil. Gələcək aylarda Avropanın qəbul edəcəyi qərarlar regionun təhlükəsizlik arxitekturasını formalaşdıracaq və Ukrayna müharibəsinin gedişatına birbaşa təsir edəcək.
Mədinə Cəlilova
08:13 07.03.2025
Oxunuş sayı: 3157