Lavrovun bu sözü ona baha başa gəlib: Rusiya Prezidenti onu bağışlayacaqmı?
Rusiya Federasiyasında təhlükəsizlik mühitinin yeni çağırışları fonunda dövlət idarəçiliyi səviyyəsində keçirilən müşavirələr ölkənin siyasi gündəminin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi son iclas da məhz bu kontekstdə xüsusi diqqət çəkir. Kremlin yaydığı məlumata görə, toplantının əsas mövzusunu informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən hüquq pozuntularına qarşı mübarizə təşkil edib ki, bu da ölkənin kibertəhlükəsizlik strategiyasının gücləndirilməsi zərurətini ön plana çıxarır.
Müşavirədə hökumət və təhlükəsizlik strukturlarının yüksək rütbəli nümayəndələrinin iştirakı məsələnin dövlət üçün strateji əhəmiyyət daşıdığını göstərir. Bununla belə, tədbirdə iştirak etməyən Rusiya xarici işlər naziri Sergey Lavrovun son aylarda prezidentin başçılıq etdiyi görüşlərdən kənarda qalması əlavə siyasi suallar doğurur. Yerli media nümayəndələrinin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio ilə son sərt telefon danışığı Moskva–Vaşinqton xəttində müşahidə olunan nisbi yumşalmanı pozub və bu vəziyyət Lavrovun Kremlin narazılığı ilə üzləşməsi barədə ehtimalları gücləndirib.
Nazirin bir sıra yüksək səviyyəli tədbirlərdən – o cümlədən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Kremlə səfəri çərçivəsində keçirilən danışıqlardan – kənarda qalması diplomatik çevrələrdə əlavə müzakirələrə səbəb olur. Bütün bu proseslər Rusiyanın daxili siyasi dinamikasında və xarici siyasət prioritetlərində baş verən dəyişikliklərin mümkün siqnalları kimi dəyərləndirilir.
Kremldə baş verən hadisələrlə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Lavrovun nüfuzlu diplomatik və siyasi toplantılarda iştirak etməməsi müxtəlif amillərlə bağlı ola bilər. Bu məsələni tək bir səbəblə izah etmək çətindir, çünki fərqli versiyaların nəzərə alınması zəruridir. Əvvəla, Lavrov artıq yaşlı bir siyasi fiqurdur və bu, onun səhhəti ilə bağlı müəyyən məhdudiyyətlər yarada bilər. Çünki o, son dərəcə ağır və məsuliyyətli bir sahədə uzun illərdir fəaliyyət göstərir. Digər tərəfdən, Rusiya hakimiyyəti və Kreml daxilində şəxsi münasibətlərin tamamilə hamar olmadığı barədə tez-tez məlumatlar yayılır. Xüsusilə, Macarıstanda baş tutan Tramp–Putin görüşünə hazırlıq prosesi, eləcə də bu görüşdən sonra Lavrovun ABŞ Dövlət katibi Marko Rubio ilə görüşündən sonrakı dövrdə onun xarici siyasət məsələləri ilə kifayət qədər məşğul ola bilməməsi barədə iddialar gündəmə gəlmişdi. Hətta bəzi mənbələr Lavrovla Putin arasında müəyyən soyuqluğun yarandığını da irəli sürürdülər. Bununla belə, yenə də qeyd etmək lazımdır ki, Lavrovun indi bir qədər arxa plana çəkilmiş kimi görünməsini yalnız bir amillə əlaqələndirmək mümkün deyil. Bu həm onun yaşı və səhhəti, həm də xarici siyasət funksiyalarını əvvəlki səviyyədə yerinə yetirməməsi ilə bağlı irəli sürülən iddialardan qaynaqlana bilər. Bundan başqa, Kremlin daxilində müəyyən fikir ayrılıqlarının mövcudluğu da istisna edilmir. Dünyada Rusiyaya qarşı təzyiqlərin artması, Moskvanın gözlənilən strateji nəticələri əldə edə bilməməsi, Rusiya diplomatiyasının Avropa ilə ABŞ arasında istənilən dərəcədə fikir ayrılığı yarada bilməməsi, eləcə də Ukrayna cəbhəsində vəziyyətin siyasi-diplomatik baxımdan Rusiya üçün əlverişli istiqamətdə dəyişdirilə bilməməsi Kremlin daxilində narazılıq və qarşıdurmaları dərinləşdirə bilər. Bu, həm də müxtəlif hakimiyyət qrupları arasında fikir ayrılıqlarının və rəqabətin güclənməsinə səbəb olur. Bütün bu faktlar fonunda Lavrovun Rusiya hakimiyyətində müəyyən mənada kənara çəkilmiş kimi görünməsi təsadüfi deyil, lakin bunu birmənalı səbəblə bağlamaq da düzgün olmazdı. Bununla belə, aydın görünür ki, Rusiya hakimiyyəti daxilində ciddi fikir ayrılıqları, parçalanmalar və qruplaşmalar mövcuddur. Çünki Ukraynada müharibənin ağır nəticələri davam edir, Moskvanın beynəlxalq təcridi dərinləşir və Rusiya getdikcə daha çox siyasi və iqtisadi təzyiq altında qalır. Eyni zamanda Qərb düşərgəsində, xüsusilə də Ukrayna tərəfdə hələlik ciddi tükənmə müşahidə olunmur".

Politoloq, həmçinin Lavrovun bəzi son bəyanatlarının hakimiyyət daxilində narazılıq yaratdığını qeyd edib: "Onun II Aleksandrın “Rusiyanın yeganə müttəfiqi ordusu və donanmasıdır” fikrinə istinad etməsi mübahisələr doğurub. Çünki bu sitat, dolayısı ilə Rusiyanın hazırda dünyada təcrid olunmuş vəziyyətdə olduğunu etiraf etmək kimi qəbul edilə bilər ki, bu da Kremlin müəyyən dairələrinin narazılığına səbəb ola bilər. Nəticə etibarilə, Lavrovun Rusiya siyasi elitasında mövqeyinin zəifləməsi bir çox müxtəlif səbəblərlə bağlı ola bilər və bu, kompleks bir prosesdir".
Elmir Heydərli
18:04 15.11.2025
Oxunuş sayı: 2005